“Bir qəlbin qələmə
etirafları”
Kitabxanada Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ilə görüş
Oktyabrın 13-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında şair, yazıçı, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ilə görüş keçirildi.
“Bir qəlbin qələmə etirafları” adlı tədbiri MKS-nin Mərkəzi kitabxanasının direktoru Oruc Quliyev açaraq belə görüşlərin gənc nəslin təlim-tərbiyəsində, mədəni inkişafında, şəxsiyyət kimi yetişməyində rolunu vurğuladı.
Mərkəzi kitabxananın baş kitabxanaçısı Gülzadə Quliyeva İlqar Fəhminin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, tanınmış yazıçı və şairin bədii yaradıcılığı ilə yanaşı, Azərbaycan Dövlət Televiziyasında aparıcı redaktoru olduğu "Məclisi-üns" ədəbi verilişi də hər zaman maraqla qarşılanır və bu görüşə çoxsaylı ədəbiyyatsevərlər gəlib.
Yazıçının ssenarisi əsasında lentə alınan ekran əsərləri, tele-seriallar, teatrda tamaşaya qoyulan pyesləri haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd edildi ki, telekanallarda maraqla izlənilən “Dəfnə ağacı”, “Sən olmasaydın” və digər seriallar yazıçının kinoromanlarının əsasında ekranlaşdırılıb.
Sonra oxucular İlqar Fəhmiyə suallar ünvanladılar, qələmə aldığı əsərlərdəki qəhrəmanların həyatı, mövzu və personajlarla bağlı fikirlərini bölüşdülər.
Kinorejissor Pərviz Seyidli yazıçının yaratdığı obrazlar barədə qənaətlərini diqqətə çatdırdı.
Tədbirdə İlqar Fəhminin öz ifasında səslənən şeir və qəzəllər iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Sonda yazıçı külliyyat şəklində dərc edilən kitablarını Xətai rayon MKS-nin Mərkəzi kitabxanasının fonduna və oxuculara hədiyyə etdi. Görüşdə Respublika Gözdən Əlillər Kitabxanasının, paytaxt kitabxanalarının əməkdaşları və oxucuları iştirak edirdi.
Lalə
Mədəniyyət.- 2016.- 19
oktyabr.- S.10.