Hüseyn Cavidin epistolyar
irsi və estetik idealı
Azərbaycan romantizminin görkəmli nümayəndəsi,
mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin (1882-1941)
yaradıcılığı ədəbi-mədəni və
estetik düşüncəmizdə mühüm rol
oynamışdır. Müəllifin şeir, poema və dram əsərlərində
onun cəmiyyətə baxışı, o cümlədən
sosial mühitin insanlara təsir imkanları yüksək poetik
dillə qələmə alınmışdır. İnsanın mənəvi ucalığı, azad gələcək
ədibi həmişə düşündürmüş və
o, zəngin yaradıcılığında bu problemlərin
çözümü üçün yollar
aramışdır.
Məktublar
- ədəbi xəzinənin “açar”ı
Hüseyn Cavidin publisistika və məktubları da
mühitin bir sıra mühüm məsələlərinin
ifadəsi baxımından diqqətəlayiq nümunələrdir. Şair-dramaturqun
ideyalar aləmini anlamaq üçün onun bədii əsərləri
və zəngin publisistikası ilə yanaşı, epistolyar
irsinin də böyük əhəmiyyəti var. Ədibin
epistolyar irsi də bədii əsərləri kimi dolğun,
bitkin təsir bağışlayır.
Böyük düşüncə adamının məktublarının
bir çoxu onun professional yazar kimi tanınmamışdan əvvəlki
dövrləri - təhsil illərini əhatə edir ki, bu da
müəllifin yaradıcılıq təkamülünü,
hədəflərini dəqiq müəyyənləşdirməyə
imkan verir. Buna görə də Cavidin zəngin ədəbi xəzinəsinin
“açar”ını tapmaq üçün epistolyar irsi də
tədqiq olunmalı, sənətkar düşüncəsinin
ifadəsi bütövləşməlidir.
Hüseyn Cavid mütaliəyə sonsuz maraq göstərib. Onun oxumaq həvəsini
Urmiyada olduğu müddətdə sevimli müəllimi,
görkəmli maarifçi və şair Məhəmməd
Tağı Sidqiyə (1854-1903) yazdığı məktubundan
da aydın görürük. Cavid vaxtlı-vaxtında qəzet
ala bilmədiyi üçün İran poçtundan
narazılığını məktubda belə ifadə edir:
“İndi görürəm taksır ...İran
poçtundandır. Çünki mən dəfələrlə
poçtdan soruşmuşam ki, Hüseyn Rasizadə
Naxçıvanlı adresinə qəzet varmı? Cavab veriblər - yox, Məhəmməd Hüseyn Abdullazadə...
adına vardır”. Sonradan öyrənmişdi ki, onun adına gələn qəzetləri yuxarıda
adıçəkilən şəxsə vermişlər və
o da qəzet oxumağa həvəsli olduğu
üçün Cavidə bu barədə heç nə deməmişdir.
Bütün bunların müqabilində Cavid təsəlli
taparaq qeyd edir ki, “Eybi yoxdur, biz buna sevinərik ki,
...İranda qəzet oxumağa həvəskar
tapılsın, qoy bizə çatmasın”.
“Bizə
yalnız məktəb lazımdır...”
Əslində
bu elə bir dövr idi ki, hələ nə “türk-müsəlman
dünyasının birinci satira jurnalı” olan “Molla Nəsrəddin”,
nə də mətbu və ədəbi aləmdə öz
sözünü deyən, məktəb yaradan “Füyuzat” dərgisi
meydana çıxmışdı. Əhatəli
maarif işi aparan milli məktəblər də çox
deyildi. Ancaq Cavid də daxil olmaqla, romantik məfkurə
tərəfdarları insan zəkasının
üstünlüyü, elmin böyük gücü ilə mövhumata
qalib gəlməyi mümkün hesab edirdilər. Görkəmli
ədəbiyyatşünas, akademik Məmməd Cəfər
yazırdı: “O, (H.Cavid - F.Y.) ümumiyyətlə,
inkişaf üçün sadəcə maariflənməyi, mədəniləşməyi
yeganə yol hesab etmişdir...” Cavidin fikrincə,
bütün ziyalılar tam gücü ilə
çalışmalıdır ki, xalqımızın həyata,
cəmiyyətə baxışları müsbət yöndə
dəyişilsin. Bu cür yanaşma cəmiyyətin
inkişafında ziyalıların üzərinə
böyük məsuliyyət düşdüyünü bir
daha göstərirdi.
