Mədəniyyətlərin mübadiləsi
dostluğa xidmət edir
“Festivallarda və həmkarlar arasında biz bir-birimizi tanıya bilərik. Əsas tamaşaçının
məlumatlı olmasıdır”
Oktyabrın 10-dan Bakıdakı Nizami Kino Mərkəzində Rusiya kinosu günləri keçirilir. Kino günlərinin
açılış mərasimində
Rusiyanın tanınmış
teatr və kino xadimi, rejissor
Yuri Vasilyev də iştirak edirdi. Qonaq jurnalistlərin suallarını
cavablandırdı, Bakı
ilə bağlı xatirə və təəssüratlarını bölüşdü.
Kino günlərinin proqramına
rejissorun “Qəhrəman”
filmi də daxildir. İlk sual da bu barədə
oldu:
- Əvvəla bildirim
ki, Bakıda olmaqdan çox məmnunam. Məni daha çox
teatr adamı kimi tanıyırlar.
Bu film rejissor kimi ikinci işimdir.
“Qəhrəman” filmi rus mühacirlərinə
həsr edilib. Tarixi janrda çəkilmiş filmin mesajı genetik yaddaşdır.
Sovet rejimində heç kim
öz tarixi kökü haqqında danışmırdı. İnsanlar öz
tarixi soylarını bilməlidirlər. Fransada yaşayan
ruslardan bəhs edən filmdə vətən sevgisi, qorunan adət-ənənələr
yer alır. Filmdə Rusiyanın tanınmış estrada ulduzu Dima Bilanın baş rol alması
da təsadüfi olmadı. İstədik ki, bu dəfə tamaşaçı
onu daha ciddi obrazda görə
bilsin. Düzdür, bu risk idi.
Amma o bir aktyor kimi
işin öhdəsindən
gələ bildi.
Çünki çəkiliş meydançasında Aleksandr
Baluyev, Marat Başarov
kimi aktyorlar yer almışdı.
Bu həm də
bir təşviqat idi. Dima Bilanın filmdə
rol alması gənclərdə filmə
maraq oyadacaq və gənclər tariximizə bələd olacaqlar.
- Söhbət öncəsi
Azərbaycanla bağlı
xatirələrinizin olduğunu
dediniz...
- Bəli, bu gün
nostalji hislər yaşadım. “Hilton” hotelində
yerləşdiyimiz zaman
40 il bundan
əvvəlki Bakı
dayandı gözlərim
önündə. Burada “İnturist”
mehmanxanası vardı.
40 il əvvəl
“Satira” teatr truppamızla həmin mehmanxanada qalırdıq. Bu gün həmin
məkanda, tam yeni görkəmdə bir hotel
var. Həmin səfər
həm də mənim ilk qastrol səfərim idi. O zaman biz qastrola görkəmli sənətkarlar
Andrey Mironov, Anatoli Papanovla birlikdə gəlmişdik.
O dövrdə Bakının
küçələrində satılan kvasın dadını indiyə kimi xatırlayıram. Bir də mən özümü sizə həmyerli də saya bilərəm. Çünki artıq 30 ildir
ki, bizim teatrın direktoru həmyerliniz Məmməd
Ağayevdir. Bakı fantastik
şəkildə dəyişib.
Burada özümü
nağıllardakı qəhrəmanlar
kimi hiss edirəm. Düzdür,
Bakıya gəlməzdən
əvvəl dostlar-tanışlar
buranın necə dəyişdiyindən danışırdılar,
mətbuatda da oxuyurdum. Amma gəlib-görmək, bu təəssüratı
yaşamaq başqa aləmdir. Bura rahat və sakitdir.
- Azərbaycan kinosu haqqında nə dərəcədə məlumatlısınız?
- Açıq deyəcəyəm.
Əsas bildiyim budur ki, sovet dövründə
Azərbaycan filmləri
populyar idi. Bu gün isə
paytaxt Moskvada sizin filmlər haqqında demək olar ki, məlumat
yoxdur. Odur ki, Rusiyada da mütləq Azərbaycan kinosu günləri təşkil
edilməlidir ki, sadə vətəndaşlar
bu filmləri izləsinlər. Festivallarda
və həmkarlar arasında biz bir-birimizi tanıya, məlumatlı ola bilərik.
Əsas tamaşaçının məlumatlı
olmasıdır. Onlar üçün
Azərbaycanın tarixi,
milli mədəni dəyərləri maraqlıdır
və onlar bu gün xalqın
tarixi və incəsənətini də
bilməli, tanımalıdırlar.
Qarşılıqlı mədəni mübadilə
həmişə dostluğa
xidmət edib. Bu bizləri qapalı
deyil, daha açıq şəkildə
əməkdaşlığa sövq edər.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 14
oktyabr.- S.7.