UNESCO-da Azərbaycan nümayəndə
heyəti ilə görüş
Təşkilat IV Dünya
Mədəniyyətlərarası Dialoq Forumunda yaxından iştirak
edəcək
Oktyabrın 6-da Parisdə UNESCO-nun Baş qərargahında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.
Azərbaycan nümayəndə heyətini salamlayan UNESCO baş direktorunun müavini Nada Əl-Nəşif ölkəmizlə təşkilat arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. O, 2017-ci ildə Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun tərəfdaşlığının yüksək səviyyədə olacağını, təşkilatın ayrı-ayrı departamentləri tərəfindən maraqlı təkliflərin hazırlandığını bildirib.
Azərbaycan nümayəndə heyəti görüşün təşkilinə görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilat ilə əlaqələrin inkişafına olduqca mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət başçısı dünyada mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən “Bakı prosesi”nə və Foruma böyük önəm verir.
Görüşdə Forumun
yüksək səviyyədə təşkili və “Bakı prosesi”nin
davamlılığını təmin etmək məqsədilə
işçi qrupun
toplantısının Parisdə keçirilməsi qərara
alınıb.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.10