Müəllim-rəssamın sənət
hesabatı
Oktyabrın 5-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Təranə Məmmədovanın fərdi sərgisi açıldı.
Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov vurğuladı ki, Təranə Məmmədovanın tablolarında səmimiyyət və fəlsəfi anlam bir-birini tamamlayır. Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bildirdi ki, rəssamın əsərlərində güclü estetik başlanğıc var.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev söylədi ki, Milli Konservatoriyanın nəzdindəki İncəsənət gimnaziyasının müəllimi Təranə Məmmədovanın sərgisinin müəllimlərin peşə bayramı günündə açılması onun bütün həmkarlarına hədiyyəsidir. Müəllim-rəssam üçün fərdi sərgi açmaq ikiqat məsuliyyətli işdir. O, təkcə həmkarları qarşısında yox, həm də yetirmələri qarşısında hesabat verir.
Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, rəssamın əmisi, tanınmış memar Elbəy Novruzi ürək sözlərini dedilər.
Qeyd edək ki, bu, T.Məmmədovanın sayca dördüncü sərgisidir. Sərgidə rəssamın 80-dən çox əsəri nümayiş etdirilir. Müəllifin həm qrafika, həm də rəngkarlıq nümunəsi olaraq işlədiyi əsərlərin əksəriyyəti bizim alışdığımız süjetli rəsmlərdən, natürmort və mənzərələrdən fərqlənir. «Firuzə», «Yaşma», «Yaşıl yaşma» kimi tablolar mineral daşlara həsr olunsa da, rəssam bu lövhələrdə mineralın rəngindən sadəcə bir ifadə vasitəsi kimi istifadə edir, dərin mənası və təbəqələri açılan daşların rəsmində də dinamika hiss olunur. Onun hətta fotoqrafik dəqiqliklə təsvir etdiyi «Aylin, bala pişiklər» və «Süsənlərlə kəpənəklər», qızılgülün bağrından açılan «Sübh çağı» kimi sərbəst anlamlı əsərlərin arasında da bir oxşarlıq var. Hiss olunur ki, rəssam naturada gördüklərini qəlbindən keçirdikdən sonra kağız, ya kətan üzərinə köçürür.
Sərgi bir həftə davam edəcək.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.5.