Meksika jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub

 

 

Azərbaycanın Meksikadakı səfirliyinin təşəbbüsü və məlumat dəstəyi ilə ingilis-ispan dilində nəşr edilən “Amura Yachts & Lifestyle” jurnalının “Azərbaycan - Odlar Yurdu” sərlövhəli xüsusi buraxılışı çap olunub.

 

Səfirlikdən bildirilib ki, əsasən zəngin təbəqədən olan oxucu kütləsinin və adamlarının diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş lüks kateqoriyalı jurnalın xüsusi buraxılışında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, kulinariyası, coğrafi mövqeyi, iqtisadiyyatı və əhalinin həyat səviyyəsi barədə məlumatlar və rəngarəng şəkillər yer alıb.

Həmçinin Azərbaycanın mədəni sərvəti olan, musiqi, poeziya və fəlsəfənin sintezindən ibarət muğamın nəsildən-nəslə keçdiyi qeyd edilir, musiqi alətlərimiz tar, kamançaqaval haqqında ətraflı məlumat verilir. Növbəti səhifələrdə Bakının tarixi yerləri olan İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı barədə ətraflı söhbət açılır. Müasir Bakı haqqında məlumat verilərkən göydələnlərdən, dəbdəbəli ticarət mərkəzlərindən, lüks hotellərdən, restoranlardan bəhs edilir. Nəşrdə bu ilin iyun ayında Bakıda keçirilmiş “Formula-1” yarışı ilə bağlı fotoşəkillər verilib.

Bakı ilə yanaşı, Gəncə, Quba, Şəki, Lənkəran və Naxçıvan kimi şəhərlərimizdən də bəhs olunur. Oxuculara dünyanın 6 ən qədim və məşhur at cinsindən olan Qarabağ atları haqqında da məlumat verilir. Həmçinin qədim insan məskəni olan Qobustandan söz açılır, 2007-ci ildə bu məkanın UNESCO-nun Dünya irs siyahısına salındığı və bu ərazidə üç yüzdən artıq palçıq vulkanının olduğu qeyd edilir.

Xüsusi buraxılışda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verilir, onun irsinin İran, Tacikistan, Əfqanıstan və digər ölkələr üçün paylaşılan bir dəyər, xəzinə olduğu vurğulanır.

Sonda Azərbaycan ərazisində mövcud olmuş dövlətlər barədə müfəssəl məlumat verilir. 1918-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etdiyi, 1920-ci ildə müstəqilliyini itirdiyi və 1991-ci ilə qədər Sovetlər İttifaqının dağılmasından sonra yenidən bərpa etdiyi bildirilir. Xüsusi buraxılışda, həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə məlumat verilir.

Qeyd edək ki, “Amura Yachts & Lifestyle” jurnalının əvvəlki buraxılışları Manila, Berlin, Roma, Nyu-York, London kimi şəhərlərə həsr olunub.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.10.