“Qızıl toyun növbəti nümayişi Sabir Sultanovun 70 illiyinə həsr edilib

 

 

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktyoru Sabir Sultanovun anadan olmasının 70 ili tamam olur.

Teatrda aktyorun xatirəsi anılıb və “Qızıl toy” tamaşasının növbəti nümayişi onun 70 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova Sabir Sultanovun həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, aktyorun oynadığı rollar hər zaman tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılanıb. S.Sultanovun “Qızıl toy” komediyasında canlandırdığı fransız turist obrazı bu gün də pərəstişkarlarının yaddaşındadır. Tamaşanın növbəti nümayişinin Sabir Sultanovun 70 illiyinə həsr olunmasının səbəbi də budur.

Sabir Sultanov 1946-cı ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Məlahətli səsə, güclü plastikaya məharətli aktyorluq bacarığına malik olub. Həm rus, həm Azərbaycan bölmələrində müxtəlif tamaşalarda əsas rolların ifaçısı kimi tanınıb.

Aktyor eyni zamanda “İşarəni dənizdən gözləyin”, “Gecə qatarında qətl” filmlərində, televiziya tamaşalarında çəkilib. 2010-cu il yanvarın 13-də vəfat edib.

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.7.