Avrasiya düşüncə
qurumları Ankarada bir
araya gəlib
Noyabrın 22-dən 24-dək Ankarada Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) və Qazaxıstan-Türkiyə Əhməd Yasəvi Universitetinin işbirliyi ilə “Avrasiya düşüncə quruluşlarının görüşü” adlı elmi simpozium keçirildi.
Tədbirdə YTB sədri Kudret Bülbül, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, millət vəkilləri, 13 ölkədən elm adamları iştirak edirdi.
Açılış nitqi ilə çıxış edən Kudret Bülbül Qərb dünyasında artan islamofobiyaya diqqət çəkdi: “Təəssüf ki, dünyadakı proseslər yaxşı getmir. Ayrı-ayrı qitələrə baxdıqda getdikcə içlərinə qapanan dünya ilə qarşılaşırıq. Bunun səbəblərindən biri də tərəflərin bir-birilərini yaxşı tanımaması, aralarında kifayət qədər ünsiyyətin olmamasıdır”.
YTB olaraq işbirliyini artırmağa yönəlik bir sıra fəaliyyətlər həyata keçirdiklərini vurğulayan K.Bülbül dedi: “Məqsədimiz idarəçi elitaların bir-birilərini daha yaxından tanımaları və intellektual sərmayə paylaşımını təmin etməkdir. Bu simpoziumdan isə üç əsas gözləntimiz var: daha çox tanımaq, təcrübə mübadiləsi və ortaq gələcəyə töhfələr təqdim etmək”.
Əhməd Yasəvi Universiteti Himayədarlar şurasının sədri Musa Yıldız bildirdi ki, elm və tədris ocağı bir xoşgörü timsalı olan Xoca Əhməd Yasəvinin fəlsəfəsi ilə bir çox fəaliyyətlərə imza atmaqdadır: “Bu il UNESCO tərəfindən “Əhməd Yasəvi ili” elan edilib. Daha öncə YTB ilə “Avrasiya yaz məktəbi” layihəsini gerçəkləşdirdik. Bundan sonra da belə fəaliyyətlərimiz fərqli qurumlarla birlikdə davam edəcək”.
Digər çıxışlardan sonra Əhməd Yasəvi Universitetinin incəsənət ansamblının ifasında türk dünyasından seçmə musiqilər ifa edildi.
Sonra isə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən gələn elm adamlarının iştirakı ilə fərqli mövzularda sessiyalar keçirildi. Üç gün davam edən tədbirdə 13 ölkədən 40-dan çox nümayəndənin iştirakı ilə regional və beynəlxalq problemlərlə bağlı müzakirələr aparıldı.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.15.