Tar sevgisi
onu bəstəkara çevirdi
Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq Məmməd Quliyev musiqi mədəniyyəti
xəzinəmizi maraqlı
əsərlərlə zənginləşdirib. Yaradıcılığında xalq musiqisinə
böyük önəm
verən sənətkar
eyni zamanda musiqiçi nəsillərinin
yetişdirilməsində yaxından
iştirak edib.
Məmməd Mehdi oğlu Quliyev 9 fevral 1936-cı ildə Göyçay rayonunda anadan olub. Erkən çağlardan
tar ifaçılığına maraq göstərir, oxuduğu orta məktəbin tədbirlərində
və el şənliklərində
yaxından iştirak edir. Bakı şəhərində istedadlı uşaqlar arasında keçirilən
sənət olimpiadasına
qatılır və mükafata layiq görülür.
Orta təhsilini başa vurduqdan sonra Bakı Musiqi Texnikumunun tar ixtisasına qəbul olunur. Sonra Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında
dahi bəstəkar Qara Qarayevin sinfində oxuyur və 1963-cü ildə təhsilini başa vurur.
Məmməd Quliyevin diplom işi kimi yazdığı
simfoniya dövlət imtahan komissiyası tərəfindən yüksək
qiymətləndirilir. İlk uğur
onun simfonik musiqi sahəsində gələcək taleyini müəyyənləşdirir. Təzə-təzə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı və yüksək bədiiliyi ilə seçilən əsərləri diqqət
çəkir. Hətta respublika
hüdudlarından kənarda
musiqi ictimaiyyətinin
marağına səbəb
olur. Əsərləri ümumittifaq müsabiqələrində,
qurultay və plenumlarda uğurla səsləndirilir.
Sənətkarın simfoniyaları,
instrumental konsertləri, irihəcmli
xor əsərləri,
o cümlədən şair
Fikrət Qocanın sözlərinə yazılan
“Dədə Qorqud diyarı” kantatası, M.Füzulinin sözlərinə
“Şəbi-hicran” lirik
poeması, Xocalı soyqırımına həsr
etdiyi “Simfoniya - rekviyem”, “20 Yanvar” şəhidlərinə həsr
etdiyi “Rekviyem” və çoxsaylı kamera-instrumental əsərləri
musiqi ictimaiyyəti və dinləyicilər tərəfindən maraqla
qarşılanıb.
O, sonrakı mərhələdə
vokal musiqi janrına da müraciət edir. Səs və simfonik orkestr üçün yazdığı “7 Azərbaycan
xalq mahnısı” məcmuəsində xalq mahnılarından (“Dəli
ceyran”, “Süsən-sünbül”
və s.) geniş şəkildə yararlanır,
onların melodiya və formasını götürərək özünəməxsus
şəkildə orkestrləşdirir.
M.Quliyevin 20 pyesdən ibarət olan “Fortepiano üçün
albom” əsəri də orijinallığı
ilə seçilir. Bəstəkar burada müxtəlif lad-məqamlardan istifadə edərək hər muğamı bir pyes şəklində təqdim edir. M.F.Axundzadənin “Aldanmış kəvakib”
povesti əsasında
“Aldanmış ulduzlar”
adlı satirik operasını yazır.
Qeyd edək ki, əsər
bu janrın yeganə nümunəsi hesab edilir.
Pedaqoji fəaliyyətlə də
məşğul olan M.Quliyev uzun müddət A.Zeynallı adına Bakı
Musiqi Kollecində gənc musiqiçilərin
yetişməsinə töhfələr
verib.
Musiqişünas Zümrüd Dadaşzadə
görkəmli bəstəkarın
şair Ələkbər
Salahzadənin sözlərinə
bəstələdiyi “Nizami”
oratoriyasında yeni ifadə vasitələrinə
müraciətini, vokal-səhnəciklərində
ilk dəfə qroteskdən
istifadə etdiyini qeyd edib. Bildirib ki,
M.Quliyev həmişə
mürəkkəb, ciddi
vəzifələrin həlli
üzərində çalışıb.
Bu səbəbdən də musiqinin miqyaslı janrlarına üz tutaraq daim müvafiq ifadə vasitələri arayıb. Bəstəkarın ən böyük
uğuru 1977-ci ildə
Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsində
tamaşaya qoyulan “Aldanmış ulduzlar” operası olub.
Məmməd Quliyev 2 oktyabr 2001-ci ildə, 65 yaşında vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.14.