Böyük İpək Yolu
ilə turizm
Ölkəmiz Daşkənddə beynəlxalq
yarmarka və konfransda
təmsil olunub
Oktyabrın 5-dən 7-dək Daşkənddəki “Uzekspomərkəz” sərgilər salonunda “Böyük İpək Yolu ilə turizm” adlı 22-ci beynəlxalq turizm yarmarkası keçirilib. Ölkəmizi sərgidə Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Mərkəzin təşkil etdiyi stenddə ölkəmizin turizm potensialı, turizm mərkəzləri və marşrutları, hotellər, mədəni irsimiz haqqında çap məhsulları, milli musiqi alətləri, geyimlər, suvenirlər nümayiş olunub, qonaqlar milli şirniyyatlarımıza qonaq edilib. İştirakçılara Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən nəşrlər paylanıb, “Möcüzəli Naftalan” videoçarxı nümayiş etdirilib. Turistlərə Bakı şəhərinə 1 həftəlik istirahət turu, Naftalan şəhərinə 10 günlük müalicə turları da təqdim edilib.
Mədəniyyət mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblının ifa etdiyi rəqslərimiz tamaşaçıların alqışları ilə qarşılanıb.
Yarmarka çərçivəsində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Turizm sahəsində Azərbaycan təcrübəsi, Azərbaycan-Özbəkistan əməkdaşlığı” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Məruzədə Azərbaycan
dövlətinin turizmin inkişafına böyük diqqət verdiyi,
böyük infrastruktur
layihələrinin həyata keçirildiyi
və son illər ölkəyə böyük turist
axının olduğu vurğulanıb, Xəzər
dənizinin sahillərindəki istirahət zonaları, Naftalan, Naxçıvan Duzdağ sanatoriyaları, Şahdağ-Qusar,
Tufandağ-Qəbələ qış turizm
mərkəzləri barədə ətraflı məlumat verilib. 2015-ci ildə Özbəkistandan Azərbaycana
səfər edənlərin sayının 15 mindən çox olduğu, turist axını üçün
potensialın daha böyük
olduğu vurğulanıb.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.13.