“Tarın atası”nın 170 yaşı qeyd olundu
Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Mirzə Sadıq Əsəd oğlu Sadıqcanın 170 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Gecənin aparıcısı - Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək görkəmli tarzən haqqında geniş məlumat verdi.
Bildirildi ki, Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Kiçik yaşlarından xalq mahnılarının və muğamlarımızın ifasını mənimsəyir və onları müfəssəl şəkildə ifa etməyə başlayır. Onun ilk müəllimi Şərq musiqisinin mahir bilicisi kimi tanınan Xarrat Qulu olub. Sənətin sirlərini ustadından tam əxz edən Mirzə Sadıq tarı təkmilləşdirən sənətkar kimi tezliklə Qafqazda və İranda şöhrət qazanıb. O həm də şuşalı tarzən Mirzə Əli Əsgərin rəhbərliyi altında tarın bütün incəliklərinə yiyələnir. Şuşadakı məşhur ədəbi və musiqili məclislərin işində fəal iştirak edir. Onun məşhur musiqişünas Mir Möhsün Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” və “Məclisi-xanəndə”, habelə Xurşudbanu Natəvanın məclislərinə daha tez-tez gəldiyi söylənilir.
Qeyd olundu ki, Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq böyük cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. İlk dəfə olaraq tarda simlərin sayını artıraraq 5-dən 11-ə çatdırır, artıq tonları götürüb, tarda cəmisi 17 ton saxlayır. Musiqiçilər bundan sonra yenilənmiş tarı “möcüzə”, Sadıqcanı isə “tarın atası” adlandırmağa başladılar. Sənətkarın gətirdiyi yeniliklər tar ifaçılığı mədəniyyətini daha da yüksək səviyyəyə qaldırdı, onun səslənməsini daha şirin və parlaq etdi. Onun təkmilləşdirdiyi tar Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi rəmzinə çevrilib. Sadıqcanın Azərbaycan musiqisinin inkişaf tarixində rolu əvəzedilməzdir.
Vurğulandı ki, görkəmli tarzənin 1901-ci ildə Şuşada təşkil olunmuş birinci Şərq konsertində ilk dəfə tarda “Mahur” muğamını tək solo ifa etməyi ona və sənətinə olduqca şöhrət gətirib. Sənətkar 1902-ci ildə Şuşada vəfat edib.
Tədbir respublikanın tanınmış ifaçılarının konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Radiosu və Televiziyasının “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiəti ilə xalq və bəstəkar mahnıları, muğamlarımız səsləndirildi. Xalq artisti, tarzən Ramiz Quliyev (“Qarabağ” kompozisiyası), Əməkdar artist Almaz Orucova (“Kəsmə-şikəstə”), Abgül Mirzəliyev (“Bayatı-Şiraz”), Kamalə Nəbiyeva (“Sən də bir başqa mənsən”) və başqalarının çıxışı alqışlarla qarşılandı.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.4.