“Təəssüf ki,
indiyədək bir-birimizi yaxşı
tanımamışıq”
Xəbər verdiyimiz kimi, «Üç məkan» Şəki II Beynəlxalq Teatr Festivalı günlərində TÜRKSOY-un Teatr direktorları şurasının növbəti toplantısı da keçirilmişdi. Toplantıda T.Abdumomunov adına Qırğızıstan Dövlət Milli Akademik Dram Teatrının direktoru, Qırğızıstanın Əməkdar artisti Temirlan Smanbekov da iştirak edirdi. Festival proqramından asudə vaxt tapıb onunla söhbət etdik.
Bəri başdan deyək ki, Temirlan Smanbekov öz ölkəsində populyar insandır. Gənc yaşlarından teatrda işləyib, yüzdən çox tamaşada müxtəlif rollar ifa edib, onlarla bədii filmdə irili-xırdalı rollar oynayıb. Təbii ki, söhbətimizə Azərbaycan, Bakı, Şəki barədə təəssüratlarını bölüşməklə başladı:
- İlk dəfədir ki, Azərbaycandayam. Azərbaycan xalqının, insanların istiqanlılığı ilk andan özünü göstərir. Hər kəsə xoş nəzərlərlə baxırlar, nəsə soruşanda dayanıb diqqətlə dinləyir, az qala axtardığın yerə qədər ötürürlər. Bakı çox gözəl şəhərdir. Qədim hissəsi də, bulvarı da, yeni tikililəri də göz oxşayır. Şəkiyə gələndə yolboyu gördüyüm məhsulu yığılmış əkin sahələri, təzə tikililər, hətta bomboş ərazilərdə, yol qırağında əkilmiş körpə ağaclar göstərir ki, Azərbaycan inkişaf edir, abadlığa önəm verilir. Şəki isə başqa aləmdir. Təbiəti, dadlı mətbəxi, xüsusilə də şirniyyatı gözəldir, həm də öz siması olan qədim şəhərdir. Həyat yoldaşım üçün bir neçə kəlağayı (kəlağayı sözünü ehtiyatla, düzgün tələffüz etməyə çalışır - G.M.) aldım. Əminəm ki, bəyənəcək. Mirzə Fətəli Axundzadənin ev-muzeyində, Xan sarayında oldum, Kiş məbədini ziyarət etdik. Bu diyara ilk gəlişimin teatr festivalına təsadüf etdiyinə şadam.
- Azərbaycan teatrı, dramaturgiyası barədə nə bilirsiniz?
- Təəssüf ki, çox az məlumatlıyam. Şəki teatrının binasını gəzdik, qrim və məşq otaqlarınadək hər yerə baxdım və bəyəndim, yaradıcı heyətlə də tanış oldum. Paytaxtdan xeyli uzaqda belə müasir teatr binasının olması onu göstərir ki, dövlət mədəniyyətə böyük qayğı göstərir. Müasir Azərbaycan teatrı barədə bildiklərim də azdır. Bilirsiniz, bir-birimizdən ayrı düşdük deyə, hamı sovetlərin dağılmasını qınayır. Əslində heç sovet vaxtı da Qırğızıstan-Azərbaycan mədəni əlaqələri çox geniş olmayıb. Məsələn, siz Qırğızıstan mədəniyyəti barədə çox şey bilirsiniz?
- Yazıçı Çingiz
Aytmatov, kino rejissoru Tolomuş Okeyev... Uşaq vaxtı «Edelveys» adlı bir televiziya filminə baxmışdım...
- Onları bütün dünya tanıyırdı,
bəs qalanları... Baxın, elə biz də sizin kimiyik. Tələbə vaxtı Oş
şəhərindəki teatrda
bir Azərbaycan müəllifinin müasir
həyatdan bəhs edən pyesinə baxmışam, həmin tamaşadan da təkcə Sumqayıtın
adı yadımda qalıb. Amma Azərbaycan teatrı
144-cü mövsümünü açır. Deməli, güclü
ənənələri var. Festivalın ilk günü
Akademik Milli Dram Teatrının quruluşunda
«Ölülər» tamaşasına
baxdım. Hələ
yüz il
əvvəl yazılmış
pyes necə aktual məsələlərə
toxunub. Tamaşada rejissor işini
xüsusi bəyəndim.
Kütləvi səhnələr çox böyük diqqət və dəqiqliklə qurulmuşdu.
Hər kəs oynayırdı.
Qara Qarayevin musiqisi tamaşanın məna yükünü xeyli artırmışdı.
- Xoş sözlərinizə
görə çox sağ olun.
Azərbaycan və Qırğızıstan
teatrlarının yaradıcılıq
münasibətlərinin gələcəyini
necə görürsünüz?
- Biz birləşməliyik, onsuz
da kökümüz birdir, hamımız türkük. Birləşməyimiz
ilk növbədə yaradıcılıq
münasibətləri ilə
ola bilər.
Mən inanıram ki, TÜRKSOY təşkilatının fəaliyyəti
sayəsində bir-birimizi
daha yaxından tanıyacağıq. Baxın, bu
günədək Azərbaycandakı
teatr prosesindən xəbərsiz idim. İndisə
məlumatlıyam. Bundan sonra
çalışacağıq ki, Bakıdakı teatr konfranslarında Qırğızıstandan da
çıxış edənlər
olsun, teatrlarımız
da buradakı festivallarda iştirak etsin. Azərbaycan dramaturqlarının əsərlərini də
bizim səhnəmizə
gətirmək lazımdır.
Bakıda İlham Rəhimli söz verdi ki,
Azərbaycan dramaturqlarının
pyeslərini mənə
yollayacaq. Mütləq həmin əsərlərdən
seçib tamaşaya qoyacağıq.
- Siz həm aktyorsunuz,
həm də direktor. Bunlardan hansı o birisini
üstələyir?
- Mən ilk növbədə
aktyoram. Moskvada A.V.Lunaçarski adına
Teatr Sənəti İnstitutunu bitirmişəm.
Vaxt tapanda səhnəyə də çıxıram,
son illər çox olmasa da, filmlərə
də çəkilirəm.
- Heç öz teatrınızdan danışmadınız...
- Sizin teatrla müqayisədə qırğız peşəkar teatrı çox cavandır. 1926-cı ildə yaradılıb. Bugünkü T.Abdumomunov adına Qırğızıstan Dövlət Milli Akademik Dram Teatrı musiqili-dram teatrı studiyası kimi yaradıldığından bizim gənc tamaşaçılar, opera teatrları, filarmoniya onun əsasında təşkil edilib. İlk aktyorlar bu studiyada həm təhsil alıblar, həm də bir kollektiv kimi tamaşalarda çıxış ediblər. Yeri gəlmişkən, noyabrın 1-də bizim teatrın 90 yaşı tamam olur. Böyük təntənə ilə bu yubileyi qeyd etməyə hazırlaşırıq. Azərbaycanlı dostlarımızı da belə əziz gündə yanımızda görmək istərdik.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.10