İspan ədəbiyyatının sonuncu klassiki
Migel Delibesin Azərbaycan
dilində “Seçilmiş əsərləri”nin
təqdimatı oldu
Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında məşhur ispan yazıçısı Migel Delibesin (1920-2010) Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən nəşr olunmuş “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi.
Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açdı. Bildirdi ki, mütəmadi olaraq dünya ədəbiyyatının görkəmli simalarının əsərləri Azərbaycan dilinə tərcümə edilərək oxuculara çatdırılır. Mərkəz hər zaman kəmiyyətə deyil, keyfiyyətə daha çox önəm verir.
Qeyd olundu ki, bu gün tərcümə prosesində ciddi ədəbiyyata yer verilməsi olduqca vacibdir. Migel Delibesin “Seçilmiş əsərləri”nin tərcüməsi də bu ənənədən qaynaqlanır. Mərkəzin fəaliyyətinin vacib istiqamətlərindən biri də ciddi ədəbiyyatı gündəmə gətirməklə insanların diqqətini sağlam ədəbi mühitə yönəltməkdir.
Bu prosesdə xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə sıx əməkdaşlıq etdiklərini deyən Afaq Məsud dünya ədəbiyyatı klassiklərini ana dilimizə tərcümə etməklə yanaşı, Azərbaycan klassiklərinin əsərlərini də dünyaya çatdırmaq üçün lazımi addımların atıldığını bildirdi: “Tərcümə Mərkəzi artıq bu istiqamətdə həyata keçirilən tədbirlər planının davamı olaraq bir neçə səfirliklə danışıqlar aparır. Yaxın zamanlarda Argentina yazarlarının əsərləri azərbaycanlı oxuculara təqdim olunacaq. Kolumbiyada müasir Azərbaycan şairlərinin əsərləri çapa hazırlanır”.
Azərbaycan və İspaniya ədəbi mühitlərinin bir-birinə ruhən yaxın olduğunu söyləyən direktor iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Tərcümə Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirən İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Diez qurumun rəhbərliyinə minnətdarlığını bildirdi və Migel Delibesin yaradıcılığı haqqında məlumat verdi. Qeyd olundu ki, yazıçı dünyanın müxtəlif dillərinə tərcümə olunan 50-dək kitabın müəllifidir. Bir sıra mükafatlara, o cümlədən ispandilli ədəbiyyatın ən nüfuzlu təltifi sayılan “Servantes” mükafatına layiq görülüb, Nobel mükafatına namizəd göstərilib.
Yazıçının romanlarında kasıb ispan kəndləri, az qala həyat nişanəsi olmayan xırda şəhərlər, bir sözlə, öz tənhalığının içində vurnuxan insanlar təsvir edilir. Ədib əsərlərində həyatın yeni-yeni qatlarını əhatə edir, sivilizasiyaların birbaşa tənqidindən fərqli olaraq, onun daşıyıcılarının sosial faciəsini araşdırmağa çalışır.
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva, kitabın tərcüməçisi Saday Budaqlı, Azərbaycan Dillər Universitetinin ispan dili kafedrasının müdiri Aynur Quliyeva, Milli Kitabxananın direktoru Kərim Tahirov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək Tərcümə Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirdilər.
Sonra yeni nəşr tədbir iştirakçılarına təqdim olundu. Kitabda yazıçı haqqında məlumat, müəllifin “Sərsəm”, “Altmış yaşlı həyat aşiqinin məktubları”, “Taxtdan salınmış şahzadə” və “Dəfinə” əsərləri yer alıb.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.8.