Görkəmli mətbuat xadimi Tofiq Rüstəmovun 80 illik yubileyi qeyd edilib

 

 

 

   Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə noyabrın 25-də mətbuatımızın görkəmli simalarından biri Tofiq Rüstəmovun 80 illiyinə həsr olunmuş mərasim keçirilib.

   Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan yubiley mərasimini Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq Tofiq Rüstəmovun keçdiyi həyat yolundan danışıb.

   Qeyd edib ki, Tofiq Tağı oğlu Rüstəmov 1936-cı ildə Quba şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. 1958-1960-cı illərdə keçmiş ittifaq miqyasında nüfuzlu nəşrlərdən sayılan "Uçitelskaya qazeta"nın (“Müəllim qəzeti”) Azərbaycan üzrə xüsusi müxbiri işləyib. Sonra Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində baş redaktor vəzifəsində çalışıb, eyni zamanda universitetin qiyabi aspiranturasında təhsilini davam etdirib. Onun Azərbaycan Radiosunda səslənən tərcümələri və orijinal verilişləri dinləyicilərin rəğbətini qazanıb.

   1967-ci ildən T.Rüstəmov Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, mətbuatın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi işləyib. 1979-cu ildə jurnalistika fakültəsinin dekanı seçilib. 1987-ci ildən tərcümə, televiziyaradio jurnalistikası kafedrasının professoru olub. 1990-cı ildə Ali Sovetin deputatı seçilib. Həmin il Azərbaycan KP MK-nın orqanı olan "Kommunist" qəzetinin redaktoru təyin edilib. Daha sonra nəşr "Xalq qəzeti" adlandırılıb, T.Rüstəmov 1995-ci ilədək qəzetin baş redaktoru işləyib. 1998-ci ildə vəfat edib.

   Tədbirdə Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, Bakı Dövlət Universitetin jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli, tanınmış qələm sahibləri Aqşin Babayev, Flora Xəlilzadə, Firuz Mustafa, Tahir Aydınoğlu, Akif Rüstəmov, Şəmsiyyə Kərimova, Gülcahan Mirməmməd, Anar Vəziroğlu, Əntiqə Qonaqova və başqaları çıxış edərək Tofiq Rüstəmovla bağlı xatirələrini söyləyiblər.

   Sonda Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Sevinc Tofiqqızı çıxış edərək ailə üzvləri adından Azərbaycan Mətbuat Şurasına, yubiley mərasiminə toplaşanlara minnətdarlığını bildirib.

 

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.14.