Mühitdəki cəhalətin kökləri o qədər
dərinliklərə getmişdi ki, birdən-birə ciddi
dönüş yaratmaq asan deyildi. Sadə xalq hüquq və
azadlıqlarının nədən ibarət olduğunu
yaxşı bilmir, hakim-istismarçı təbəqə isə
bu hüquqların savadsız insanlara başa
salınmasında maraqlı deyildi. 1906-cı ildə
maarifçi ziyalı, publisist Qurbanəli Şərifzadəyə
(1854-1917) ünvanladığı məktubda Cavid əfəndi
yazırdı: “Mədəniyyətə həsr edilmiş bu əsrdə
ki hamı elm əldə etməyə rəğbət və
hər kim mərifət qazanmağa qeyrət
göstərir, heç insaf ki, biz bəsir
gözümüzü yumaq qəflətə, cəhalətə
cumaq?” Şair maarifçi müasirləri kimi mədəni tərəqqini
ancaq məktəbdə görürdü: “Bizə yalnız məktəb
lazımdır, bütün inqilabi-mədəniyyə həp
məktəb məhsuludur...”
Cavid
dünya elminə, mədəniyyətinə inteqrasiya
üçün, estetik düşüncənin zənginləşməsi
naminə xarici dil öyrənməyin vacibliyini
vurğulayır, Q.Şərifzadəyə məktubunda buna
ciddi ehtiyacının olduğunu bildirirdi: “Hətta
qüvveyi-maliyyəyə malik olsam belə, yenə
İstanbula vida etməyi məsləhət görürəm.
İndi mükəmməlcə bir əcnəbi
lisanına ehtiyacım var ki, iki-üç sənə uğraşmaq
lazım, ona da para yok. Ən məsləhəti
bu ki, ruscayı öyrənməyə
çalışalım. Əgərçi,
ingiliscə, almanca, fransızca lisanlardan birini layiqincə
öyrənmək vacibdir”.
Hər bir sənətkar yaşadığı mühitə
dövrün sosioloji-estetik meyarları prizmasından
yanaşır.
Maraqlıdır ki, “Sənət sənət
üçündür” nəzəriyyəsi ilə tənqid
edilən Cavid millətin ümumi inkişafında sosial vəziyyətindən
və cinsindən asılı olmayaraq, hər bir vətən
övladının savad almasının əhəmiyyətini
önə çəkirdi. Buna görə də
böyük ədib hətta öz ailəsində xidmət edən
Həlimə adlı qızın da təhsil almasını
tövsiyə edir, Kislovodskdan Mişkinaz xanıma
yazırdı ki, “Ərtoğrol Həlimənin də dərslərinə
baxsın...”
Əvvəllər romantizm ədəbi cəbhəsində
hakim olan tendensiya - “yer üzünün əşrəfi olan
insan bir-birinin qanını tökməz, öldürməz” və
bu kimi digər ideyalar sonralar özünü
doğrultmadı. İlk olaraq I Dünya müharibəsi
(1914-1918) bu yanaşmanın boş, mənasız olduğunu
göstərdi. Cavid də bu fikirdə idi
ki, nə qədər qanunlar təkmilləşdirilmir, ictimai
fikir məhdudiyyətlərdən yaxa qurtarmayıb, hələ
milli istiqlaldan danışmaq tezdir. O, çox gözəl
bilirdi ki, xalqların milli özünüdərki konkret tarixi
şəraitin imkanları xaricindədir.
Cavid
1909-cu ildə Q.Şərifzadəyə yazırdı: “Tərbiyeyi-mədəniyyəyə
gəlincə ki, əsas odur - əlhəmdulillah, o, külliyən
məfquddur (yoxdur). Bu səbəbə bəndəniz
iranlıların və Qafqazın hənuz mədəniyyətə
yaxlaşmamış tərəflərinin atisini iyirmi-otuz sənəyə
qədər çox zəhmətli və qaranlıq
görür. Neçin? - deyəcəksiniz... Çünki əsas
yoxdur, əfəndim, əsas!? Əsası,
kökü bərkitmək üçün yalnız
“evolyusion-qanuni təkamülə” ehtiyac vardır. Cüzi və səthi bir idman və mümarisə
(təkrar məşq, təlim) istər, yoxsa işdə əsas
olmaz isə, inqilab heç bir fayda verməz. Fəqət məmafih (bununla yanaşı) mən
Qafqazın istiqbalını İrana nisbətlə daha ziyadə
parlaq görürəm”.
1905-ci ildən
etibarən çar Rusiyası, eləcə də Asiya və
Şərqi Avropada geniş vüsət alan
milli azadlıq hərəkatları Azərbaycana da təsirsiz
qalmamışdı. Bakıda və digər mədəni
mərkəzlərdə kütləvi tətillərin
arealı get-gedə genişlənirdi. Həqiqətən
də, Cavid dünyagörüşündə
yanılmamışdı. Az
keçmədi xalqımızın milli mübarizəyə
atılan mərd oğulları, nəhayət əsarət
köhləninin dizini qırdı və 1918-ci ildə müsəlman
Şərqində ilk demokratik, dünyəvi və sivil dəyərlərə
malik Azərbaycan Xalq Cümhuriyyətini qurmağa nail oldular. Cavidin də düşüncəsində əbədi
kök salan hürriyyət sevdası qısa (23 ay) da olsa,
xalqımızı bağrına basdı. Cavid əfəndinin
ruhu yəqin ki, duymuş olar: bu gün artıq müstəqil
Azərbaycan Respublikası 25 illiyini qeyd edir...
