Frankfurt kitab
yarmarkasında ölkəmizin multikultural
dəyərlərindən söz
açılıb
Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan 23-dək Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən beynəlxalq kitab yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də milli stendlə təmsil olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Oktyabrın 22-də nazirliyin təşkilatçılığı ilə milli stendimizdə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov ölkəmizdə multikulturalizm ənənələri və bu sahədə görülmüş işlər barədə məlumat verib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək multikultural dəyərlərin əsrlər boyu ölkəmizdə mövcud olması, azsaylı xalqların və etnik qrupların mədəniyyətinin qorunması və inkişafında dövlət dəstəyindən söz açıb. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu mövzunu daim diqqətdə saxlaması, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması diqqətə çatdırılıb.
Bildirilib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və geniş tədbirlər planı təsdiq edilib. İl ərzində həyata keçirilən tədbirlər multikultural dəyərlərin qorunması və inkişafı sahəsində ölkəmizin dünyaya örnək olduğuna əyani sübutdur. “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun bu il Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. “Multikulturalizm ili”ndə respublikamızın hər yerində çoxsaylı sərgilər, festivallar, kitab təqdimatları və başqa tədbirlər keçirilməkdədir. Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi üzrə bir modelə çevrilmiş Azərbaycan bu dəyərlərin dünyada təşviqində mühüm rol oynayır və xarici hökumətlərlə, beynəlxalq təşkilatlarla mövcud əməkdaşlıq əlaqələrini yüksələn xətt üzrə davam etdirir”, - deyə Vaqif Əliyev vurğulayıb.
Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin deputatı Rahim Şmitt və “Şprenflingen Gensingen” İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edərək multikultural dəyərlərin Azərbaycanda və dünyada hazırkı vəziyyəti barədə danışıblar.
Çoxsaylı ziyarətçilərin
qatıldığı tədbirin sonunda qonaqlara multikulturalizmlə bağlı çap olunmuş kitablar hədiyyə olunub.
Mədəniyyət.- 2016.- 26
oktyabr.- S.4.