Kino lentlərində
yaşayan rəssam həyatı
Sentyabrın 30-da Dövlət Film Fondunda Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı ilə
birgə Əməkdar
rəssam Cəbrayıl
Əzimovun anadan olmasının 90 illiyinə
həsr olunmuş xatirə tədbiri keçirildi.
İştirakçılar əvvəlcə binanın
foyesində sənətkarın
keçdiyi ömür
və sənət yolunu əks etdirən fotosərgiyə
baxdılar.
Tədbiri Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
icraçı katibi, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev açaraq Cəbrayıl Əzimovun milli kino rəssamlığının
formalaşmasında xidmətlərindən
danışdı. Qeyd etdi
ki, Azərbaycan kinosu zəngin yol keçib. Tarixi mövzuda, əmək adamlarının həyatından
bəhs edən maraqlı kino əsərləri yaranıb.
Bu uğurların qazanılmasında
kino rəssamlarımızın
da əməyi az deyil.
Belə sənətkarlardan biri də Əməkdar rəssam Cəbrayıl Əzimov olub.
Vurğulandı ki, görkəmli sənətkar 10-dan çox
bədii filmin quruluşçu rəssamı
olub. İlk yaradıcılıq işi “Doğma xalqımıza” bədii-sənədli
filmidir. C.Əzimov bu
filmdə Elbəy Rzaquliyevlə birgə çalışıb. Sonralar
“Görüş”, “Bəxtiyar”,
“O olmasın, bu olsun”, “Qızmar günəş altında”,
“Uzaq sahillərdə”,
“Qəribə əhvalat”,
“Leyli və Məcnun”, “Sehrli xalat”, “İnsan məskən salır”, “Qanun naminə” və başqa filmlərə bədii tərtibat verib. Təəssüf ki, istedadlı
sənətkar 43 yaşında
dünyasını dəyişib.
Ancaq maraqlı yaradıcılığı
ilə əbədiyaşarlıq
qazanıb.
Kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə C.Əzimovun
sənətə sevgisindən,
filmlərin çəkilişi
zamanı nümayiş
etdirdiyi peşəkarlıqdan
söz açdı. Bildirdi ki,
“Görüş” filmi
buna bariz nümunələrdən birdir.
Filmdə əsasən natura
çəkilişlərindən istifadə olunub, eyni zamanda dekorasiyalar
çox gözəl əhval-ruhiyyə yaradır
və qəhrəmanların
zövqünü ifadə
edir. “Qızmar
günəş altında”
filmində də əksər səhnələr
naturada lentə alınıb. İnteryerlər isə pavilyonda hazırlanıb. Natura seçiminə
rejissor, operator və rəssam birgə gedirlər. Çünki çəkiliş üçün rəssam
daha yaxşı, daha münasib yer seçə bilir. Təsadüfi deyil ki, o vaxt
filmin çəkilişi
üçün çay
plantasiyaları və
limon bağları
ilə gözoxşayan
Astara rayonunu rəssam C.Əzimov təklif edib.
Xalq artisti Rafiq Əzimov çıxış edərək
əmisi haqqında xatirələrini bölüşdü. Qeyd etdi ki, aktyorluq
sənətini onun sayəsində seçib:
“Həmişə özüm-özümə
sual verirdim ki, görəsən, C.Əzimovun haqqını
qaytara biləcəyəmmi?
Nəhayət, bu arzum reallaşdı. Onun haqqında
əvvəlcə televiziya
verilişi, sonra da “Rəssam və kino” adlı
sənədli film ərsəyə
gətirdik”.
Tədbirdə daha sonra Əməkdar
artist Elxan Qasımov, yazıçı-kinodramaturq, Əməkdar
incəsənət xadimi
Natiq Rəsulzadə çıxış edərək
görkəmli sənətkar
haqda xatirələrini
danışdılar.
Qeyd olundu ki, kino rəssamının
fəaliyyət dairəsi
filmdə eskizlər çəkməklə məhdudlaşmır. Kino rəssamı geniş dünyagörüşünə malik olmalıdır.
Cəbrayıl Əzimov da
hərtərəfli biliyə
malik insan olub, biliyini və təcrübəsini
kino yaradıcılığında
ustalıqla işlədə
bilib. Rəssam eyni zamanda, müxtəlif sərgilərdə
mütəmadi olaraq iştirak edib.
Sonda sənətkara
həsr olunmuş “Rəssam və kino” sənədli filmi göstərildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.7.