Əyalətdə bir
sənətkar var...
Məmmədsadıq Axundov bölgələrdə yaşayıb-yaradan sənətkarlarımızdandır. 1956-cı ildə Lənkəran şəhərində anadan olub. Ali rəssamlıq təhsili alıb. Uzun illərdir ki, rəssam və heykəltəraş kimi fəaliyyət göstərir. Lənkəran Dövlət Rəsm Qalereyasının direktorudur. Əl işləri ilə doğma şəhərinin gözəlləşməsinə, sənət mərkəzi kimi zənginləşməsinə töhfələr verir. 60 yaşlı sənətkar söhbətə özü başlayır:
- 1982-ci ildən Lənkəran Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində çalışıram. Qalereyada bir çox görkəmli rəssamlar, heykəltəraşlar və digər sənət adamları ilə təmasda olmağım məni seçdiyim sənətə daha da yaxınlaşdırdı. Yaradıcılığın sirləri çoxdur. Hər kəsin öz düşüncəsi, dünyası var. XX əsrdə rəssamlıqda çoxlu cərəyanlar, qruplar yaranıb. Hər birinin öz prinsipi, yolu var. Mənim həm rəssam, həm də heykəltəraş kimi yaradıcılığım realizmə söykənir. Hərdən özümü müxtəlif cərəyanlarda da sınamağa çalışıram. Heykəltəraşlıq işlərimdə barokkodan istifadə edirəm, relyefli işlər görürəm, kompozisiyalı heykəllər işləyirəm. Rəngkarlıqda əsasən portret, mənzərə, məişət, natürmort janrlarında işləyirəm. Hərdən mifoloji və batal janrlara da müraciət edirəm. Portretlərdə insanların xarakterini tutmaq daha asandır. Əsl portret insanın daxili aləmini aça bilən bir yaradıcılıq məkanıdır.
Lənkəranın görkəmli elm, sənət adamları var. XII əsrdə yaşayıb-yaratmış alim, təbib Ramazan Lənkəraninin və XIX əsrdə yaşamış şair, yazıçı, alim, publisist, “Fövcül-füsəha” ədəbi məclisinin yaradıcılarından olan Səid Əli Kazımbəyovun portretlərini hazırlamaq mənə tapşırıldı. Bundan başqa, Sovet İttifaqı Qəhrəmanı Baloğlan Abbasov, Mir Əhməd Xan, eləcə də bu gün Lənkəranın tanınmış şairləri, din xadimləri, sənət adamları olan bir çox insanların portretlərini çəkmişəm.
- Maraqlı mənzərələriniz, qrafika işləriniz də var...
- Mənzərə janrı təbiətin gözəlliyi, insan qəlbinin kövrək məqamıdır. O gözəllikləri duyub yaşamaq üçün rəssamlıq böyük imkanlar verir. Mənzərələrimdən beşi şəhərdəki Tarix-diyarşünaslıq muzeyində saxlanılır. Daha bir neçəsi istirahət mərkəzlərində nümayiş olunur. Eləcə də qalereyamızda mənzərələrim sərgilənir. Gənc rəssamlarla yaradıcılıq səyahətləri edirik. Sonradan həmin işlər qalereyada sərgilənir və başqa sərgilərə göndərilir. Çoxlu qrafik işlərim var. Qrafika çəkmək mənə ayrıca zövq verir. Burada rəngkarlıqda deyə bilmədiklərimi deyirəm. Qrafika sadəcə məşğuliyyət deyil, yüksək biliyin, geniş təxəyyülün məhsuludur.
- Yaradıcılığınızda heykəltəraşlıq hansı yeri tutur. Bildiyimizə görə, Lənkəranın küçə və meydanlarında əl işlərinizə çox rast gəlmək olur...
- Heykəltəraşlıq rəssamlığın daha qabarıq iş metodudur. Heykəltəraş özündən asılı olmadan yaratdığı əsər ilə söhbət edir, onunla dostlaşır, özünə ən yaxın bilir. Əgər heykəltəraş bunları yaşamırsa, deməli, yaxşı sənətkar deyil.
Heykəltəraşlığa marağım tələbəlik illərində sərgilərdə xırda fiqurlarla iştirakımdan başlayıb. Sovet dönəmində mənə heykəllər sifariş edirdilər. Bu sifarişlərin çoxunu büstlər və Böyük vətən müharibəsində qələbəyə həsr olunmuş kompozisiyalar təşkil edirdi. Hirkan qəsəbəsində, şəhər məktəblərində qoyulmuş büstləri örnək göstərə bilərəm. Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda həlak olmuş şəhidlərin büstlərini hazırlamışam. 2005-ci ildə Lənkəranda ümummilli lider Heydər Əliyevin xatirəsinə mərkəzi meydanda abidə ucaldılması mənə həvalə edildi. Həm ümumi abidə kompleksinin tərtibat eskizini, həm də heykəli hazırladım.
Şəhərin mərkəzindəki istirahət parkında oturub söhbət edən iki ağsaqqalın kompozisiyalı heykəlini yaratmışam. Bu iki ağsaqqal Lənkəranın tanınmış insanları - Mirhaşım Talışlı və Kamal Kələntərlidir. Lənkəran teatrının qarşısında afişanı oxuyan adam heykəli də mənim əl işimdir. Bu, teatrın mərhum aktyoru Kamil Nəcəfovun kompozisiyalı heykəlidir. Sonralar Lənkəranın park və meydanlarında kompozisiyalı heykəllər hazırladım. Bunlardan biri kötük üstündə oturub nərd oynayanlar, o biri isə nağıl qəhrəmanlarına dair heykəldir. “Palıdlı sahil” istirahət mərkəzində xalq arasında tanınmış lənkəranlı şəxslərin kompozisiyalı, bir qədər də məzəli heykəllərini qoymuşam. Bunlardan çayçı Məmmədi, çayçı Cəlalı, balıqçı Nəcəfi, tərəvəzçi Elmiranı, məzəli lətifələri ilə tanınan Baləmi, kötük üstündə oturub əlində pivə qabı tutan kişi heykəllərini göstərmək olar. Həmin istirahət mərkəzində müəllifi olduğum başqa kompozisiyalı heykəllərim də var: “Xan, vəzir və kəndli”, “Sevgililər” və s. Heykəllərdən əlavə tanınmış şəxslərin vaxtilə yaşadığı binalarda xatirə lövhələrini işləmişəm.
Hazırda yerli rəssam və heykəltəraşlarla rəsm qalereyasının həyətində olan ağaclar, güllər arasında cürbəcür heyvanları, quşları maraqlı vəziyyətlərdə işləmək niyyətindəyik. Artıq işə başlamışıq, sənət zooparkı yaratmışıq. Gələcəkdə Lənkəranda yaşamış, işləmiş yaradıcı şəxsiyyətlər, nüfuz sahibləri ilə bağlı maraqlı süjet xəttinə malik kompozisiyalı, bədii formalı bir abidə kompleksi hazırlamaq fikrimiz də var.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 14
oktyabr.- S.11.