Bakıda beynəlxalq çörək festivalı keçirildi

 

 

Azərbaycanın şəhər və rayonlarının, Türkiyə, Özbəkistan və Qazaxıstanın onlarla çörək növü nümayiş olundu

 

Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi. Tədbirə ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin əməkdaşları, Milli Kulinariya Assosiasiyasının üzvləri olan şirkətlər qatılmışdı.

 

Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, həm ölkəmizdə keçirilən kulinariya tədbirlərində, həm də beynəlxalq səviyyədə kulinarlarımız ölkə mətbəxini layiqincə təbliğ edirlər: “Azərbaycanda Beynəlxalq Kulinariya Günü 2007-ci ildən qeyd olunur. Məlumdur ki, milli mətbəx qeyri-maddi mədəni irsin mühüm hissələrindən biridir. Dövlətimiz tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və təbliği məsələlərinə xüsusi diqqət yetirilir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulubbu gün davam etdirilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mədəni irsimizin, o cümlədən milli mətbəximizin qorunması və təbliği işinə diqqət və qayğı ilə yanaşırlar. Xaricdə təşkil olunan tədbirlərdə Azərbaycan kulinariyasının nümunələri yüksək səviyyədə nümayiş etdirilir”.

Nazir müavini qeyd etdi ki, qədim tarixə malik Azərbaycan mətbəx mədəniyyətinin tədqiqi və dünyada tanıdılmasında Azərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Kulinarlar Assosiasiyasının fəaliyyəti böyük əhəmiyyət kəsb edir:Bu gün ilk dəfə olaraq Beynəlxalq Kulinariya Günü çərçivəsində beynəlxalq çörək festivalı keçirilir. Çörək qədim zamanlardan xalqımızın sərvəti, bolluq və bərəkət rəmzi sayılır. Azərbaycanda çörəyə xüsusi münasibət var. Uşaqdan böyüyə hamı müqəddəs nemət kimi çörəyə böyük ehtiramla yanaşır. Bugünkü festivalda respublikanın bölgələrinə və bir sıra xarici ölkələrə xas müxtəlif çeşidli çörək növləri və onların hazırlanması qaydaları nümayiş etdirilir. Əminik ki, festivalın keçirilməsi əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək”.

Sevda Məmmədəliyeva turizm bazarının formalaşmasında kulinariya ənənələrinin əhəmiyyətli rol oynadığını vurğuladı: “Tövsiyə edərdik ki, milli mətbəximizi nümayiş etdirən tədbirlər turistlərin çox olduğu yerlərdə, mərkəzi meydanlarda da keçirilsin. Eyni zamanda dünya təcrübəsindən istifadə edərək bu kimi tədbirlərin yazyay aylarında, açıq havada keçirilməsi daha məqsədəuyğun olardı”.

Qeyd olundu ki, Azərbaycanda qastronomik turizmin inkişafı üçün mətbəxdən yazan xarici müəlliflərin, bloqqerlərin cəlb edilməsi, onların kulinariya ilə bağlı festivallara, müxtəlif regionlara mətbəx turlarına dəvət olunması müsbət nəticə verə bilər. Azərbaycan mətbəxi və görməli yerləri haqqında təəssüratların sosial şəbəkələrdə, jurnal və qəzetlərdə işıqlandırılması, geniş auditoriyaya çıxması Azərbaycana marağın daha da artmasına səbəb olar.

Nazir müavini Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarları təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.

* * *

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov 20 oktyabr - Beynəlxalq Kulinariya Gününün tarixindən danışdı, bu əlamətdar günün dünyada 13, ölkəmizdə isə artıq 10 ildir qeyd olunduğunu bildirdi, görülən işlərə nəzər saldı:Bu il Milli Kulinariya Mərkəzi olaraq 25 yerli və 12 xarici tədbirdə iştirak etmişik. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Bir sıra digər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təbliğ etmişik. Eyni zamanda aşpazlara milli mətbəx üzrə treninqlər keçirilib, sertifikatlar verilib. Kulinariyaya aid 3 kitab nəşr edilib. Kulinariya sahəsində fəaliyyət göstərən bir sıra insanlar mükafatlara və fəxri adlara layiq görülüblər. Hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin və Milli Kulinarlar Assosiasiyasının dəstəyi ilə xaricdə tələbələrimiz təhsil alır”.

Qeyd olundu ki, paytaxtda keçirilən Novruz bayramında, Qəbələdə mürəbbə festivalında, Şəkidə şirniyyat festivalında və digər bu kimi tədbirlərdə kulinarlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.

Bildirildi ki, ilk dəfə təşkil olunan çörək festivalında Azərbaycanın 24 şəhər və rayonu, Türkiyə 7, Özbəkistan 3, Qazaxıstan isə 5 çörək növü ilə təmsil olunur.

Millət vəkilləri Qənirə Paşayeva, Ülviyyə Ağayeva, xarici ölkə səfirliklərinin nümayəndələri və digər qonaqlar çıxış edərək Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarlarımızı təbrik etdilər.

Tədbirdə Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya “Azərbaycan milli mətbəxinin səfiri” diplomu təqdim olundu. Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarlara, kulinariya ənənələrinin təbliğ olunmasında göstərdiyi xüsusi xidmətlərə görə media nümayəndələrinə, şirkətlərə diplomlar təqdim edildi.

* * *

Sonra tədbir iştirakçıları festivalda təqdim olunan nümunələrlə tanış oldular. Bizbir neçə iştirakçının fikirlərini öyrəndik.

Qusar rayonunun təmsilçiləri festivalda 10-dan artıq çörək növü təqdim edirdilər. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov bildirir ki, festivalda Qusarda hazırlanan pendirli çörək, şirin çörək, kişmişli çörək, fəsəli, afar, tskanbaşqa müxtəlif növ çörəklər nümayiş olunur: “Tskan Qusara məxsus mətbəx nümunəsidir. Bunun hazırlanmasında un, ət, kartof və müxtəlif ədviyyatlardan istifadə olunur. Afar isə təxminən göy qutabı formasında hazırlanır”. Şöbə müdiri qeyd etdi ki, belə festivallar ölkəmizin mətbəxinin zənginliyini bir daha nümayiş etdirir.

Şuşa rayonunun stendində də özünəməxsus çörək növləri nümayiş olunurdu. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov burada nümayiş olunan çörək növlərinin vaxtilə Qarabağda, Şuşada geniş çeşiddə hazırlandığını deyir: “Burada Şuşa fətiri, suxarı çörək, fəsəli çörəyi, motal pendiri ilə hazırlanmış dürməklər və başqa çörək növlərini təqdim edirik”.

İmişli rayonunun stendi müxtəlif çörək növləri, şirniyyatlarla bəzədilmişdi. Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İsmayıl Nuriyev şirin çörək, qoğallar, zəfəranlı və küncütlü təndir çörəyi, kətələr barədə məlumat verdi.

Qeyd etdi ki, gətirdiyimiz çörək növləri arasında olan kömbə çörəyi fərqli dada malikdir. Sacda hazırlanan bu çörəyin bişirilməsində şabalıd, qoz ləpəsi, kişmişyağdan istifadə olunur.

Paytaxtımızda ilk dəfə keçirilən çörək festivalı tədbirə qatılanlara zəngin təəssüratla yanaşı, ağız dadı da bəxş etdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.2.