Can könül...
bir sağlıq de,
bizim gözəl şairimiz
Əhməd Cəmil barədə...
...Çoxdandır çıxdaş edib, yazı masamın daxılına atdığım can qələmim, bu yazıda sən özün irəli dur. Başdan-başa dədə-baba ədəb-ərkanıyla yaşamış, xəlqi düşüncə, el-obavi təhkiyəylə yazıb-yaratmış, rəsmi vəzifələrdə belə millilik görəvilə çalışmış bu sənətkar haqda balaca bir qəzetnamə öygümü səninlə yazaq; artıq, sevgi-məhəbbətə də müdaxilə etməkdə olan texnikanın kompüter adlı “mirzə”silə yox...
Yazaq ki;
“Can nənə, bir nağıl de...” şeirilə qanlı “1941-45” dövrünün bütün nənə-nəvələrinin təskinlik himnini yaratmış Əhməd Cəmil 20 oktyabr 1913-cü ildə qədim, doğma İrəvan quberniyasının eyniadlı şəhərində kustar sənətkar ailəsində doğulub. Dörd yaşının tamamında atasını itirən, ibtidai və orta təhsilini çətinliklər əlindən köçdükləri Gəncə məktəblərində alan, yeddinci sinif şagirdiykən yazdığı “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunduqdan bir müddət sonra müxtəlif mətbu orqanlarda (“Dağıstan füqərası”, “Gənc bolşevik”, “Hücum”, “İnqilab və mədəniyyət” və s.) vaxtaşırı çap olunan Əhməd Bakıya gələrək təhsilini Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində davam etdirib. Şəmkir rayonunda, Gəncədə orta və ali məktəb müəllimi, metodist, 1940-cı ilin sentyabrından Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib işləyib. Müharibə illərində Şimali Qafqaz və Krım cəbhə qəzetlərində çalışıb, tərxis edildikdən sonra müxtəlif qəzet-jurnallarda çalışıb. Səhhətilə bağlı bir müddət işdən kənarlaşmağa məcbur olan sənətkar 1948-ci ildə Yazıçılar İttifaqı idarə heyətinin məsul katibi seçilib, üç il sonra “Ədəbiyyat qəzeti”ndə redaktor, ardınca “Azərnəşr”də baş redaktor, respublika Mədəniyyət Nazirliyində məsləhətçi, “Azərbaycan” jurnalının redaktoru, “Azərnəşr”in (1962-63), “Gənclik” nəşriyyatının (1964-67) və “Ulduz” jurnalının (1973-77) baş redaktoru vəzifələrində işləyib. Gözəl adları (“Yadigar”, “Əsgər qardaşıma”, “Şaxta baba”, “Təməl daşları”, “Can nənə, bir nağıl de”, “Vaxtında gəlmişik bu dünyaya biz” və s.), poetik dad-tamları ilə seçilən iyirmidən çox kitab çap etdirib. Rus, alman, gürcü, Ukrayna, belarus, özbək, tacik və başqa xalqlara məxsus korifeylərin əsərlərini doğma dilimizə çevirib. Ədəbiyyat, mətbuat sahəsindəki xidmətlərinə görə müxtəlif orden-medallar, Azərbaycan SSR Dövlət mükafatı ilə təltif olunub, 1977-ci il sentyabrın 27-də Bakıda vəfat edib...
Bu qədər “işgüzar ömür” qeydlərindən sonra nə? Obrazlı desək, bir gəzimlik dincəliş “park”ı.
Əlbəttə, poeziya!..
Gülür günəş, gülür çəmən,
Açır bənövşə, yasəmən,
Pıçıldayır axan sular:
Baharın özgə hüsnü var...
Vurulmuşam bahara mən!
Yaşıl yamacda qumrutək,
Ötür yanıqlı bir tütək.
Haray salır kamançalar:
Al örpək örtdü
bağçalar.
Yuyundu şehlə gül-çiçək!
Güləndə axşamüstü gül,
Üfüq geyir narıncı tül.
Yanır hər evdə bir ocaq.
Fərəhlənir oğul, uşaq...
Baxanda şad olur könül.
Yananda göylərin şamı,
Gözəl olur yaz axşamı...
Bəli, yaz axşamları gözəl olur. Amma həmin axşamları bu sayaq yaz
səhərli ifadələrlə
bəzəyəndə daha
gözəl olur, deyilmi?..
