“Noyabrda Bakıda
görüşərik”
...Azərbaycanlıların çoxu Xəzərin o tayındakı bir çox şəhərləri hələ də köhnə adı ilə tanıyır. Məsələn, Türkmənbaşı eşidəndə gərək Krasnovodsk, Aktau yazanda da mütləq Şevçenko deyəsən ki, orta statistik azərbaycanlı hansı şəhərdən söhbət getdiyini bilsin. Elə bizim həmsöhbətimiz də Xəzərin o tayındakı bir şəhərdəndir. Qazaxıstan Respublikası Manqistau (Manqışlaq) vilayətinin mərkəzi Aktau şəhərindən. Əsrlər boyu bu yerlər qazax türklərinin at oynatdığı ucu-bucağı görünməyən ərazi, qədim türk mədəniyyətini səhra qumları altında gizləyən məkan olsa da, XIX əsrdə daha çox çar Rusiyasının sürgün yeri, sonrakı yüz ildə isə faydalı qazıntılar məkanı kimi ad çıxarıb.
Aktua, keçmiş Şevçenko (sovet ideologiyasının basqısı ilə bir zamanlar burada sürgün çəkmiş Ukrayna şairi Taras Şevçenkonun şərəfinə şəhəri belə adlandırıblarmış) sənaye, mədənçilər şəhəri kimi ötən əsrin 50-60-cı illərində salınıb. Buradakı musiqili-dram teatrı isə lap cavandır. 2003-cü ildə Milli İncəsənət Akademiyasının 30 məzununun təməlini qoyduğu truppa artıq sabit yaradıcı heyəti və repertuarı olan bir kollektivdir. Qazaxıstanın Xalq artisti Nurmuxan Janturinin adını daşıyan vilayət teatrında ötən 13 ildə müxtəlif janr və mövzuları əhatə edən 50-dən artıq əsər səhnələşdirilib. Kollektiv dəfələrlə respublika və beynəlxalq teatr festivallarında çıxış edib, müxtəlif sənət yarışlarında mükafata layiq görülüb. Teatrın repertuarında olan «Qız Jibek» və «Zilzala» tamaşaları bütün Qazaxıstanda nümayiş olunub. Burada çalışan aktyorlar bir əyalət teatrının yaradıcı heyətində çalışmaq çərçivəsinə sığmırlar, kinoya da çəkilirlər. Qazaxıstanın mədəni həyatından bəhs edən saytları «vərəqlədikdə» N.Janturin adına teatr barədə sənət xəbərlərinə tez-tez rast gəlmək mümkündür.
Teatr yaradılan gündən ona rəhbərlik edən Nurniyaz Muxanov sənət karyerasına müğənni kimi başlayıb, səs tellərində üçüncü əməliyyatdan sonra fəaliyyətini təşkilati işlərdə davam etdirməli olub. Onunla görüşümüz TÜRKSOY-un Teatr direktorları şurasının sentyabrda Şəkidə keçirilən toplantısı zamanı baş tutdu.
- Azərbaycana üçüncü, Şəkiyə isə ilk gəlişimdir. TÜRKSOY-un sayəsində «Üç məkan» II Beynəlxalq Teatr Festivalının da açılışında iştirak etdim.
- Festival barədə ilk təəssüratınız
necədir?
- Əla! Bilirsiniz, festival həmişə insanları, xalqları birləşdirir. Bu gün gediş-gəliş
nə qədər asan olsa da,
informasiya nə qədər bol olsa da, kollektivlər,
xüsusilə də ayrı-ayrı ölkə
kollektivləri bir-birini
yaxşı tanımır,
teatr prosesini davamlı izləyə bilmir. Amma dünya da gör-götür dünyasıdır.
Sənətçi də, inzibati
işçi də istənilən tamaşadan
nəsə öyrənir,
zənginləşir.
- Elə buna görə
də toplantıda Xəzəryanı ölkələrin
teatr festivalının
təşkil edilməsi
barədə təklif
vermisiniz...
- Bəli. Mən təklif etdim
ki, Xəzəryanı
dövlətlərin - Qazaxıstan,
Azərbaycan, Rusiya, Türkmənistan və İranın teatr festivalı keçirilsin.
Məncə, belə bir
festivalın keçirilməsi
region ölkələrinin mədəni
əlaqələrinə kömək
edər. Təklif etdim
ki, 2018-ci ildə bu festivalı Qazaxıstandan başlayaq,
sonra növbə ilə hər dəfə bir Xəzəryanı ölkədə
keçirilə bilər.
Bu gün beş
ölkənin beşinin
də belə bir festival keçirməyə
imkanı, şəraiti
var.
- İstək olarsa, hər işin öhdəsindən gəlmək
olar...
- İstək də var!
- Arzu edək ki, sizin təklif
etdiyiniz festival baş
tutsun. Biz də
sizinlə Aktauda görüşək.
- Təki elə olsun! Əslində görüşmək üçün səbəb həmişə tapılar. Noyabrda Bakıda keçiriləcək beynəlxalq teatr konfransında iştirak etmək barədə ərizə vermişəm. Məruzəm də hazırdır. Sağlıq olsun, Bakıda görüşərik!
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.11.