Qırmızıpapaq səhnəyə araqçınla çıxır və...

 

 

Qırmızıpapağı kim tanımır ki?.. Yəni nəinki biz böyüklər, hətta bizim valideynlərimizdən də soruşsaq ki, "Qırmızıpapaq" nağılı barədə ilk dəfə nə vaxt eşitmisiniz, yəqin ki, kimsə bu suala dəqiq cavab verə bilməz. Əslində Şarl Peronun "Qırmızıpapaq" nağılını qələmə aldığı vaxtdan təxminən üç yüz əlli il vaxt keçir ki, bu qədər müddət ərzində yolu meşədən keçən balaca qızın macəralarının istər orijinalın, istərsə də tərcümədə neçə dəfə nəşr edildiyini, neçə dəfə səhnələşdirildiyini hesablamaq qeyri-mümkün və gərəksiz bir işdir. Əsas məsələ budur ki, "Qırmızıpapaq" səhnədən düşmür, hətta uşaqların da sonunu bildiyi bu nağıla maraq sönmür ki, sönmür.

Ötən həftə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məşhur nağılın tamam fərqli bir versiyada yeni tamaşasını təqdim etdi. Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi tamaşada baş qəhrəman qırmızı araqçınlı Azərbaycan qızıdır. Üstəlik, tamaşaya Dovşan, Qarğa kimi personajlar da əlavə olunduğundan tamaşanın dramatizmi bir qədər də artıb. Məsələn, Qarğa Qırmızıpapağın nənəsigilə getdiyini Canavara xəbər verir ki, səbətdəki qutablar ona çatsın. Dovşan nə qədər qorxaq olsa da, bu əhvalatı Ovçulara çatdırır ki, onlar Nənəni və Qırmızıpapağı xilas edə bilsinlər.

Üstəlik, budəfəki "Qırmızıpapaq" həm də təkcə musiqili tamaşa yox, kuklaların iştirakı ilə əsl müzikldir. Bəstəkar, Əməkdar artist Vüqar Camalzadə tamaşaya çox müasirbalaca tamaşaçıların bəyənəcəyi musiqi bəstələyib. Məsələn, Dovşanın mahnısı milli uşaq folklorundakı düzgülər üslubunda, Canavarın mahnısı isə rok üstündə bəstələnib. Ananın mahnısı daha çox laylanı, Qarğanın mahnısı isə repi xatırladır. Buradaca xatırlatmağa dəyər ki, "Qırmızıpapaq" tamaşası həm də tanınmış müğənnilərin kukla teatrı ilə əməkdaşlıq layihəsidir. Balaca tamaşaçılar sevimli personajların mahnılarını xalq artistləri Flora Kərimova və Gülyaz Məmmədovanın, əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova və Anar Şuşalının, müğənnilər Samirə Əfəndiyeva, İlham Nəzərov və Ceyhun Zeynalovun səsindən eşidirlər.

Kuklalardan danışıb boya-boy nağıl qəhrəmanlarının obrazını yaradan rəssamın adını çəkməmək günah olar. Quruluşçu rəssam Rəvanə Yaqubova tamaşaçılara təqdim etdiyi milli geyimli Qırmızıpapaq, Ana və Nənənin simasında oxşarlığa nail ola bilib. İki ovçunun görkəmi də elə bizim Azərbaycan nağıllarından tanıdığımız ovçulara bənzədiyindən gözümüzə doğma görünürdü.

Təbii ki, bir kuklanı iki aktyorun oynatması tamaşada mizanların qurulmasına müəyyən diqtələr edir. Məsələn, personaj pilləkəni qalxdıqda, qəfil dönməli olduqda onu iki nəfərin idarə etdiyi nəzərə alınmalıdır. Amma Canavarın guya Nənəni yeyib onun yatağına rahat uzanması diqqətimizdən yayınmadı. Tamaşada iştirak edən aktyorlar Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal HüseynovAraz Həsənovun da məharətini və zəhmətini qeyd etməyə dəyər. Onlar öz ifaları ilə nəinki Qırmızıpapağı, Nənəni, Ananı, ovçuları, Dovşanı, hətta Qarğanı, Canavarı da bəyəndirə bildilər.

"Qırmızıpapaq" barədə bu qədər xoş söz dedikdən sonra, tamaşada diqqəti çəkən bir məntiqi uyğunsuzluğu qeyd etmək istərdik. Nağılçının səhnə arxasından gələn səsi Nənənin xəstələnib yataqda olduğunu deyir, amma pərdə açılanda Nənə çox məharətlə "Qıtqılıda" rəqsini oynayaraq səhnəyə çıxır. Düzdür, Nənə etiraf edir ki, bitki çayı dəmləyib içdiyi üçün indi özünü yaxşı hiss edir. Bizcə, Nənənin evindəki səhnə onun öz yatağında əyləşib çay içməsi, bunun ardınca da ayağa qalxıb bitki çayının təsirindən sağaldığını dedikdən sonra rəqsə başlaması əhvalatın məntiqi ardıcıllığını gücləndirərdi.

85 yaşını qeyd etməyə hazırlaşan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yubiley ilində repertuarını ümumbəşəri məzmunlu, həm də milli ruhlu yeni bir səhnə əsəri ilə zənginləşdirdi. Ümidvarıq ki, yeni, araqçınlı "Qırmızıpapaq" hələ uzun illər balaca teatralların sevimli tamaşası olacaq.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.6