İpəkdə yaşayan izlər”

 

 

 

   Noyabrın 23-də İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində Türkiyədə yaşayan azərbaycanlı rəssam Tünzalə Məmmədzadənin tələbələri - gənc rəssamlar Elmar Məmmədzadə, Elnarə Qavami və təkəlduz ustası Türkan Məmmədzadənin əsərlərindən ibarət “İpəkdə yaşayan izlər” sərgisinin açılışı oldu.

   Sərgidə üç müəllifin 30-dan çox əsəri nümayiş olunur. Şəffaf ipək parça üzərində akril boya ilə işlənmiş rəsmlər, eləcə də ipək üzərində təkəlduz örnəkləri diqqəti cəlb edir.

   Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev əsərlərin işlənmə texnikasının bənzərsizliyindən söz açdı, şəffaf ipək üzərində rəsm əsəri yaratmağın Azərbaycanda ilk olduğunu xatırlatdı. Eyni zamanda o, təsviri və tətbiqi sənətin bir arada olduğu bu nadir sahəyə gənclərin marağını yüksək dəyərləndirdi.

   Gənc rəssamların müəllimi, Türkiyədə yaşayan soydaşımız Tünzalə Məmmədzadə bu sənətin rəssamdan incə zövq, səbir və dəqiqlik tələb etdiyini söylədi. O, bu sənətin gələcəkdə ölkəmizdə yayğınlaşacağına inandığını bildirdi.

   Xalq rəssamı Arif Hüseynov sərginin önəmindən danışdı, gənc rəssamlara yaradıcılıq uğurları arzuladı.

   Sərgidə Türkan Məmmədzadənin “Vazo”, “Besmele”, “Həsrət”, “Simurq”, “Kim sındırdı?”, “Butaların nağılı” təkəlduzları, Elnarə Qavaminin “Aylı gecə”, “Gimnast”, “Çobanyastığı”, “Yelpikli madmazel”, Elmar Məmmədzadənin “Güzgüdə mən”, “Həyat”, “Özümüzü kəsən qılınc”, “Nəğməli dünyam”, “Qılınc” və başqa əsərləri nümayiş olunur.

   Sərgidəki əsərlər bir baxımdan özəlliklə diqqəti çəkir: onların hamısı təkfiqurlu sadə kompozisiyalardan ibarətdir.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.8.