“Mənim tanıdığım Vaqif”
Əfsanəvi cazmen haqqında sənədli film təqdim olundu
Oktyabrın 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan” şirkətinin birgə layihəsi əsasında ərsəyə gətirilən “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirildi.
Filmin nümayişindən öncə mətbuat konfransı keçirildi. BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirdi ki, bu film təmsil etdiyi qurumun son illər reallaşdırdığı sosial və mədəni layihələrdən biridir. Şirkətin mədəniyyət sahəsinə mühüm önəm verdiyini söyləyən T.Bayatlı bildirdi ki, sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Vurğuladı ki, ekran əsərinə baxan hər bir kəs Vaqif Mustafazadəni yenidən kəşf edəcək və belə bir həmvətəninin olmasına görə qürur duyacaq.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu bildirdi ki, Vaqif Mustafazadə haqqında bir sıra filmlər çəkilib. Bu dəfə isə Vaqif Mustafazadə sənətinə xaricdən baxış özünü göstərir. Filmdə Vaqifi tanıyan və onunla tez-tez ünsiyyətdə olan insanlar və böyük sənətkarın onlarda yaratdığı təəssüratlar yer alıb. Ekran əsərində elə insanlar var ki, Vaqifi görməsə də, onun sənət dünyasına valehedici təsirindən söz açırlar.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkan Rüstəmova son illər nazirlik tərəfindən həyata keçirilən bir sıra layihələrdən söz açdı. Qeyd etdi ki, filmin nazirliyin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Caz Festivalı günlərində təqdimatı olduqca əlamətdardır.
Mətbuat konfransından sonra filmin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət nümayəndələri
iştirak edirdi.
Mərasimdə çıxış edən
tanınmış teleaparıcı
Rahib Azəri Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışaraq bildirdi ki, ölməz sənətkarın melodiyaları
bu gün də musiqisevərləri,
caz-muğam həvəskarlarını
öz sehrinə salır.
BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə
regional prezidenti Qordon Birrel filmin ərsəyə
gəlməsindən danışdı:
"Azərbaycanın uzunmüddətli
neft və qaz tərəfdaşı
kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən
bu ölkənin zəngin mədəni irsi ilə yaxından
bağlı olub”. Qeyd etdi ki,
budəfəki layihənin
də maliyyələşməsindən
qürur duyuruq: "Vaqif Mustafazadə dünyanın ən məşhur caz pianoçularından və
bəstəkarlarından biridir.
Bizə yaxşı məlumdur ki, bu qeyri-adi
istedada malik görkəmli caz ifaçısı bütün
dünyada yüksək
rəğbət qazanıb.
O, Azərbaycan muğamı
və cazın fantastik sintezini yaratmağa nail olub. Ümid edirəm ki, bu film Vaqif Mustafazadənin
möhtəşəm ifasının
əbədiləşməsinə töhfə olacaq".
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev V.Mustafazadənin Azərbaycan
caz musiqisinə verdiyi töhfələrdən
danışdı. Bildirdi ki,
Azərbaycanın adı
caz musiqi aləmində Vaqif Mustafazadənin adı ilə daha çox
tanındı. Nazir müavini
filmin çəkilməsində
zəhməti olan hər kəsə öz minnətdarlığını
bildirdi.
Daha sonra “Mənim tanıdığım
Vaqif” sənədli filmi nümayiş olundu.
Qeyd edək ki, rejissor
Vidadi Rüstəmovun
filmi Vaqif Mustafazadənin müasirləri
olan, onun sənət irsinə, şəxsiyyətinə sevgi
və rəğbət
bəsləyən Rusiya,
Gürcüstan, Estoniya,
Polşa və Amerika caz ustalarının
xatirələri üzərində
qurulub. Sənədli filmdə Vaqif
Mustafazadənin həyatının
bəzi epizodları da anılıb və digər məşhur musiqiçilərin
Azərbaycanın dünyada
tanınan caz ifaçısı haqqında
düşüncələri lentə köçürülüb.
Fariz
Mədəniyyət.- 2016.- 26
oktyabr.- S.3.