Teatr aləmi dünyada baş verən proseslərə biganə deyil

 

 

 IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində

 

 

7-8 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq davam edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə təməli qoyulan beynəlxalq konfransa 40-dək ölkədən iştirakçılar qatılacaq. Ötən konfranslarda yaxından iştirak etmiş Azərbaycanın teatr mütəxəssisləri, sənətşünaslar növbəti teatr forumundan nə gözləyirlər? Bu konfransların beynəlxalq teatr əlaqələrinin inkişaf etdirilməsi, ideya və təcrübə mübadiləsi baxımından əhəmiyyəti nədir? IV Beynəlxalq Teatr Konfransı ərəfəsində həmsöhbətlərimizin bu və digər məsələlərə münasibətini öyrənəcəyik.

İlk həmsöhbətimiz IV Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərovdur.

- Bildiyiniz kimi, ilk beynəlxalq teatr konfransı 2010-cu ildə keçirilmişdibu gün, həmin konfransdan altı il keçəndən sonra biz tam əminlik hissi ilə deyə bilərik ki, Bakı şəhəri dünya teatrı paytaxtlarından birinə çevrilib. Ötən illər ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu konfranslarda 100-dən artıq ölkədən 250-dək tanınmış teatr xadimləri, alimlər iştirak ediblər. Onların əksəriyyəti etiraf edir ki, Bakı konfransları bir çox beynəlxalq layihələrin başlanğıcına təkan verib. Təsadüfi deyil ki, builki konfransda iştirak etmək üçün elektron ünvanımıza gələn ərizələrdə Bakı konfransı "nüfuzlu" və "sanballı" adlandırılır.

Bakı teatr konfransları çağdaş milli teatrımızda və teatrın inkişafı naminə çalışan peşəkarlar tərəfindən də yüksək qiymətləndirir. Azərbaycanın teatr mütəxəssisləri öz xarici həmkarları ilə müştərək layihələr hazırlayırlar. Üstəlik, bizim teatr xadimlərinin də digər ölkələrdə keçirilən məşhur beynəlxalq teatr festivallarında iştirak məsələsi xeyli asanlaşıb.

Ümumilikdə, konfrans vasitəsilə dünya teatrında baş verən cərəyanlar, problemlər və perspektivlərin mənzərəsi milli teatrımızın inkişaf yolunu düzgün istiqamətləndirməkdə, dünya teatr prosesinə qoşulmaqda əvəzsiz xidmət göstərir.

Builki konfransa gələn ərizələrin sayı üç yüzdən artıqdır. Təşkilat komitəsi 40 ölkədən 130 teatr xadimi seçib ki, bu rəqəm də 2014-cü ildə baş tutmuş konfrans ilə müqayisədə iki dəfə çoxdur. Təkcə iştirakçıların sayının iki dəfə artması Bakı konfransının beynəlxalq nüfuzunun və əhəmiyyətinin artdığına daha bir əyani sübutdur.

Keçən teatr konfransında olduğu kimi, builki konfransın da əsas mövzusu konfrans iştirakçılarının tövsiyəsi ilə "Multikulturalizmteatr" seçilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ilielan olunub. Bu səbəbdən cari ilin əvvəlindən bəri respublikada bu istiqamətdə keçirilən istər ölkə, istər regional, istərsə də beynəlxalq miqyaslı tədbirlərin fonunda teatr konfransının araşdırma üçün seçdiyi mövzunun əhəmiyyəti daha da artır. Digər tərəfdən, dünyada baş verən etnik miqrasiyalar və mədəniyyətlərarası ziddiyyətlər teatr alimlərinin də diqqətini cəlb edir və hazırkı böhrandan çıxış yollarının axtarışında teatr sənətinin imkanlarından istifadənin üsullarını tapmağa çalışırlar.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.10.