“Dəli könlüm bu sevdaya bağlandı...”
XVIII-XIX əsrlərdə saz-söz sənətinə öz töhfəsini verən sənətkarlardan biri də aşıq Urfani olub. Aşıq Süleyman (Urfani) Türkiyənin Çıldır əyalətində dünyaya göz açıb. Kiçik yaşlarında valideynlərini itirib, əmisinin himayəsində böyüyüb. Dini təhsil alıb, ərəb, fars dillərini öyrənib.
Süleyman erkən çağlardan aşıq musiqisinə maraq göstərir və saz çalmağı öyrənir. El şənliklərində çalıb-oxuyur və bədahətən şeirlər qoşur, insanların sevimlisinə çevrilir. Qonşu Alagöz kəndində Sənəm adlı bir türkmən-tərəkəmə qızına aşiq olur, lakin ata-anası Sənəmi ona vermir. Belə olan halda onlar qoşulub qaçır, Ərdahanla Axıska şəhəri arasındakı Ulqar dağındakı kilsəyə sığınırlar. Qızın atası bu hadisədən bərk qəzəblənir, Süleymanı Axıska paşası Atabəyə şikayət edir. Uzun axtarışdan sonra onlar tapılır və Süleyman həbs edilir, Ağcaqala həbsxanasına salınır. O, həbsxanadan qaçır və Alagöz kəndinə gələrək bir daha Sənəmi qaçırdır. Axıska paşasının tapşırığı ilə yenidən onu həbs edib, paşanın hüzuruna gətirirlər. Burada Süleymanın aşıqlıq məharətini yoxlamaq üçün çalıb-oxumasını istəyirlər. O, ifa edərkən paşanın xanımı məclisə daxil olur və paşa ondan xanımına şeir deməsini istəyir. Bədahətən
Qədəm basdın, dərdə düşdüm, oxlandım,
Dəli könlüm bu sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.
- misralarını söyləyir. Paşa aşığın istedadına və cəsarətinə “sağ ol” deyir. Onu Arpaçay əyalətinə, Dəmirçi kəndindəki məscidə imam təyin edir.
Aşığın sevgisindən dönməməyi, onun yolunda hər cəfaya qatlaşması və söylədiyi şeirlər dillərdə dastana çevrilir xalq arasında aşıq Urfaniyə rəğbət yaranır. Onun bizə gəlib çatan şeirlərində yaşadığı təlatümlü günlərin ovqatı görünür.
Ay ağalar, bu dərd məni öldürür,
Arayıb dərmanın bulana qədər.
Könül vaz keçməyir öz istəyindən,
Çəkərəm həsrətin ölənə qədər.
Urfani deyər, bağınız talansın,
Həsrət qolum, yar boynuna dolansın,
Sevdiyim,
sən yar qədrini bilənsən,
Yarı canım getdi gülənə qədər.
Urfani lirik-romantik
şeirləri ilə
yanaşı, fəlsəfi
məzmunlu divaniləri,
didaktik qoşmaları,
təcnisləri, müxəmməsləri
ilə də tanınıb.
Tədqiqatçı Əli Şamil araşdırmasında yazır
ki, aşıq Urfani sənətinin şöhrəti təkcə
Çıldırda deyil,
onun hüdudlarından
kənara da yayılır. Aşığın adını daşıyan
“Urfani” havası yalnız sazda çalınmayıb, eyni
zamanda bu hava üstündə heca vəznində şeirlər də oxunub.
Urfaninin zəngin yaradıcılığı
araşdırıcılar və
aşıqlar tərəfindən
yüksək qiymətləndirilsə
də, onun əsərləri şeir
toplularına daxil edilməyib. Ancaq “Azərbaycan sovet ensiklopediyası”nın
1986-cı ildə çap
olunan 9-cu cildində məşhur “Ruhani” aşıq havası haqqında belə bir qeyd var:
“Ürfanı” aşıq
havası XVIII əsr Azərbaycan aşığı
Urfani tərəfindən
bəstələnib. Adı da
buradandır. Çox vaxt
bu havanı aşıqlar yanlış
olaraq “Ruhani” adlandırıblar”.
Aşıq Urfaninin günümüzə
gəlib çatan şeirlərinin böyük
bir hissəsi onun haqqında bağlanmış “Urfani və türkmən qızı” dastanında qorunub saxlanılıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 21
oktyabr.- S.15.