“Muğam qəsri”
kitabının təqdimatı
Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində növbəti muğam məclisi keçirildi. Tədbirdə yazıçı-publisist Saminə Hidayətqızının “Muğam qəsri” kitabının təqdimatı oldu.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq bildirdi ki, “Muğam qəsri” müəllifin “Göy qurşağı” layihəsindən ikinci kitabıdır. Kitabda qədim dövrlərdən üzü bəri muğam bilicilərinin yaradıcılığı və həyat yolu araşdırılıb. Təkcə Azərbaycan musiqi xadimləri deyil, xaricdə yaşayan, muğam sənətinə töhfələr verən yaradıcı şəxslərin muğam haqqında düşüncələri bir yerə toplanıb. Kitabdakı məqalələr və müsahibələr müxtəlif vaxtlarda qələmə alınıb, respublikanın mətbu orqanlarında dərc edilib.
Xalq artisti Canəli Əkbərov çıxışında qeyd etdi ki, bu gün muğam sənəti təkcə ifaçılıqla deyil, həm də ədəbiyyatla təbliğ olunur və yaşayır. O, müəllifi təbrik edərək ona uğurlar arzuladı.
Xalq artisti Tofiq Bakıxanov Azərbaycanın muğam korifeyləri haqqında yeni kitabın işıq üzü görməsinin əlamətdar hadisə olduğunu dedi.
Azərbaycanın UNESCO-dakı mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova qeyd etdi ki, müəllif böyük bir iş görüb. Kitabı vərəqlədikcə hiss etdim ki, müəllif burada Azərbaycan ziyalılığını göstərə bilib.
Xalq artisti Ramiz Quliyev, yazıçı, ədəbiyyatşünas, professor Aqşin Babayev çıxış edərək kitabın məziyyətlərindən söz açdılar. Bildirdilər ki, kitab muğam ifaçılarına və muğamsevərlərə bir ərməğandır.
Çıxış edənlər muğam sənətimizin inkişafına Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısından söz açdılar. Muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi olduğu vurğulandı.
Çıxışlardan sonra “Könül” ansamblının müşayiəti ilə Əməkdar artist Babək Niftəliyev “Şur” təsnifini, xanəndələrdən Fəraməz Gərmrudi “Dəşti” muğamı, Elnur Zeynalov “Qaragilə” xalq mahnısı, Günay İmamverdiyeva “Bayatı-Şiraz” muğamı, Abgül Mirzəyev “Yar bizə qonaq gələcək” xalq mahnılarını ifa etdilər.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.13.