Türkiyəli kino sənətçiləri
Sumqayıtda
“Türk filmləri həftəsi” çərçivəsində ölkəmizə gələn türkiyəli aktrisa, tamaşaçıların “Təhminə və Zaur” filmindən tanıdığı Meral Konrat, rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri Sumqayıtda olublar.
Şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən bildirilib ki, qonaqlar Sumqayıtın mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Heydər Əliyev Mərkəzi və Poeziya evində olan qonaqlar görülən işləri yüksək qiymətləndiriblər. Türkiyəli sənətçilər sonra Sumqayıt Dövlət Dram Teatrına gəlib, burada yaradılmış şəraitlə yaxından tanış olub, tamaşaçılar qarşısında çıxış ediblər.
Təəssüratlarını bölüşən M.Konrat deyib: “Bakıda olsam da, Sumqayıta ilk dəfədir gəlirəm. Şəhəri çox sevdim. Sumqayıt teatrında xüsusilə teatr salonu çox xoşuma gəldi. Belə bir teatr səhnəsində məmnuniyyətlə çıxış etmək istərdik. Biz teatrda olanda uşaqlar üçün tamaşa göstərilirdi. Balacaların marağını hiss etdim. Teatrınıza heyranlıqla baxdım. Bir sözlə, möhtəşəmdir”.
Daha
sonra qonaqlar yeni salınan şəhər bulvarını
gəziblər.
Mədəniyyət.-
2016.- 30 noyabr.- S.10.