Mərakeşdə İSESCO İcraiyyə Şurasının sessiyası keçirilib

 

 

Azərbaycan tərəfdən münaqişə regionlarında mədəni irsin vəziyyətinə dair proqramın hazırlanması təklif olunub

 

Oktyabrın 4-5-də Mərakeş Krallığının Rabat şəhərində İSESCO-nun İcraiyyə Şurasının sessiyası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə iştirak edib.

 

Sessiyanın açılışında çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tədbirin əhəmiyyətini vurğulayaraq qurumun ötənilki sessiyasının və 12-ci Baş Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

İclasın gündəliyində duran məsələlərin müzakirəsi zamanı İcraiyyə Şurasının üzvü kimi çıxış edən Vasif Eyvazzadə nazir Əbülfəs Qarayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan-İSESCO münasibətlərinin ölkə rəhbərliyinin dəstəyi ilə daim inkişaf etdiyini vurğulayan şöbə müdiri ötən həftə Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumda baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizin ərazi bütövlüyü, işğalçı Ermənistanla bağlı qətiyyətli mövqeyinin və çıxışının cəmiyyətimizdə yüksək qarşılandığını deyib.

İSESCO-nun “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığından bəhs edən V.Eyvazzadə ölkə başçısının İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması barədə sərəncamlarının önəmini vurğulayıb. Həmçinin münaqişə regionlarında mədəni irsin vəziyyəti və onun müdafiəsinin təşkili məqsədilə proqram həyata keçirilməsi, İSESCO-ya üzv ölkələrin milli komissiyaları arasında əməkdaşlığı gücləndirmək məqsədilə layihələrin hazırlanması təklif edilib.

İclasdan sonra nazirliyin şöbə müdiri İSESCO-nun elm, təhsil və mədəniyyət sahələri üzrə məsul departament rəhbərləri ilə görüşlər keçiribMilli Komissiya ilə bu istiqamətdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb.

Sessiya çərçivəsində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və baş direktor müavini Amina əl-Həcri nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadəni qəbul edib.

Baş direktor ötən həftə Bakıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirdiyi görüşdə müzakirə edilən məsələləri xatırladaraq ölkəmizlə mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib.

Görüşdə 2017-ci ildə “Bakı prosesi” çərçivəsində keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

V.Eyvazzadə qəbula və İcraiyyə Şurasının sessiyasının yüksək səviyyədə təşkil edilməsinə görə təşkilatın baş direktoruna təşəkkür edib.

 

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.5.