“Folklor və dövlətçilik”
mövzusunda elmi konfrans keçirildi
Zəngin folklorumuzda
dövlətçilik tariximizin izləri görünür
Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Folklor İnstitutunun təşkilatçılığıyla dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyinə həsr olunmuş “Folklor və dövlətçilik” mövzusunda II elmi konfrans keçirildi.
Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin önəmini vurğuladı. Qeyd etdi ki, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı ölkə başçısı sərəncam imzalayıb, bununla əlaqədar müxtəlif tədbirlər təşkil edilir. Vurğulandı ki, AMEA-nın bu tarixi “Folklor və dövlətçilik” adlı elmi konfransla qeyd etməsi elm adamlarının milli dəyərlərə, vətənçilik duyğularına ehtiramının göstəricisidir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli söylədi ki, tarixən folklorumuz dövlətçilik ənənələrinə böyük önəm verib, dövlətçiliyin qorunmasında xalqın ən doğma ünvanı, qaynağı olub.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova hələ yazı ortaya çıxmamışdan öncə folklorun insanlar üçün ensiklopediya olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, folklor dilimizin incəliklərini özündə yaşadır, tariximizi bizə doğmalaşdırır.
AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov vurğuladı ki, folklor qədimdən üzü bəri öz bütövlüyünü qoruyub: yazılı ədəbiyyatımızda müxtəlif dövrləşmələr olsa da, folklorumuzda belə hal olmayıb. Alim qeyd etdi ki, zəngin folklorumuzda böyük dövlətçilik ənənəmizin izləri aydınca görünür. O da diqqətə çatdırıldı ki, müstəqillik illərində Folklor İnstitutu xalq yaddaşında olan örnəklərin toplanmasını həyata keçirib. Təkcə Qarabağ bölgəsindən 10 cildlik folklor nümunələri yığılıb. Tarixi ərazilərimiz olan Dərbənd, Borçalı, Güney Azərbaycandan toplanan folklor örnəkləri cildlər şəklində çap olunub.
Sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirdi. “Heydər Əliyev siyasi kursu və folklorda qorunan mənəvi dəyərlərimiz”, “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığının aktual problemləri”, “Çağdaş folklorşünaslığımızda Azərbaycan folklorunun ümumtürk kontekstində öyrənilməsi məsələləri”, “Azərbaycan mühacirət folklorşünaslığı bu gün”, “Çağdaş Azərbaycan folklorşünaslığında toplama-tərtib işlərinin vəziyyəti və elmi səviyyəsi”, “Türk dövlətçilik ənənəsində əjdaha və aslan”, “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığında Cənubi Azərbaycan folkloru məsələləri” mövzularında məruzələr dinlənildi.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.4.