"Eşidilməyən etiraf"ı bizə dinlədən "Söz"

 

 

Bir neçə aydır ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan "Söz" ədəbi layihəsi söz-sənət xiridarlarını ara-sıra bir yerə toplayaraq, maraqlı məclislər qurur. Adətən poeziya işığına toplaşanlar sentyabrın 30-da Dövlət Gənc Tamaşaçılar Teatrına dəvətli idilər. Proqrama gənc dramaturq Orxan Muxtarlının "Eşidilməyən etiraf" pyesinə baxış daxil edilmişdi.

Layihənin rəhbəri Nigar Həsənzadə kiçik səhnənin işığına yığışanları salamladı. Sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək, gənc istedadlara dəstək verilməsinin vacibliyini vurğuladı. Bir neçə il öncə gənc dramaturqlar arasında keçirilmiş pyes müsabiqəsini xatırladan direktor həmin yarışmanın qalibi olmuş Sevinc Elsevərin Xocalı soyqırımı mövzusunda qələmə aldığı "ArzuMurad" pyesinin repertuardan düşmədiyini söylədi.

Qeyd edək ki, "Eşidilməyən etiraf" dialoq-tamaşası da Qarabağ dərdindən, yurdunu-obasını itirmiş insanların taleyindən söhbət açır. Bacı ilə qardaşın xəyali dialoqu üzərində qurulmuş əsərdə Gənc Tamaşaçılar Teatrının aktyorları Səbinə Məmmədova və Vahid Orucoğlu iştirak edir. Əsəri gənc aktyorlarla teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov işləyib.

Əslən Qarabağdan, Şuşadan olan müəllifin əsas qəhrəmanı - işğal altındakı torpaqda qalmış məzarı ziyarət olunmayan Şəhidin sərgərdan ruhu öz Bacısı ilə söhbət edir, uşaqlıq xatirələrini, onun gəncliyini darmadağın edən müharibənin dəhşətlərini paylaşır. Əsərin süjeti və ədəbi dili ilə bağlı bir neçə xırda nüansı nəzərə almasaq, "Eşidilməyən etiraf" bir toplum olaraq yaşadığımız iztirabın bədii təcəssümüdür. Pyesdə qəhrəmanın nişanlısı Lalənin ailəsi Şuşadan Gəncəyə köçməli olduğu üçün gənclər ayrılırlar. Halbuki nişanlı cütlüyün yalnız başqa şəhərə köç üzündən ayrı düşməsi ağlabatan görünmür. Süjetdə bu xətt davam etmir və Didərgin Ruh ovcuna xarıbülbül çiçəyi basdığı nişanlısını sonra heç xatırlamır.

Aradan qaldırılması mümkün kiçik qüsurlara baxmayaraq, "Eşidilməyən etiraf"ı gənc yazar Orxan Muxtarlının dramaturji sınağı hesab etmək olar. Müəllif tədbirdə çıxış edərək ona yaradılan bu imkana görə Mədəniyyət və Turizm Nazirliyinə, "Söz" ədəbi layihəsinə minnətdarlığını bildirdi.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.6.