Seyfəddin Dağlının xatirə gecəsi

 

 

Oktyabrın 19-da C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı-dramaturq, jurnalist, şair Seyfəddin Dağlının (1921-1983) 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Əvvəlcə ədibin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olundu.

 

Tədbirdə çıxış edən Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı yubiley gecəsinin “Müasir cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanın klassikmüasir ədəbiyyat xadimlərinin yaradıcılığının təbliği” layihəsi çərçivəsində reallaşdığını bildirdi. Sonra atası ilə bağlı xatirələrini bölüşdü: “Atam çox zəhmətkeş, öz xalqını çox sevən insan idi. Tanımadığı adamlara belə kömək edərdi. Onun yazıb-yaratdıqları bu günoxucular tərəfindən sevilərək qəbul edilir. Bir övlad kimi bu məni çox sevindirir”.

Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Ağaxan Salmanlı və digər çıxış edənlər S.Dağlının ömür yolundan və yaradıcılığından söz açdılar. Bildirildi ki, ədibin pyesləri əsasında səhnələşdirilən tamaşalar böyük bir aktyor ordusu yetişdirib, hər zaman rəğbətlə qarşılanıb. Onun qələmindən çıxan əsərlər bu gün də aktuallığını itirmir.

Qeyd dolundu ki, Xızıda dünyaya göz açan yazıçı bir müddət “Kommunist” və “Ordu” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Teleradio Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyib. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub.

Bir çoxları kimi S.Dağlı da yaradıcılığa şeirlə başlayıb. Sonralar bunu ardıcıl şəkildə davam etdirməsə də, ara-sıra şeirlər qələmə alıb. Onun bir sıra şeirlərinə mahnı bəstələnib. Bunların içərisində Cahangir Cahangirovun bəstələdiyi, Xalq artisti Mirzə Babayevin oxuduğu “Çayçı” mahnısı bu gün də populyardır. Müəllifin “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və s. kitabları geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulub.

Xatirə gecəsi aktyorların ifasında S.Dağlının əsərlərindən səhnəciklər və şeirlərinə bəstələnmiş mahnılarla davam etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.5.