Qardaş süfrəsi
İstanbulda Azərbaycanın mətbəx
nümunələrinin tanıtımı təşkil olunub
Xəbər verildiyi kimi, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan Gateway şirkəti tərəfindən İstanbul şəhərində ölkəmizin mətbəx nümunələrinin tanıtımı məqsədilə Qardaş süfrəsi adlı tədbir keçirilib. Azərbaycanlı aşpazların hazırladığı milli mətbəximizin ləziz təamlarından şah plov, dolma, balıq, fisincan və çığırtma iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Gateway şirkətinin rəhbəri Nurlana Çakmak çıxışında Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə olmadığını, qardaş ölkəni tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istədiklərini bildirib. Qeyd olunub ki, nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilib. Bu tədbirin də həyata keçirilməsində məqsəd ölkəmizin milli yeməklərinin qardaş Türkiyədə geniş yayılması və tanıdılmasıdır.
Tədbir Türkiyə mətbuatında da geniş işıqlandırılıb. Milliyyet, Habertürk, Posta, İstanbul, Muğla, Olay 53 və digər qəzet və saytlarda dərc edilən yazılarda Azərbaycanın mədəniyyəti və mətbəxi haqqında məlumatlar yer alıb. Həmçinin iki ölkənin ortaq mədəniyyəti, tarixi, turizm imkanları ilə bağlı dəyərli məqamlar əksini tapıb.
Qeyd olunub ki, Azərbaycan zəngin turizm potensialına malikdir. İki qardaş
ölkə bu potensialdan bəhrələnməli,
bir-biri ilə təcrübəsini bölüşməlidir.
Məqalələrdə Azərbaycanda mətbəx
turizminin də inkişaf etdiyi diqqətə çatdırılır.
Türkiyə ilə ortaq
mətbəx ənənələri,
dadlı Azərbaycan şirniyyat və yeməklərinin qardaş
ölkədə tanıdılmasının
vacibliyi vurğulanır.
Bildirilir ki, ortaq mədəniyyəti
və mətbəxi olan ölkələrin turizm sahəsində faydalı işbirliyi qurması üçün
ciddi maneə yoxdur. Çünki oxşar
cəhətlər səyahətlər
zamanı insanın özünü evindəki
kimi rahat hiss etməsinə şərait
yaradır. Turizm sahəsində mətbəx
əsas şərtlərdən
biridir. Əgər mətbəx ağız
dadına uyğundursa,
deməli, həmin məmləkəti ziyarət
etməyə dəyər.
Plovlar, dolmalar, balıq yeməkləri, səbzilər,
salatlar bizə yad olmayan ləzzətlərdir.
Azərbaycan yeməkləri Qars
bölgəsinin ləzzətlərini
xatırladır. Şirniyyatlar isə günün istənilən vaxtında
təklif edilə biləcək bənzərsiz
desertdir. Elə bütün bu səbəblərdən Azərbaycanın
Türkiyədən ciddi
anlamda turist gözləmək haqqı
var...
Qeyd edək
ki, Gateway şirkəti
Azərbaycanın Türkiyədəki
turizm nümayəndəliyi
olaraq bu ilin fevral ayında
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. Şirkət vasitəsilə yerli populyar mətbuat orqanlarında Azərbaycanın
tanıtımı həyata
keçirilir. Qardaş süfrəsi də ölkəmizin qardaş Türkiyədə
daha yaxından tanıdılması məqsədini
daşıyır.
L.Azəri
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.13.