“Bəzən şairdən öncə onun şeirləri ölür

 

 

Bu gün dünya şeirinə çatmaq üçün sərbəst üslubda yazmalıyıq, amma burada da öz yolumuz olmalıdır”

 

Çalğın Məhəmməd çağdaş Güney Azərbaycan şeirinin tanınmış nümayəndələrindəndir. Yaradıcılığında özünün yaratdığı yeni üsul və biçimlərdən istifadə edir.

Ç.Məhəmməd 1977-ci ildə Təbrizdə doğulub, 13 yaşından şeir yazır. İlk olaraq xalq şeiri qəliblərində qəzəl, qoşma, gəraylı yazıb. Bir müddət xalça rəssamlığı ilə məşğul olub və tanınıb. Amma onu şeir özünə daha çox cəlb edib. Bu dəfə o, yeni ideyalarla yeni üslubda - sərbəst şeirlə meydana çıxıb. İndi üçölçülü bir xalça üzərində işləyir və həmin əsərini Azərbaycanda nümayiş etdirmək fikrindədir.

Ç.Məhəmməd şeiri həyatının anlamı bilir: “Mənim üçün bütün yollar şeirdən başlanır. Yeni şeirdə tərif və nəsihət yoxdur, daha konkret anlamlar var”.

Güney Azərbaycanda güclü şeir ənənəsinin yarandığını vurğulayan şair deyir: “Bizdə ədəbi ideologiya tam klassikdir. Bu ideologiya çağdaş ədəbiyyata cavab verə bilməz. Belə ideologiyaya söykənən əsərlərə çağdaş deyə bilmərik. Güneydə dünya ədəbiyyatıyla tanışlıq çoxdur. Sərbəst şeirin özünəməxsus yolu və texnikası var. Bu gün dünya şeirinə çatmaq üçün sərbəst üslubda yazmalıyıq, amma burada da öz yolumuz olmalıdır, Qərbi yamsılamaqdan çəkinməliyik”.

Şair bir neçə dəfə Bakıda olduğunu, bu tay şairlərilə dostluq etdiyini söyləyir: “Bu yaxınlarda Bakıda iki şeir kitabım çıxacaq. Həmin kitabların Azərbaycan şeirinə bir töhfə olacağına inanıram”.

Müsahibimin şeirləri çox konkret, həm də anlamlıdır. Fikri aydın və qısa ifadə etməyi bacarır. Deyir ki, çağdaş insan hər hansı məsələnin məğzinə tez çatmaq istəyir: “Şeirlərimdəki konkretlik rəssamlığımla da bağlı ola bilər. Şeir bu gün ədəbiyyatdan daha çox fəlsəfə, psixologiya, sosial elmlərlə bağlıdır. Sanki şeir özünün öncəki çevrəsindən çıxıb yeni çevrəyə ayaq basır. Dünya şeirinə baxanda bizim şeirimiz texniki baxımdan yoxsul görünür. Yalnız köhnə vəznli şeirlərin texnikasını bilirik. Bugünkü şairdən böyük və dərin düşüncə tələb olunur, yoxsa o yeni heçyarada bilməyəcək. Bütün şeirlər bir-birinə bənzəyir, sanki kimsə fərqli yaza bilmir. Oxucu da təkrarçılıqdan yorulub. İndi çox vaxt şairdən öncə onun şeirləri ölür”.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.15.