“Torpağın arzusunun hikməti

 

  Bir əsərin tarixçəsi

  

 

   Bu əsər Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909-1974) 34 illik yaradıcılığının ən yaddaqalan nümunələrindən sayılır. Bu da səbəbsiz deyil. Bunun bir səbəbi rəssamın yaradıcılığında 50-ci illərdə müşahidə olunan dünyaya gerçəkçi-lirik baxışların 1960-cı illərdə yeni və özünəməxsus bədii ifadə üslubu ilə əvəzlənməsi idi.

  

   Belə ki, artıq 1961-ci ildə təkcə mavi-göy rəngin müxtəlif çalarları ilə yaratdığı “Xəzər gözəli” tablosunda şaşırdıcı sənətkarlıq möcüzəsi sərgiləyən rəssam “Torpağın arzusunda təbiət motivini fərqli - düşündürücü qaynağa çevirməyin mümkünlüyünü əyaniləşdirməklə, Azərbaycan təsviri sənətində “fəlsəfi mənzərə”nin əsasını qoyduğunu təsdiqləmiş oldu. Buna onun təkcə Bakı və Moskvadakı təhsil illərində qazandığı bədii-texniki vərdişlərlə, uzun illər ərzində topladığı təcrübə ilə yetişdiyini söyləmək məsələyə birtərəfli yanaşmaq olardı...

   Bizcə o, dünyaya gələrkən kəşf edəcəyi ideal gözəllik tapmaq yükünü də çiynində-ruhunda gətirmişdi. Sonda arzuladığı ideal təbiət eşqinə yetə bilməsə də, bu, onun həyatı, təbiəti hərtərəfli dərk etməsindən keçdi. Həyatı dərindən anlamaq insana həm də kədər gətirsə də, onsuz da çox erkən yaşlarından dərd yükü daşımalı olan Səttar elə bu kədərin özü ilə dünyanı - təbiəti dərk elədi. Təbiət-gözəllik idealına yüksələn rəssam sonda onun çoxlarının qəbul etdiyi, əksəriyyəti isə heyrətləndirəcək və duyğulandıracaq obrazını yaratdı. Bu da, öz növbəsində onun dünyasının ifadəçisi olan əxlaqın kamilliyinin əldə olunan sənət vərdişləri ilə çulğalaşmasından keçirdi. Çünki təbiət öz bakirə gözəlliyinin sirlərini yalnız belə bir şəxsiyyətə aça bilərdi.

   Əslində, ilk olaraq təbiətin sirliliyi haqqında həqiqətin dərki rəssamın özünüifadəsinə yol açdı. Rəssam çox tez qazana bildiyi müdrikliyinin və yaradıcı ruhani gücünün, idrak və qəlb pilləsinin fəthi sayəsində zəkası ilə ana təbiəti “rənglərin dili” ilə kəşf edə bildi. Odur ki, Səttarın mənzərələri insanın dünyayla ruhani görüşüdür. Bugörüşün” mayası da fərdi və fərqli bədii-estetik dəyərlərdən yoğurulub. Onların birincisi yəqin ki, rənglərdir. Bu mənada Səttarın rəngləri Füzuli ruhunda, fəlsəfə dilində danışır, desək, yanılmarıq. Onun təqdimatında rənglər dünyası hədsiz dərəcədə hissi mənbə olmaqla yanaşı, həm də duyulası dərəcədə idrakı sənətdir. Onlarda həqiqətin, həqiqi həyatın, insanın və təbiətin dərkini görmək mümkündür.

   Bununla belə, qeyd etmək lazımdır ki, rəssamın müxtəlif janrlarda yaratdığı əsərlərdə qərarlaşan çoxmənalı fəlsəfi yük heç də hansısa estetik terminə illüstrasiya deyildir. Gerçəkliyə bu cür yanaşmanı öz sənət kredosuna yad hesab edən Səttar Bəhlulzadə gördüklərinə ona qədər mövcud olmayan münasibət sərgiləməklə məlum estetik kateqoriyaları sadəcə bədiiləşdirmir, görünməyən çalarlarını tamaşaçısına göstərməyə üstünlük verirdi. Odur ki, əsərlərində nə qədər konkretliyə çalışsa da, çox vaxt bunu tablolara dəqiq adlar verməklə nümayiş etdirməyə səy göstərsə də, görünənlərin kifayət qədər ümumiləşdirildiyi, obraz səviyyəsinə qaldırdığı birmənalıdır. Səttarın yeni bədii fəlsəfi kateqoriyalarının özünün rənglərlə yaratdığı “yeni realizm”dən qaynaqlandığı danılmazdır. Məhz gerçəkliyə bu cür münasibətdən yaranan tabloların bir qədər ilğım, hətta bir qədər utopik bədii təqdimatında gözümüzdə adiləşən təbiət motivinə və sadə əşyaya, eləcə də əzəmətli abidəyə və psixoloji yaşantılar məcmusu olan tarixi və bədii obrazlara xas olan tutumlu məziyyətlər hifz olunmaqdadır. “Torpağın arzusuda belə əsərlərdəndir...

