“Vaqif”in qayıdışı,
yoxsa bir yubiley tamaşası?
Ötən həftə Azərbaycanın
musiqi ictimaiyyəti görkəmli bəstəkar
Ramiz Mustafayevin 90 illiyini qeyd etdi.
Yubiley müxtəlif janrlarda əsərlər yazmış
bəstəkarın şah
əsəri sayılan
«Vaqif» operasının
da yenidən Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsinə
çıxmasına vəsilə
oldu. Yeni musiqi redaktəsində
təqdim edilən «Vaqif»in premyerası anşlaqla keçdi.
Görünür, milli operasevərlər
çox gözəl musiqisi olan bu
opera üçün qəribsəyirlər.
Etiraf edək ki, Azərbaycan bəstəkarlarının Avropa
opera ənənələrini gözləməklə bəstələdikləri
operaların sanbalı
ürəkaçan olsa
da, say baxımından
bolluq deyil. O üzdən «Vaqif» kimi bir operanın
repertuarda möhkəmlənməsi
arzuolunandır.
Yəqin ki, oxucular qəzetimizin ötən sayında «Vaqif»in son məşqlərindən hazırlanmış
reportajı nəzərdən
qaçırmayıblar. Odur ki, musiqi rəhbəri
ilə quruluşçu
rejissorun əsərdə
hansı redaktələri
etdiyinin üzərində
dayanmadan tamaşa ilə bağlı təəssüratımızı bölüşəcəyik.
Nəzərə
alsaq ki, Əməkdar artist, elə
«Vaqif»in ilk quruluşunda
Qacar partiyasını
ifa etmiş Firudin Mehdiyev bu operanın librettosunu Səməd Vurğunun eyniadlı dramı əsasında tərtib edib, o zaman əsərin məzmunu və partiyaların mətninin hər kəsə nə qədər tanış olduğunu vurğulamaq yersizdir. Hətta əsərdə cərəyan
edən tarixi hadisələrin Vurğunun
dramında əks olunduğundan xeyli fərqli olduğunu son illərdə tarixi faktlar işığında
yəqin etsək də, artıq «Vaqif» konkret tarixi əsər aspektindən çıxaraq
sənət nümunəsi
müstəvisindədir. Üstəlik, teatral yaddaşlarda
klişelənmiş Vaqif,
Qacar, Xuraman, Eldar obrazlarının həm dram, həm də opera səhnəsində
elə ifaçıları
olub ki, bu adıçəkilən
obrazların ifaçılarının
məsuliyyətini qat-qat
artırır.
Əməkdar artist, lirik tenor Ramil
Qasımovun səsi və ifası musiqisevərlərə yaxşı
tanışdır. Vokalçının etiraf etdiyinə görə, səhnəyə
Vaqif rolunda çıxmaq onun uşaqlıq arzusu olub və sənətdə
uzun illər bu arzunun gerçəkləşməsinə
doğru gəlib.
Ramil Qasımov teatrın tamaşalarında davamlı
çıxış etməsə
də (bundan əvvəl «Koroğlu» operasında iki dəfə titul partiyasını ifa edib), səhnə və səhnədaşları
ilə münasibətindəki
psixoloji rahatlıq, obrazı təkcə səsi ilə deyil, həm də aktyorluq məharəti ilə çatdırmaq bacarığı
salondan da hiss olunurdu. «Mən
cahan mülkündə
mütləq doğru
halət görmədim»
müxəmməs-ariyasında, IV şəkildə zindanda Xuraman ilə görüş səhnəsində
lirik tenor öz səs imkanlarını layiqincə nümayiş etdirə bildi.
Maraqlıdır ki, «Vaqif» operasında Qacar partiyası bariton səs üçün yazılıb. Bizim qulaq
yaddaşımızda da
gözəl baritonlar Firudin Mehdiyev ilə Elxan Əhədzadənin ifası
qalmaqdadır. Lakin budəfəki
quruluşda Qacar partiyası teatrın aparıcı tenoru, Əməkdar artist Fərid
Əliyeva həvalə
olunmuşdu. Beləliklə, tamaşanın bir musiqili səhnə əsəri olaraq dramatizmi «iki tenorun səsləşməsi»
kimi də artmışdı. Fərid Əliyevin
Qacarı həm səs, həm də aktyorluq imkanları baxımından
seyrçilərdə xoş
təəssürat oyatdı.
Bugünkü Azərbaycan səhnəsinin
ən gözəl simalarından olan Əməkdar artist İlahə
Əfəndiyevanın Xuramanı
soprano səsli vokalçının
sənət bioqrafiyasında
mütləq öz yerini tutacaq. İlahə xanım səhnədə
ön, ya arxa planda görünməsindən
asılı olmayaraq, obrazdan çıxmır,
mimikadan, jestlərdən
səxavətlə istifadə
edir. O, Əli bəyin toy məclisində
ən arxada dayandıqda da, İbrahim xanın məclisi narazı tərk etməsindən təşvişə düşəndə
də, Şeyx Alı ilə Qarı nənə onu yoldan çıxaranda
da, nəhayət, bağışlanmaq üçün
zindana, Vaqifin yanına gələndə
də Xuramanın
hiss-həyəcanlarını, çəkdiyi iztirabları,
peşmanlığını səsinin gücü və məlahəti ilə çatdırmaqda çətinlik çəkmədi.
Xalq qəhrəmanı Eldar sanki Əməkdar
artist Cahangir Qurbanovun
boy-buxununa biçilib.
