“Şekspir
xalçası” müsabiqəsinin nəticələri elan olundu
Oktyabrın 14-də Azərbaycan Xalça Muzeyində “Şekspir xalçası” müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirildi. Müsabiqə "British Council Azərbaycan", Dövlət Rəssamlıq Akademiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə elan olunmuşdu.
Tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, layihə Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir. Müsabiqəyə may ayında start verilib və may-iyul tarixləri arasında uşaq və gənclər, eləcə də peşəkar dizaynerlər tərəfindən 60-dan çox iş təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, Azərbaycan ənənələrini də özündə əks etdirir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts "Şekspir xalçası"nın dünyada bu tipli yeganə müsabiqə olduğunu diqqətə çatdırdı. Azərbaycanda belə bir layihənin reallaşmasından məmnunluğunu ifadə etdi.
“British Council Azərbaycan”ın direktoru Elizabet Uayt qeyd etdi ki, Azərbaycanın qədim xalçaçılıq ənənələri var. Dünyanın ən qədim tarixə malik xalçası və ən böyük, tarixi baxımdan əhəmiyyətli və gözəl xalçalarından biri Cənubi Azərbaycandan Ərdəbil xalısıdır. Həmin xalı Şekspirin dünyaya gəlməsindən 15 il öncə (1549) toxunmuş və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur.
Daha sonra müsabiqənin nəticələri haqqında məlumat verildi. Qeyd olundu ki, münsiflər heyəti tərəfindən üç kateqoriya üzrə ən yaxşı dizaynlar seçilib. Onların arasından 15 ən yaradıcı iş "British Council"un rəsmi "Facebook" səhifəsində yayımlanıb və ən çox bəyənilmiş dizayn xüsusi tamaşaçı simpatiyası mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Gənc Tamaşaçılar Teatrının rəssamı Telman Şıxıyev birinci yerə layiq görülüb. O, eyni zamanda Londonun Viktoriya və Albert Muzeyinə və “Qlobus” teatrına səyahət etmək imkanı qazanıb.
Müsabiqənin hər kateqoriyası üzrə qaliblərə mükafatlar və bütün iştirakçılara sertifikatlar verildi. Bildirildi ki, üç qalib iştirakçının dizaynı əsasında xalçalar toxunacaq.
L.Azəri
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.5.