   “Torpağın arzusu” adı ilə (rəssamın özü kətan üzərindəki yazıda əsəri “Torpağın həsrəti” adlandırıb, onun niyə dəyişdirildiyi məlum deyil) bu gün də Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən bu əsər 1963-cü ildə çəkilib. Çoxları yəqin ki, burada Bakı ilə Sumqayıt arasında yerləşən Ceyranbatan gölünün təsvir olunmasından xəbərsizdir. O vaxtlar bu göl paytaxtı içməli su ilə təmin edən iki mənbədən biri idionun 60-cı illərin əvvəllərində qurumağa başlaması və bu səbəbdən də suyunun azalması barədə yayılan xəbərlər hamı üçün, o cümlədən rəssam üçün çox təəssüfləndirici idi. Bu ətrafda söz-söhbətin səngimədiyi günlərdə Səttarda bu acı mənzərəni öz gözlərilə görmək istəyi yaranır.

   Adətən yaxın-uzaq yerlərə tək getməyi xoşlamayan rəssam bu dəfə özü tək Ceyranbatana yollanır. Sumqayıta gedən avtobusa minirgölün yanında maşından düşür. Vaxtaşırı Azərbaycan təbiətinin insanı ehtizaza gətirən guşələri ilə göz-gözə, üz-üzə qalmağa adət etmiş rəssam elə yerə ayaq basıb gölə üz tutduğu andan buradakı cansıxıcı görüntüyə hələ bir az da acıyır. Bu gün göl ətrafında nisbətən sıx meşə zolağına tuş gələn müasirlərimiz üçün, bəlkə də, o vaxt mövcud olmuş cansıxıcı gölətrafı mənzərəni göz önündə canlandırmaq bir qədər çətindir. Ancaq, doğrudan da, o vaxtlar bu yerlər indikindən çox fərqli olmuşdur. Rəssam gölə qədərki bozumtul boşluğu arxada qoyub gölə yaxınlaşır. O, gölün suyu çəkilmiş sahili boyunca dolaşan zaman cadar-cadar olmuş torpağın altından var-gücü ilə işıqlı dünyaya baxmağa can atan tək bir lalə qönçəsinə rast gəlir. Rəssam təbiətin bu zərif varlığının böyük arzusunu dərindən duyur. Hiss edir ki, buraların laləzara dönməsi bütün torpağın arzusudur. Əyilib lalənin baş qaldırmasına mane olan kəsəyi ehmalca qoparır və xeyli vaxt sinəsi xallı qönçəyə, bir də ətrafa - bozumtul çöllərə baxır. Başqa sözlə desək, qönçənin və torpağın arzusunu duyur. Emalatxanaya qayıtdıqdan sonra həsrət çəkən “Torpağın arzusunu yaradır...

   Tabloda Ceyranbatanın ətrafı buralar üçün bir qədər səciyyəvi olmayan al qumaşa bürünmüşdür. İstər öndəki döşü xallı saysız-hesabsız lalələr və bu gözəlliyə göz qoyan quşlar, istərsə gölarxası hündürlüyü ərşə çatan su fəvvarələri və sıralanan mavi dağlar olduqca romantik və təsiredicidir. Yüzlərlə rəssamın Abşeronun bir qədər onlara cansıxıcı görünə biləcək bu guşəsində görə bilmədikləri gözəllik qaynaqlarını Səttar Bəhlulzadə bircə gəlişi ilə tapmışdır, desək, yanılmarıq. Rəssamın geniş bədii ümumiləşdirmələrlə təqdim etdiyi fəlsəfi ideyanın gerçəkliyinə inamı ilk növbədə kompozisiyanın açımına xidmət edən detalların seçimi şərtləndirmişdir. Əslində, nə o vaxt, nə də sonralar bu gölün ətrafı bu cür laləliyə dönməmişdir. Heç gölün arxasında bir vaxtlar mövcud olan üzümlükləri suvaran su mənbəyinin havayı “boylanması” da, rəssam təsvir etdiyi həddə deyildir. Amma rəssamın romantik təxəyyülünün nəticəsi olan “Torpağın arzusu” epik-fəlsəfi lövhəsi bizi inandırır ki, su olan yerdə gözəllik olmalıdır. Odur ki, əsərdəki real və şişirtmə detallar, onların duyulası azlığından “inci” düzənləmək və məkanın obrazlaşmasına xidmət edən bədii yozumlar tamaşaçı tərəfindən təbii qəbul olunur. Məhz gerçəkliyə Səttar vurğunluğuonun adi təbiət motivini fəlsəfi qayə ilə bələyə bilmək istedadı təsvir olunanların reallığına bizi inandırır. Rəssamın bir çox əsərlərindəki kimi “Torpağın arzusunda da təbiət olduğundan əlvan və təravətli, bəlkə bir az da fantastikdir. Səttar həmişə deyərdi ki, Azərbaycan torpağının hər hansı guşəsini tanımaq üçün yox, tanıtmaq üçün çəkir. Ceyranbatan gölünə münasibət də elə bu cür olub...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.13.