Güclü bariton səsli
vokalçının əməksevərliyi
və çalışqanlığı
sayəsində tamaşadan
tamaşaya nə qədər irəlilədiyi
göz qabağındadır.
Teatrın daha bir gənc solisti Tural Ağasıyev də Əli bəy partiyasında inandırıcı idi.
Sadəcə, operada dram əsərindəki
qədər qabarıq
verilməyən Əli
bəy - Gülnar (Səbinə Əhmədova)
xətti mizan, rolun ikinci planı
baxımından bir qədər zəif idi. Bəlkə də bu, Səbinə Əhmədovanın
özünü səhnədə
inamsız hiss etməsindən
irəli gəlir.
Böyük səhnə
təcrübəsi olan,
güclü səsə
malik Əməkdar
artist Əkrəm Poladov
isə əksinə, kiçik Vidadi partiyasındakı inamlı
çıxışı ilə
istər Əli bəyin toyunda, istər Qacarın hüzurunda, istərsə
də final səhnəsində
nisbətən cavan səhnədaşlarına arxa
idi.
Təxminən
bir il
əvvəl teatra solist kimi qəbul
edilmiş Taleh Yəhyayev cəmi bir şəkildə görünən İbrahim
xan rolunda öz ifası və güclü bariton səsi ilə yadda qala bildi.
Buradaca bir haşiyə
çıxaq ki, bizim opera teatrı yaranışından bariton,
bas səsləri ilə
müqayisədə tenor səs
sarıdan korluq çəkməyib. Hər hansı
coğrafi regionda bu və ya
digər səs tembrinin bolluğu xeyli dərəcədə
iqlimlə əlaqədardır.
Əgər belə olmasaydı, iqlim baxımından Azərbaycana
çox oxşayan İtaliyada da tenor səsi bol olmazdı
və demək olar ki, bütün
klassik italyan operalarında da əsas kişi
partiyaları tenor səslər
üçün yazılmazdı.
Lakin son illər xoşbəxtlikdən bizim
teatrda maraqlı bariton səslər eşidilir: Cahangir Qurbanov və Taleh Yəhyayev... Ümid edirik ki, bu
cavanlar bir neçə ilə çox məşhur bariton vokalçı kimi tanına bilərlər.
Bariton səsdən danışmışkən,
«milli» bas səsi barədə də fikrimizi bölüşmək
istərdik. Hələ
vokalçıların Bülbül
adına I müsabiqəsində Qran-pri
müakafatı ilə
yadda qalan Xalq artisti Əli
Əsgərovun da güclü bas səsi var ki, onun
ilk uğurundan bəri
bu səs daha da cilalanıb.
Hazırda yaşının yetkin, səsinin də çox yaxşı formasında olan vokalçı üçün titul partiyası bas səs üçün yazılmış
hər hansı operanı repertuara salmağa dəyər.
Bu tamaşada bir neçə reçitativi olan Vəzir partiyası da salonun ən
arxa cərgələrində
əyləşənlərə Əli Əsgərovun bas səsini dinləmək zövqü yaşatdı.
«Vaqif»
operasına qayıdaq.
Xalq - yəni, opera dili ilə desək, xor bu tamaşada
əsas iştirakçılardan
biridir. İzlədiyimiz
opera tamaşalarında xorun
unison ifası, xor artistlərinin tamaşada həm də kütləvi səhnə
iştirakçısı kimi
çıxışı bir
yandan teatrın baş xormeysteri, Əməkdar incəsənət
xadimi Sevil Hacıyevanın uğurudursa,
digər tərəfdən
quruluş verdiyi tamaşanı tam görməyi
və göstərməyi
bacaran quruluşçu
rejissor, Əməkdar
incəsənət xadimi
Hafiz Quliyevin uğurudur.
Ən yaxşı yenilik
- elə köhnənin
özüdür kimi deyim «Vaqif» tamaşasındakı
rəqslərin quruluşunda
nəzərə alınıb.
Bir zaman Əməkdar incəsənət
xadimi Yulana Əlikişizadənin quruluş
verdiyi «Yallı», «Döyüşçülərin rəqsi», «Saray rəqqasələrinin rəqsi»
Əməkdar artist Yuri Lobaçov
tərəfindən bərpa
olunub.
Opera və Balet Teatrının kulisində qalan, lakin tamaşanın uğurlu keçməsində
əməyi olan işçilər teatrın
baş dirijoru, Xalq artisti Cavanşir
Cəfərov pult arxasına keçəndə
rahat olurlar ki, orkestrlə bağlı heç bir problem olmayacaq. Şəksiz
ki, əsərin əsas musiqi leytmotivinin gözlənildiyi,
çox incəliklə
redaktə edilmiş «Vaqif» operasının səslənişi ilk növbədə
Cavanşir Cəfərovun
nailiyyətidir.
Ümid etmək istərdik
ki, «Vaqif» operası teatrın repertuarında möhkəmlənəcək.
Amma o da var ki, Ramiz
Mustafayevin 90 illiyi münasibətilə hazırlanmış
bu tamaşa daimi repertuara daxil ediləcəksə,
o zaman tamaşaya bir qədər də əl gəzdirmək, solistlər
üçün tamaşanın
dövrünə, saray
mühitinə uyğun
geyimlər də tikilməlidir. Məsələn,
İbrahim xanın «Koroğlu»dakı Həsən
xanın, Qacarın Vəzirinin də elə «Koroğlu»dakı İbrahim xanın qifayəsində olması
nəzərimizdən qaçmadı...
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2016.- 30 noyabr.- S.7.