“Konfransın ictimai-siyasi
və kulturoloji səmərəsi göz önündədir”
IV Bakı
Beynəlxalq Teatr Konfransı ərəfəsində
Azərbaycanın teatr ictimaiyyəti IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlaşır. 7-8 noyabr tarixində keçiriləcək konfransda 40-dək ölkədən teatr xadimləri, sənətşünas və teatr tənqidçiləri qatılacaq. Tədbir öncəsi tanınmış teatrşünasların iştirakçısı olduqları əvvəlki konfrans barədə mülahizələrini, eləcə də növbəti forumdan gözləntilərini oxucularımızla paylaşırıq. Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadədir.
- Ötən üç konfrans Azərbaycan teatrına nə verdi? Bizim dünya
teatr prosesinə qoşulmağımıza necə
təsir göstərdi?
- Mən həm bu konfransların təşkilat komitəsinin
üzvü, həm iştirakçısı, iclasların
moderatoru və məruzəçisi olmuşam,
həm də bu konfransları bir teatrşünas kimi təhlilə çəkən analitik məqalələr yazmışam
deyə, bu suala cavab vermək
bir qədər çətindir. Odur ki, konfransı
həm içəridən,
həm də dışarıdan görüb
qiymətləndirməyə çalışmışam.
Hər şeydən
öncə onu deyim ki, Bakıda
beynəlxalq teatr konfransının müntəzəm
keçirilməsi olağanüstü
bir hadisədir. Vaxtilə teatr
sənətçiləri bunu
heç xəyallarına
da gətirə bilməzdilər ki, bu, gerçəkləşəsi
bir proyektdir. Əlbəttə ki, mümkünsüzləri
mümkün edən Azərbaycan Respublikasının
müstəqillik deklarasiyasıdır,
Azərbaycan dövlətinin
ənənəvi və
müasir mədəniyyət
formalarının inkişafına
spektral şəkildə
mənəvi və maddi yardım göstərməsidir. Bu konfransların
möhtəşəm tədbir
kimi reallaşmasının
bir mühüm səbəbi də 2007-ci ildə “Azərbaycanda teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı
sərəncamdır və
bu tarixdən cəmi ikicə il ötüncə “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramının təsdiq
olunmasıdır. Faktiki surətdə
bu, Azərbaycanın birinci şəxsi tərəfindən teatr sənətinə verilən
kart-blanşdır.
Soruşursunuz ki, bu konfrans Azərbaycan teatrına nə verdi? Yəni bu
konfransın səmərəsi
nədir? Qarşılığında
mən də soruşa bilərəm: bir ağacdan bar götürmək üçün
neçə il lazımdır; neçə il sərasər qulluq etmək lazımdır ki, ağac qol-budaq
atsın, böyüsün?
İndi təsəvvür
eləyin: Bakı Beynəlxalq Teatr Konfransı iki ildən bir olmaq şərtilə cəmi 6 gün yaşayıb! Bizsə istəyirik ki,
konfransın real bəhrələrini
toplayıb onları sapa düzək. Olurmu heç? Hərçənd konfransın ictimai-siyasi
və kulturoloji səmərəsi göz önündədir və bunu hamı təsdiqləyir. Bakı Beynəlxalq
Teatr Konfransının
dəyəri heç
də o deyil ki, kimlərsə gəlib bizə nəsə öyrətdilər.
Əsla! Belə yanaşma tərzinin
özü heç doğru-dürüst sayılmaz
və artıq yetərincə köhnəlib.
Söhbət bu ki, teatr konfransının iştirakçıları Azərbaycanın
düşüncə məkanına,
teatr məkanına müxtəlif fikirlər dağıdırlar, öz
fərqli mövqelərindən
məsələyə fərqli
münasibət nümayiş
etdirirlər, müasir
dünya teatr prosesini fraqment-fraqment sanki bir mozaikaya
yığmağa çalışırlar.
Bakı konfransı adi tədbir deyil, siyasi-kulturoloji aksiyadır,
dünya teatr məkanına bir mesajdır və teatr sənətinin inkişafı ilə əlaqədar Dövlət
Proqramının icrası
yönündə mühüm
addımdır. Bu addım
bizi dünya teatr məkanına yaxınlaşdırır, dünya
teatrının çağdaş
tendensiyalarının Azərbaycana
daxil olması üçün qapılar
açır. Uşaq və
Gənclər Teatrları
Beynəlxalq Assosiasiyasının
(ASSİTEJ) “sərhədləri aşmaq, körpülər
qurmaq” şüar-ideyasının
həqiqəti də elə budur.
Bakı
Beynəlxalq Teatr Konfransı öz qayəsinə görə
dünya teatr ictimaiyyətilə əlaqələr
şəbəkəsini qurmaq
və bu şəbəkədə möhkəmlənmək
imkanının ali formatıdır. Ona görə də burada Beynəlxalq Teatr İnstitutunun
(BTİ), ASSİTEJ-in, Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının, Beynəlxalq
Teatr Tədqiqatları
Federasiyasının təmsilçiliyi
çox önəmlidir.
- Növbəti konfransdan gözləntiniz nədir?
- Qonaqları və bəlkə artıq dost-tanışları gözləyirəm.
Ünsiyyət və bu ünsiyyətdən yenilənməyi
gözləyirəm.
Gülcahan
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.11.