Ürək döyüntüsü
ilə bəstələnən əsərlər
Oqtay Rəcəbov - 75
Görkəmli bəstəkar, alim, pedaqoq Oqtay Rəcəbov Azərbaycan professional musiqi mədəniyyətinin öndə gedən nümayəndələrindən biridir. Onun rəngarəng musiqisi geniş dinləyici kütləsi tərəfindən sevilərək dinlənilir. Bəstəkarın yaradıcılığı çoxşaxəlidir. Balet janrı istisna olmaqla o, demək olar ki, musiqinin bütün janrlarına müraciət etmişdir. O, 500-dək mahnının, 6 simfoniyanın, 3 oratoriyanın, 1 kantatanın, 20-dək kino və cizgi filmlərinə musiqinin, fortepiano, violonçel, qaboy, eləcə də simfonik orkestr üçün konsertlərin, simfonik poemanın, instrumental musiqilərin, 4 uşaq operasının, 2 musiqili komediyanın və xor əsərlərinin müəllifidir.
Oqtay Rəcəbovun yaradıcılığında uşaq və böyüklər üçün mahnılar xüsusi yer tutur. Onun “Anam Azərbaycan” (sözləri Adil Babayevindir), “Nəğmələr” (Bəxtiyar Vahabzadə), “Necə unudum səni” (Zivər Ağayeva), “Zəfəran” (Nüsrət Kəsəmənli), “Daha nə istəyirsən?” (Famil Mehdi) və onlarla digər qəlboxşayan mahnıları bəstəkarın fitri ustadının parlaq nümayişinə çevrilmiş, görkəmli sənətkarların ifasında populyarlaşaraq dinləyicilərin zövqünü oxşamışdır. Onun qəlbdən gələn zərif, incə melodiyaları öz axıcılığı, hərarəti və təravəti ilə seçilərək dinləyicidə xoş əhval-ruhiyyə yaradır.
Bəstəkarın çoxlu sayda populyar mahnı və romansları məşhur müğənnilərin, o cümlədən Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Anatollu Qəniyev, Flora Kərimova, İlhamə Quliyeva, Mirzə Babayev, Elmira Rəhimova, Yalçın Rzazadə, “Sevil” vokal kvartetinin ifasında lentə yazılıb. O, eyni zamanda Azərbaycan Televiziya və Radiosunun “Bənövşə” uşaq xoru üçün də çoxlu rəngarəng mahnılar bəstələyib.
Yaradıcılığının çiçəklənmə dövrü olan 70-ci illərdə bəstəkar bir-birinin ardınca müxtəlif janrlarda əsərlər, o cümlədən I və II simfoniyaları, violonçel və simfonik orkestr üçün konsert, a capella xor üçün “Segah” muğamı və bir çox mahnılar yazır. O, xalq və aşıq musiqisindən, el havalarından, rəqslərdən daima bəhrələnmişdir. 1976-cı ildə O.Rəcəbovun a capella xor üçün yazdığı “Segah” muğamında bəstəkar “Cığ-cığa”, “Xalabacı”, “Turacı”, “Şalaxo”, “Darçını”, “Keçiməməsi”, “Qulu rəqsi”, “Yüz bir”, “Brilyant” Azərbaycan xalq rəqslərini məharətlə işləmişdir. 1976-cı ildə “Segah” muğamı, sonralar isə 7 hissədən ibarət olan və bir-birindən xarakter, ritm, tempinə görə fərqlənən “Təzadlar” silsiləsi Azərbaycan Dövlət Filarmoniyası və Radio Komitəsinin xorunun ifasında səslənmişdir.
Onun ayrı-ayrı illərdə yazdığı simfoniyalar da forma və musiqi məzmunu baxımından bir-birindən seçilir. Yaradıcılığında teatr əsərləri, o cümlədən opera, musiqili komediya, həmçinin kinofilmlərə yazılmış musiqilər də əhəmiyyətli yer tutur. 1985-ci ildə bəstəkar uzun illərdən bəri beynində gəzdirdiyi və düşündüyü “Göyçək Fatma” nağıl-operasını yazır. Məşhur Azərbaycan xalq nağılı əsasında yazılmış bu operanın librettosu şairə Mirvarid Dilbaziyə məxsusdur. Opera 1987-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının plenumunda İncəsənət gimnaziyasının şagirdləri tərəfindən fortepianonun müşayiəti ilə ifa edilmiş və Azərbaycan Dövlət Televiziyasının Fonduna yazılmışdır. 1992-ci ildə “Göyçək Fatma” operası əsasında C.Cabbarlı kinostudiyasında ilk dəfə 45 dəqiqəlik cizgi filmi-opera kimi çəkilmişdir.
1994-cü ildə O.Rəcəbov N.Gəncəvinin əsəri əsasında “Xeyir və Şər” operasını yazır. Operanın librettosunu şairə Mirvarid Dilbazi dahi Nizaminin “Yeddi gözəl” poemasında olan hekayə əsasında yazmışdır. Tele-opera janrında olan bu əsər İncəsənət gimnaziyası şagirdlərinin ifasında Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub, film-tamaşa kimi lentə alınaraq televiziyanın “qızıl fondu”na daxil edilib.
Bəstəkarın yaradıcılığında kino musiqisi də önəmli yer tutur. O, “Kəndimizin qəhrəmanı”, “Azərbaycan SSR”, “Qız, oğlan və şir”, “Şahzadə-qara qızıl”, “Toplan və kölgəsi”, “Sonrakı peşmançılıq”, “Sehrlənmiş küpə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” və s. sənədli, cizgi və bədii filmlərə musiqi bəstələyib.