“Əsir
olduğum... həqiqət və məhəbbətdir”
Özünü “Hüsnü-xuda” şairi adlandıran
Cavid yaradıcılığının birinci mərhələsində
ortaya qoyduğu “Mənim Tanrım gözəllikdir, sevgidir”
tendensiyasına məktublarında da sadiq qalmışdır. 1908-ci ildə Q.Şərifzadəyə
məktubunda oxuyuruq: “... Mənim təbiətim,
yaradılmışım bütün-bütün bu illətdən
(burada dilənçilik nəzərdə tutulur - F.Y.)
qaçar, bu zillətdən qorxar. Mən hamballığı,
xidmətkarlığı çox ziyadə sevərəm.
Fəqət belə bir dövri-hürriyyətə
və zəmani-səadətə mənliyimi satmaq, əsir
olmaq istəməm. Əsir olduğum bir
şey varsa, o da həqiqət və məhəbbətdir”.
Məzlumların halına yanan Cavid öz həyat təcrübəsində
“yoxsulluq eyib deyil” qənaətinə gəlmiş, həmişə
namuslu və şərəfli həyat
sürmüşdür. Sidqiyə yazdığı məktublarının birində
“Toxun acdan xəbəri olmaz” atalar sözünü poetik
misralarla belə ifadə etmişdir:
Könlünü
könlüm kimi əgər etsən,
Məndəki möhnəti sən dərk edərsən.
Tox
çörək qayğısını bilməz belə,
Ac yavan çörək yeyər çox həvəslə.
Valideyn
müqəddəsliyi
Qadının, xüsusilə də ananın yüksək
qiymətləndirilməsi əslində Cavidin bütün
insanlığa olan humanist münasibətindən
qaynaqlanırdı. “Qadın gülərsə, bu
ıssız mühitimiz güləcək, Sürüklənən
bəşəriyyət qadınla yüksələcək!”
- deməklə şair şəriət
adı ilə pərdələnərək
qadınlığın uca məqamına kölgə
salmağa çalışanlara dərs verirdi. Qardaşı
Əlirzanın təlim-tərbiyəsi ilə əlaqədar
Q.Şərifzadəyə ünvanladığı məktubunda
da Cavidin anaya, bu müqəddəs varlığa necə həssas
yanaşdığının şahidi oluruq: “...Onun
(Əlirzanın - F.Y.) nə İstanbula getməsini, nə də
başqa yerə getməsini mən qısqanmıram. Lakin siz bildiyiniz kimi, əgər o da mənimtək
oxumaq üçün qürbət vilayətə gedərsə,
anam ikimizin ayrılığına tab gətirməyəcək,
“Həyat” qəzeti kimi diri-diri vəfat edəcəkdir”.
Cavidin Q.Şərifzadənin oğlu, tanınmış
ədəbiyyatşünas alim, professor Əziz Şərifə
(1895-1988) yazdığı bir məktubda ataya da sonsuz
ehtiramı olduğunu görürük. Məktubda
qeyd olunur ki, “Atanı təqdis edirsən (müqəddəsləşdirirsən
- F.Y.) - “böyük ruhlu qoca...” - deyə,
ən səmimi hissiyyat ilə ona qarşı hörmət bəslədiyini
söyləyirsən. Haqsız deyilsən, əzizim,
çünki o, düşündüyündən daha
böyük, daha alicənabdır. Hətta yalnız sən
deyil, mən və mənim kimi Naxçıvan mühitində
yetişmiş gənclər həp ona qarşı mənəviyyatca
mədyuni-şükran olmalıdır...”
Hüseyn
Cavidin epistolyar irsi ilə yaxından tanış
olduqda onun dünyagörüşü və estetik
idealları baxımından milli köklərə möhkəm
bağlılığının şahidi oluruq. İnsanları xoşbəxt görmək istədiyini,
bu istiqamətdə çalışdığını
sübut edən zəngin irsi onun humanizminin əsas məziyyətidir.
Cavid üzərində zəhməti olan
M.T.Sidqiyə, Q.Şərifzadə və başqalarına
ömrü boyu sədaqət göstərmiş, onları
minnətdarlıqla yada salmışdır.
Vaxtilə
tanınmış maarif və mətbuat xadimi Məmmədəli
Sidqiyə (1888-1956) məktubunda yazırdı: “Məni rus qəzetlərində
tərif edirmişsən, çox nahaq. Bir
şey ki, səni məhcub edə bilər, neçin
yapırsan?” Şair 30-cu illərdə, ona
qarşı təzyiqlərin artdığı bir dövrdə,
haqqında ədalətli yazanların
“başağrısı” çəkməsini istəmirdi.
Bu da onu göstərir ki, hər cür maneəyə
rəğmən Cavid estetik idealına ömrü boyu sadiq
qalmış, məktublarında belə qətiyyət və
humanizminin xilafına getməmişdir.
Fariz Yunisli
Mədəniyyət.- 2016.- 21
oktyabr.- S.10