Gənclərin dekorativ-tətbiqi sənət festivalı

 

 

Oktyabrın 12-də “Art Villa” qalereyasında “Dekorativ- tətbiqi sənət festivalı -2016” layihəsinin açılışı oldu.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Layihənin kuratoru Səbinə Nəcəfovadır. Festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər nümayiş olunur.

Festivalı açıq elan edən “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov bu cür layihələrə istedadlı rəssamların cəlb olunduğunu dedi. Bildirdi ki, bu festivalda xalça üslubuna üstünlük verilir. Müvafiq layihələrə həvəskar rəssam və fotoqraflar da qoşula bilər.

Layihənin kuratoru Səbinə Nəcəfova qeyd etdi ki, festivalı keçirməkdə əsas məqsəd dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, yaradıcı insanları üzə çıxarmaq, Azərbaycan sənətkarlarını tanımaq və tanıtdırmaqdır. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etdirmək üçün böyük imkan yaradır. O, gənc rəssamlara dəstək olan bu layihənin həyata keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirdi və layihənin davamlı olacağını dedi.

Sonra festivala qatılan müəlliflər öz əl işləri barədə məlumat verdilər. Dekorativ-tətbiqi sənət festivalı oktyabrın 16-dək davam edəcək.

 

Rəsul

 

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.8.