Şimal-qərb bölgəsi üzrə turizmin vəziyyəti və perspektivləri
müzakirə olunub
Ölkə başçısının
sentyabrın 1-də imzaladığı sərəncamdan irəli
gələn vəzifələrlə bağlı
İsmayıllı rayonunda regional müşavirə keçirilib
Oktyabrın 11-də İsmayıllı rayonunda “Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur rəhbərləri, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, turizmlə bağlı ayrı-ayrı nazirlik və digər dövlət qurumlarının, rayonların icra hakimiyyətlərinin nümayəndələri, habelə bölgədəki turizm obyektlərinin sahibləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Nazir ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatların artıq intensiv xarakter aldığını diqqətə çatdırıb. Vurğulanıb ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.
Bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən ölkəmizə gələn turist sayının 11 faiz artdığını vurğulayan Əbülfəs Qarayev viza verilməsi prosedurunun sadələşdirilməsinin bu sahədə əhəmiyyətini qeyd edib.
Bildirilib ki, şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarını əhatə edir. Bu zona müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə “Şərab yolu”, “Böyük İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq əfsanələri” və “Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə “Azərbaycanda arxeoloji turizm” mədəni turizm marşrutları yaradılıb.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib, habelə keçirilən monitorinqin nəticələrini açıqlayıb.
Vurğulanıb ki, bölgə tarixi İpək Yolunun üzərində yerləşir. Habelə buradan region üzrə Gürcüstan və Rusiya ilə inteqrasiya olunan “Şərab yolu” və “Düma Qafqazda” beynəlxalq turizm marşrutları keçir.
Bölgənin turizm imkanlarının daha geniş şəkildə təbliğ olunması, yerli turizm məhsullarının və marşrutlarının turistlərə təqdim edilməsi, habelə bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şamaxıda (2007-ci il), Şəkidə (2008), Zaqatalada (2009), İsmayıllı və Qəbələdə (2015) turizm informasiya mərkəzləri yaradılıb.
Müşavirədə mövzu ilə bağlı çıxışlar olub. Çıxışlarda ölkə başçısının turizmin inkişafı ilə əlaqədar son sərəncamından irəli gələn vəzifələrlə əlaqədar görüləcək işlər geniş müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.
Həmçinin bölgədə turizmin inkişaf istiqamətləri
barədə ətraflı danışılıb, mövcud problemlərə dair
müzakirələr aparılıb. Çıxış edən
sahibkarlar turizmlə bağlı müxtəlif
təkliflər irəli sürüblər. Bütün
təkliflərin nəzərdən keçiriləcəyi bildirilib.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.2.