Gənc Tamaşaçılar
Teatrının heyəti Rusiyadakı festivaldan
mükafatla dönüb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Perm şəhərində keçirilən II Beynəlxalq Martin MakDonax teatr festivalında uğurla çıxış edib. Festivalda Polşa, Moldova, Şotlandiya, Bosniya və Herseqovina, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, kollektiv ikinci dəfə qatıldığı festivalda Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşasını göstərib. Səhnə əsərinə Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş quruluş verib. Rejissoru Ayla Haşımova, quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandırıblar. Tamaşa festivalın xüsusi diplomuna layiq görülüb.
GTT-nin yaradıcı heyəti ustad dərslərinə də qatılıb. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov isə tədbir çərçivəsində iştirakçı ölkələrin ASSİTEJ milli komitələrinin rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə görüşüb, yaradıcılıq əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki,
teatr iki il öncə də sözügedən festivalda “Yalqız Qərb” tamaşası ilə
çıxış edərək mükafata
layiq görülmüşdü.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.5.