O.Rəcəbov pedaqoji fəaliyyətində də özünəməxsus dəst-xətti ilə seçilir və tanınır. O, 1992-2001-ci illərdə İncəsənət gimnaziyasına rəhbərlik edib. Onun yaradıcılığının ikinci istiqaməti elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır. 1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutunda yeni yaranan Estetik tərbiyə şöbəsində elmi işçi kimi fəaliyyətə başlayan bəstəkar müxtəlif yaş qruplarında olan məktəblilərin musiqi-estetik tərbiyəsi işinin elmi-pedaqoji əsaslarla aparılması istiqamətində görülən tədbirlərə xüsusi diqqət yetirirdi. 1978-ci ildə onun təşəbbüsü və aparıcılığı ilə Azərbaycan Televiziyasında “Məktəblilərin musiqi klubu” adlı maraqlı veriliş yaranır. Həmin illərdən bəri o, məktəblilərin musiqi-estetik sahəsində elmi-praktik axtarışlar aparır.
Onu bu
istiqamətə cəlb edən və yönəldən
görkəmli rus bəstəkarı, akademik D.Kabalevski olmuşdur. O.Rəcəbovun uzun
illər D.Kabalevski ilə davam
etdirdiyi yaradıcılıq ünsiyyəti
və əməkdaşlığı xüsusilə qeyd edilməlidir. Bəstəkar həmin illəri
xatırlayaraq bu haqda qeyd edir: “Mənim bir pedaqoq, şəxsiyyət
kimi tanınmağımda D.Kabalevskinin
olduqca böyük rolu olmuşdur. Demək olar ki, onun
rəhbərliyi ilə
mən bir qiyabi universitet bitirmişəm”.
Bu sahədə görülən
işlərə görə
müxtəlif illərdə
O.Rəcəbov Respublika
Komsomolu mükafatı
və Y.Məmmədəliyev
adına mükafatın laureatı
olmuş, Əməkdar
müəllim fəxri
adına layiq görülmüşdür. Azərbaycan müasir
musiqi pedaqogikasının
əsasını qoyan
O.Rəcəbov 1992-ci ildə
bu sahədə ölkəmizdə ilk pedaqoji
elmlər doktoru olmuşdur.
O.Rəcəbovun yaradıcılığında fortepiano musiqisi də zənginliyi ilə seçilir. Onun müxtəlif dövrlərdə
bəstələdiyi fortepiano və simfonik orkestr üçün 1 nömrəli Konserti, 11
fortepiano pyesi, “Yəhudi”
mövzusunda rapsodiyası,
“14 miniatür”, “24 Azərbaycan
xalq mahnısı” (I dəftər), “26 Azərbaycan
xalq mahnıları”
(II dəftər) maraqlı
əsərlərdən sayılır.
Bəstəkarın ayrı-ayrı illərdə
bir çox əsərləri çap
edilərək musiqi ictimaiyyətinə çatdırılmışdır. Onlardan biri
də 1985-ci ildə işıq üzü görmüş “Uşaqlar
və mahnılar” kitabıdır. Kitab gənc
nəslin estetik-bədii
tərbiyəsində böyük
əhəmiyyətə malikdir.
Son illər O.Rəcəbov
daha bir neçə dərslik yazmışdır. “Azərbaycan
bəstəkarlarının yaradıcılığı”, uşaq
musiqi məktəbləri
üçün “Elementar
musiqi nəzəriyyəsi”,
uşaq musiqi məktəblərinin fortepiano ixtisası
üçün dərslik
dəstləri, fortepiano üçün
“Azərbaycan xalq rəqsləri”, “Azərbaycan
bəstəkarlarının uşaq mahnıları antologiyası” dərslikləri
bu qəbildəndir. Müasir bəstəkarlarımız uşaqların
musiqi tərbiyəsi ilə bağlı bir çox maraqlı musiqi məcmuələri və
topluları yazmışlar.
Azərbaycan, rus və ingilis dillərində “Nəğməli
əlifba” məcmuəsinə
bəstəkarın Azərbaycan
dili əlifbasının
32 hərfinin, rus dili əlifbasının
33 hərfinin, ingilis dili əlifbasının
26 hərfinin sırasına
uyğun olaraq yazdığı kiçik
həcmli uşaq mahnıları daxil edilmişdir.
O.Rəcəbov yaradıcılıq boyu daima səhnə əsərlərinə böyük
maraq göstərir. O, 2002-ci ildə
“Əlin cibində olsun”, 2006-cı ildə “Şeytanın yubileyi” operettalarını yazmış
(libretto müəllifi - A.Babayev)
və operettalar həmin illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında göstərilərək
tamaşaçı rəğbəti
qazanmışdır.
75 yaşını qeyd
edən bəstəkar
bu gün də yaradıcılıq
axtarışındadır, müraciət etdiyi hər bir mövzunun
ifadəsi üçün
yeni, orijinal yolla axtarır. Onun ürək
döyüntüsü ilə
bəstələdiyi mahnıları
həm peşəkar müğənnilər, həm
də saysız-hesabsız
musiqi həvəskarları
tərəfindən böyük
həvəslə oxunur
və musiqisevərlər
tərəfindən maraqla
dinlənilir.
Rauf İmanov
Musiqişünas
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.12.