Kənd turizmində Latviyanın təcrübəsi
öyrənilir
Azərbaycan
nümayəndə heyəti bu ölkədə
tanışlıq səfərində olub
Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşlığı çərçivəsində cəmiyyətin “Cənubi Qafqazda özəl sektorun inkişafı proqramı” üzrə Göygöl Milli Parkı ətrafında yerləşən kəndlərdə turizmin təşviqi ilə bağlı pilot layihə həyata keçirilir.
Bununla bağlı, kəndlərdə evlərini turistlərə kirayə verən sahibkarlar üçün 19 oktyabr tarixində Latviyanın Kənd Turizm Assosiasiyasının eksperti Yuris Smalinskis tərəfindən “Kənd turizminin inkişafında beynəlxalq təcrübə” mövzusunda ilk təlim keçilib.
Bu tədbirin davamı olaraq təlim iştirakçılarının 13-19 noyabr tarixində Latviyaya səfəri təşkil olunub. Səfərin əsas məqsədi bu ölkədə qonaq evlərinin sahiblərinin iş təcrübəsini öyrənmək və turizm xidmətlərinin çeşidi barədə məlumat toplamaq idi. Səfər heyətinə nazirliyin Turizm şöbəsinin, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin, “Baku Travel Tourism” şirkətinin nümayəndələri daxil idi.
Səfər iştirakçıları Latviya Kənd Turizm Assosiasiyasının prezidenti xanım Asnate Ziemele ilə görüşüb, assosiasiyanın çoxşaxəli fəaliyyəti barədə dolğun məlumat əldə edib. Heyət Latviyanın əsas tarixi və mədəni regionlarından biri sayılan Vidzeme əyalətində yerləşən Gauja Milli Parkının ərazisindəki qonaq evlərinə və digər turizm müəssisələrinə baş çəkib.
Səfərin nəticəsi iştirakçılar arasında müzakirə edilib və kənd qonaq evləri sahiblərinin bacarıqlarının artırılması məqsədilə GIZ tərəfindən növbəti təlimlər barədə razılaşma əldə edilib.
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.9.