Vətənin “nə”liyi, “necə”liyi, bütün digər nəsnələrdən vacibliyi,
müqəddəsliyi hər
kəsə bəlli. Bəs onun vəsfini hamımızmı bu sayaq edə bilirik -
Ey Vətən, ana Vətən,
Heyranam,
sənə, Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var:
Dağların baş-başadır,
Düzlərin tamaşadır.
Nə gözəldir qucağın,
Doğma
odun, ocağın!..
Deyirəm, bu xoş-beş,
məstedici “pəncərə”
mənzərələrindən sonra, gözəl şairimizin
“bikeflədici” qapısını da açmaq olar:
- Ay nənə, bir nağıl de!
- Ömrüm-günüm, yat
daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə
keçib, ev
soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə
məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin
mənə, bax, eşikdə yel əsir...
Bütün yaradıcılığı boyu
bircə poema da yazmamış bu şairin romantik epikliyinin fərqindəsizmi, möhtərəm
oxucular?! Sizə elə gəlmirmi
ki, janrlığında
“poema” yazılmamış
bu poetik nümunəni “şeir” tutumuna yerləşdirmək
çox çətin
olacaq? Yox, narahat olmayın, “məsələ” elə bu həcmdə də həll olunacaq:
Bir gizilti duyur uşaq
vücudunda bu ara,
Həsrət qonan gözlərini
zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı.
- Bəs, ay nənə, atam indi haradadır,
görəsən?!
- Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi
onu səngərdə
bəs üşütmürmü
qar, külək?..
Bir az da ədəbi-tənqidi...
Yazırlar ki, dövrün
qaynar “ədəbi ictimaiyyət”inin seçkin
simalarından olmuş
bu məhsuldar şairin, ləzzətli istedad, “möhür misralar” sahibinin adı ədəbi mübahisələrin, hələ
də dəbdə olan (məşhur “37”) “dosye”lərinin heç birində hallanmır. Vurğulayırlar ki, Əhməd Cəmil haqqında S.Vurğun kimi ustad şairlər,
M.Arif kimi görkəmli tənqidçilər
ürəkdolusu məqalələr
yazıb, poeziyasını
yüksək qiymətləndiriblər,
çox savadlı, dedikcə kristal bir insan olduğu
üçün daim yuxarı vəzifələrə
layiq biliblər və s. S.Vurğunun təbirincə: “O öz incə rübabında çaldığı nəğmələrlə
həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir, qəhrəmanlarımızın
mərd əllərini
alqışlayır, həyat
və azadlıq bayquşlarının törətdiyi
dözülməz faciələrin
bədii tablosunu verir”.
Böyük Vurğunun bu sözləri ilə, indilər bəzilərinin
o dövr poeziyası haqda dedikləri “sovet dövrünün şairləri zərif hisslərdən, duyğulardan
yan keçmişlər”
kimi fikirlərini müqayisə edərkən
Əhməd Cəmilin
saysız şeirlərinin
məhz birinci qənaətin xeyirinə işlədiyinin şahidi
oluruq. Bəli, bu şair,
S.Vurğun demiş, insan hiss-duyğularının
rəssamı idi.
Onun “Əmrahın anası” şeiri buna parlaq misaldır. Həmin epizodu - su içmək
istəyilə yaxınlaşan
yolçuları “çaşdırıb”
yanğılarını yaddan
çıxaran Hicran xalanın poetik “bihuşdar”ı kimi də mənalandırmaq olar. Baxaq, görək, bu qarı öz əri haqda nələri necə deyir:
Hər gün çöldən gələr yorulmuş, xəstə,
Ləklərə su açar, fikrə gedərdi.
Oturub həyətdə bu taxtın üstdə
Gecə çubuğunu tüstülədərdi.
Əmrahdan nişanə odur,
bilirsən,
Adı Nüşabədir, noğul
deyirəm.
Oğul
əvəzidir... hərdən
görürsən,
Huşum
dağılanda “oğul”
deyirəm...
Əhməd Cəmil çox
gözəlliklərdən sonra belə bir “özəllik” də yazmışdı:
İki mininci ildə,
Gəzəcəkmi sözlərim
Yenə ağızda, dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da,
Qəlblərdə qalacağam.
Gözəl şairimizin bu umusunu hədəflədiyi
tarixçədən 16 il keçmiş oxuduğunuz bu yazıdan sonralar hər il oxuyacağınız
neçə-neçə daha
yaxşı və daha geniş məqalələr göyərəcək...
Tahir Abbaslı
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi
Mədəniyyət.- 2016.- 19
oktyabr.- S.13.