Uşaqlara bağlı ömür

 

 

Oktyabrın 15-də F.Əmirov adına 6 saylı Uşaq incəsənət məktəbində görkəmli bəstəkar, professor Oqtay Rəcəbovla görüş keçirildi.

 

Uşaqlara bağlı ömür” adlı tədbiri məktəbin direktoru, Əməkdar müəllim Adilə Yusifova açaraq bildirdi ki, gözəl və yaddaqalan musiqilər bəstələmək hər sənətkara nəsib olmur. Sevilən əsərlər yaratmaq üçün gərək musiqini özün üçün həyat amalı seçəsən və qəlb adamı olasan. Oqtay Rəcəbov da belə sənətkarlardandır. O, yaradıcılığını uşaqlara həsr edib.

Məktəbin Nəzəriyyə şöbəsinin müəllimi Aytən Manafova bəstəkarın həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, O.Rəcəbov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində görkəmli bəstəkar Cövdət Hacıyevin sinfində təhsil alıb.

Qeyd olundu ki, “Anam Azərbaycanım”, “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?” və digər qəlboxşayan mahnılar bəstəkarın fitri istedadının parlaq nümayişinə çevrilib. Bu mahnılar tanınmış müğənnilərin ifasında populyarlaşaraq dinləyicilərin, tamaşaçıların rəğbətini qazanıb. Onun bəstələdiyi 400-dən çox əsər (bunların 250-si uşaqlar üçündür) Azərbaycan musiqi sənətini zənginləşdirib. Sənətkar 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, vokal-instrumental əsərlərin, filmlərə musiqilərin müəllifidir.

Çıxışlardan sonra bəstəkarın “Şirvan bayatıları”, “14 miniatür” əsərindən “5 miniatür”, xalq mahnıları işləmələrindən “Azərbaycan maralı”, “Küçələrə su səpmişəm”, “Qubanın alması”, “Sarı gəlin”, “Dağ üstədir bağımız”, “Bazarda alma”, “Musical ABC” məcmuəsindən “A, L, D” də “Uşaqlar sevinsin həmişə” əsərləri məktəbin şagirdləri tərəfindən ifa olundu.

Sonda O.Rəcəbov şagirdlərin suallarını cavablandırdı, əsərlərini onlara hədiyyə etdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.7.