“Mən şeyda
bülbüləm, məftunam gülə”
Vətənpərvərlik duyğularını, saf məhəbbəti tərənnüm edən şair və yazıçılar həmişə oxucular tərəfindən sevilib, əsərləri dillər əzbərinə çevrilib. Yeni məzmunlu qəzəlləri və uşaq şeirləri ilə könüllər oxşayan şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadə də onlardan biridir.
Əslən Bakının Əmircan kəndindən olan Mirmehdi Həsən oğlu Seyidzadə 11 noyabr 1907-ci ildə Türkmənistanın Aşqabad şəhərində dünyaya göz açıb. Valideynləri məcburən vətəndən ayrı düşmüşdü. O, ibtidai təhsilini İranın Məşhəd şəhərində alır, ərəb və fars dillərini öyrənir. Atası erkən dünyasını dəyişir, ailə maddi çətinlik üzündən 1920-ci ildə Bakıya köçür. Burada rusdilli “Məktəbi-ziya”da təhsilini davam etdirir. 1921-1925-ci illərdə Pedaqoji Texnikumda oxuyur. Cəbrayıl qəzasının Komsomol komitəsində əmək fəaliyyətinə başlayır. Sonra Bakıya gələrək “Azərnəşr”də çalışır. Eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunda təhsil alır. “Uşaqgəncnəşr”də Bədii ədəbiyyat şöbəsinə rəhbərlik edir.
II Dünya müharibəsi zamanı İran ərazisinə (Cənubi Azərbaycan) sovet hərbi kontingenti yeridilərkən M.Seyidzadə də 1941-1942-ci illərdə orada “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləyir. Səhhəti ilə bağlı Bakıya qayıtdıqdan sonra Radio Verilişləri Komitəsində məsul redaktor, “Azərnəşr”də şöbə müdiri olur. Bir müddət sonra “Uşaqgəncnəşr”in baş redaktoru təyin edilir.
Şair bədii yaradıcılığa “Şərq qadını” jurnalında dərc etdirdiyi “Kənd qızı” adlı ilk şeirlə başlayır. Onun “Nərgiz”, “Qızıl quş”, “Büllur qəsr”, “Qartal qüruru”, “Əsmə, külək”, “Nənə və nəvə”, “Su pərisi”, “Göyərçin”, “Ata məhəbbəti”, “İsgəndər və çoban” və s. əsərləri uşaqların marağına səbəb olub. Müəllifin ayrıca kitab şəklində nəşr edilən “Şanlı gün” poeması məktəblilər tərəfindən rəğbətlə qarşılanıb.
Sonralar ədibin “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür?”, “And” kitabları işıq üzü görür. Şairin əsərlərini oxuduqca onun uşaqların mənəvi dünyasına dərindən bələd olduğunu görürsən. Buna görə də M.Seyidzadənin poeziyasındakı ülvi hislər hər bir oxucunun, xüsusilə də uşaqların qəlbində həlim duyğular yaradır. Əsərlərinin hər birində sənətkarın hiss və həyəcanı, sevinc və kədəri gerçək əksini tapıb:
Mən şeyda bülbüləm, məftunam gülə,
Gülşən məskən olar şeyda bülbülə.
Vətən torpağında qalacaq daim,
Vücudum dönsə də, bir ovuc külə.
İkinci Dünya müharibəsi M.Seyidzadənin də yaradıcılığına təsirsiz ötüşməyib. Şair dövrün digər söz sahibləri kimi qələmə sarılaraq müharibə mövzusunda dəyərli əsərlər ərsəyə gətirib. Cəbhədə vuruşan igid həmvətənlərinin qəhrəman obrazını yaradan müəllif düşmənə nifrət, qələbəyə inam hisləri aşılayıb:
Köhnədir, qədimdir gördüyüm cahan,
Çox cahangirləri məhv edib zaman.
Bu gün torpaqları qana döndərən,
Sabah yer altında
olacaq pünhan.
Faşizm üzərində qələbə
şairdə yeni əhval-ruhiyyə yaradır. Bu münasibətlə
“Yaxşı yoldaş”,
“Çiçəklənən düzlər”, “Bağçamız”
və s. əsərləri
qələmə alır.
Ədibin
“Günəş baba”,
“Sirli çeşmə”,
“Sazın sirri”, “Sehrli nar”, “Üç
alma”, “Qartal və qaranquş”, “Sənubər
və sarmaşıq”
mənzum nağılları
da oxucu rəğbəti qazanıb.
Müəllifin əsərlərinin sevilməsinin əsas səbəblərindən biri
də onun folklordan məharətlə
istifadə etməsidir.
“Sevgi” və
“Fitnə” pyesləri uşaq və gəncləri mənəvi
saflığa, dürüstlüyə
səsləyir. Bu mənada şairin təmsilləri də maraq doğurur. “Tikan və qızılgül”,
”Kəpənək və
bal arısı”, “Yarasa
və pərvanə”,
“Dağ və duman” təmsillərində
insana hörmət gətirməyən lovğalıq,
yalan və digər mənfi keyfiyyətlər tənqid
olunur.
Şair ədəbi aləmdə qəzəlxan kimi də şöhrət tapıb. Onun qəzəlləri öz axıcılığı
və sadəliyi ilə diqqət çəkir. Çünki
o, ərəb-fars ibarələrindən
maksimum az
istifadə etməyə
çalışıb. Görkəmli
bəstəkarlar Üzeyir
Hacıbəyli, Cahangir
Cahangirov, Şəfiqə
Axundova, Ağabacı
Rzayeva, Səid Rüstəmov və başqaları onun sözlərinə gözəl
mahnılar yazıblar.
Bədii
yaradıcılıqla yanaşı,
tərcümə sahəsində
də fəaliyyət
göstərən M.Seyidzadə
A.S.Puşkinin ”Qızıl
xoruz”, P.Yerşovun “Qozbel at” mənzum nağıllarını, İ.Krılov,
M.Lermontov və N.Nekrasovun şeirlərini,
eləcə də Sədi Şirazinin “Bustan”ını, Hafiz Şirazinin
qəzəllərini, Ömər
Xəyyamın rübailərini
Azərbaycan dilinə
tərcümə edib.
Mirmehdi Seyidzadə
30 avqust 1976-cı ildə
Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.15.