“Altın
Safran” sənədli
film festivalı
Maraqlı yarışmalar, panellər, sərgilər
30 sentyabr - 1 oktyabr
tarixlərində Türkiyənin
Safranbolu şəhərində
17-ci Beynəlxalq “Altın
Safran” sənədli
film festivalı keçirildi. 2000-ci ildən Safranbolu Bələdiyyəsi tərəfindən
təşkil edilən
festivalın məqsədi
mədəni mirasın
qorunması və gələcək nəsillərə
ötürülməsidir. Ənənəvi festival bu dəfə
də müxtəlif tədbirlərlə yadda qaldı.
Sentyabrın 30-da şəhərin baş meydanında Atatürk abidəsi önünə
çələng qoyulması
və “İstiqlal” marşının oxunması
ilə başlayan mərasimdə festival məşəli
yandırıldı.
“100 il öncə Əhməd Yəsəvi və Türküstan”
Sonra Karabük
Universiteti Safranbolu İncəsənət fakültəsinin
konfrans salonunda Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun layihə müəllifi olduğu “100 il öncə Əhməd Yəsəvi və Türküstan” fotosərgisi
açıldı. Proqrama Karabük valisi Mehmet Aktaş, millət vəkilləri Mehmet Əli Şahin, Burhanəddin Uysal, Karabük bələdiyyə başqanı
Rafet Vergili, digər qurumların nümayəndələri, tələbələr,
mətbuat mənsubları
qatılmışdı. Sərgidə ötən əsrdə Orta Asiya ölkələrində
çəkilən fotolar
nümayiş etdirilirdi
və böyük marağa səbəb oldu.
Ardınca festivalın açılış
nitqini söyləyən
Safranbolu bələdiyyə
başqanı Necdət
Aksoy tədbirin məramından bəhs etdi. Bildirdi ki, mədəni irsin qorunması və yaşadılması məqsədi
daşıyan festival 2009-cu ildən başlayaraq hər il
bir mövzuya həsr olunur: “Builki festivalın mövzusu "Mədəniyyətimizin
mənəvi memarları”dır.
Safranbolu
bütünlüklə bir
mədəniyyət şəhəridir.
Bu mədəniyyətin meydana gəlməsində,
şübhəsiz ki,
mənəvi mayalar
var. Bəzi şəhərlər
mənəvi böyükləri
ilə ön plana keçir. Safranbolu da belə bir
şəhər olmasına
rəğmən, mənəvi
böyükləri arxa
planda qalmışdı.
Bu festival vəsiləsi ilə onları xatırlayaraq bir daha sahib çıxmağı
hədəflədik”.
Digər çıxış edənlər
də Safranbolunun tarixi özəlliyindən,
festivalın əhəmiyyətindən
danışdılar. Bildirildi
ki, Safranbolu UNESCO-nun Dünya irs
siyahısındadır. Bu deməkdir ki, tarixi mirası yalnız rəsmi qurumlar, səlahiyyətlilər
deyil, bütün şəhər əhalisi
qorumalıdır.
Daha sonra
festival çərçivəsində “Əhməd Yəsəvinin
Anadoluya təsiri” adlı elmi konfrans işə başladı. Paneldə Əhməd Yəsəvinin
həyat və fəaliyyəti ilə bağlı bir sıra məqamlardan söz açıldı,
Anadoluda müsəlmanlığa
təsirlərindən bəhs
edildi. Elmi araşdırmalara əsaslanan məruzələr
maraqla qarşılandı.
“Ən yaxşı bərpa edilən ev”
Oktyabrın 1-də Türkiyənin ətraf mühit və şəhərsalma
nazirinin müavini Mehmet Ceylan və
digər rəsmilərin,
qonaqların iştirakı
ilə “Ən yaxşı bərpa edilən ev”
fəxri plaketinin təqdimat mərasimi keçirildi. Bildirildi ki, öz sahibləri
tərəfindən tarixi
özəlliyi saxlanılmaqla
təmir edilən iki mərtəbədən
ibarət malikanənin
250 yaşı var və ev
ailəsinə abidə-miras
olaraq qalıb.
Nazir müavini
Mehmet Ceylan, vali Mehmet Aktaş
mədəni mirasın
qorunması məramına
xidmət edən festivalın zəngin tarixi irsi olan
Safranboluda gerçəkləşməsinin
əhəmiyyətini vurğuladılar.
Təmirdən sonra butik-hotelə
çevrilmiş malikanənin
divarına “Ən yaxşı bərpa edilən ev”
lövhəsi vuruldu və baxış keçirildi.
Ardınca festivalın daha iki tədbiri - 17-ci Beynəlxalq “Altın Safran” fotomüsabiqəsinin
seçmə sərgisi
və Cingiloğlu sənət qalereyasında
Osmanlı padşah geyimləri və tuğralarının sərgisi
keçirildi.
Mükafatlandırma mərasimi
Festivalın sənədli filmlər və fotoşəkil yarışmasının mükafatlandırma
törənindən öncə
Karabük Universiteti Safranbolu Fethi Toker İncəsənət
fakültəsinin konfrans
salonunda “Anadolunun yurd edilməsi və Anadolu ərənləri” adlı
panel gerçəkləşdi.
İclasın moderatoru Kilis Universitetinin rektor müavini, professor Osman Türer idi. Ankara Universiteti İlahiyyat fakültəsindən
professor Əhməd Cahit
Haksever, Bozok Universitetinin rektor müavini Qədir Özköse və İsparta Süleyman Dəmirəl Universiteti İlahiyyat fakültəsindən
professor Rıfat Okudanın
məruzələri dinlənildi.
Paneldən sonra “Altın Safran” sənədli film müsabiqəsinin mükafatlandırma
mərasimi keçirildi.
Oğuzhan Alparslanın “Mənəviyyatını
qoruyan şəhər
- İstanbul” sənədli
filmi birinci, Cəmaləddin İrkenin
“Anadolunun gözü Gülcan Acar” filmi ikinci yerə
layiq görüldü. Digər mükafat
və təltiflər
də sahiblərinə
təqdim edildi.
Mərasimdə çıxış edən Safranbolu bələdiyyə sədri
Necdət Aksoy builki festivala çoxlu iştirakçının
qatıldığını, foto yarışmasının
ilk dəfə beynəlxalq
müstəviyə çıxaraq
mərkəzi Parisdə
yerləşən Beynəlxalq
Fotoqraflar Dərnəyinin
elan bölməsində
yer aldığını
bildirdi: “Bu elandan sonra müsabiqəyə xeyli sayda fotoqraf
qoşuldu. 535 sənətçi tərəfindən
foto göndərildi ki, onların 100-ü xarici fotoqraflardır”.
Foto yarışmasının
nəticələrinin elan
olunmasından sonra iştirakçılar xatirə
şəkli çəkdirdilər.
Beləliklə, zəngin tədbirlər proqramı olan “Altın Safran” festivalı başa çatdı. Festival boyu
diqqətimi cəlb edən məqamlardan biri bütün tədbirlərin yalnız
tarixi məkanlarda keçirilməsi idi.
Tədbirlərə qatılan qonaqlar
da öncə o yerin tarixi ilə
maraqlanırdı. Yəni “Altın
Safran” sənədli
film festivalı sənətkarlıq
işlərinin təqdimatı
ilə yanaşı, şəhərin tarixi irsi də geniş
ölçüdə hər
kəsə təqdim olunurdu. Bu məkanlarda
sənət əsərləri
ilə tanışlıq
həm də Safranbolunun qədim, orta əsr və
yeni tarixi ilə tanışlıq demək idi.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.12.