Cənub bölgəsində turizmin mövcud vəziyyəti və perspektivləri müzakirə olundu

 

 

Oktyabrın 24-də Masallıdakı Heydər Əliyev Mərkəzində “Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda regional müşavirə keçirildi. Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, turizmlə bağlı ayrı-ayrı nazirlik və digər dövlət qurumlarının, cənub zonası rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, bölgədəki turizm obyektlərinin sahibləri iştirak edirdi.

 

Müşavirəni giriş sözü ilə açan nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn vəzifələrdən danışdı. Bildirdi ki, sərəncam ölkəmizdə turizmin inkişafı ilə bağlı qarşıya yeni məqsəd və vəzifələr qoyur: “Ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatlar artıq intensiv xarakter alıb. Bu tədbirlərin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, mövcud potensialın hərəkətə gətirilməsi regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır”.

Bölgənin mövcud turizm infrastrukturundan danışan nazir bildirdi ki, sektorun inkişafı bölgədəki rayonlar arasında qeyri-bərabər səviyyədədir. Belə ki, Lənkəranda 17, Masallıda 15, Astarada 2, Cəlilabadda 1, Yardımlıda 2, Biləsuvarda 2, Salyanda 1, Lerikdə 4, Neftçalada 1 qeydiyyatdan keçmiş mehmanxanamehmanxana tipli obyekt fəaliyyət göstərir. Hazırda Lənkəranda 2, Astarada 3, Yardımlıda 2 hotel tikilməkdədir: “Bölgənin müxtəlif turizm növləri üzrə böyük potensialının olmasına baxmayaraq, mövcud imkanlardan yetərincə istifadə olunmur. Bu sahənin inkişafına əngəl olan səbəbləri aradan qaldırmalıyıq. Burada turizm sənayesinə aidiyyəti olan bütün dövlət qurumlarının nümayəndələri iştirak edir. Bu sahədə ortaya çıxan problemlərini həll olunması üçün hər birimiz yaxından iştirak etməliyik”.

Əbülfəs Qarayev bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən ölkəmizə gələn turistlərin sayının artdığını vurğuladı. Bildirdi ki, ötən müddət ərzində təkcə qonşu İrandan gələn turistlərin sayı 30 faiz artıb.

Nazir ümidvar olduğunu bildirdi ki, müşavirədə aparılan müzakirələr bölgədə turizmin inkişafı baxımdan əhəmiyyətli olacaq.

 

           

 

 

 

Cənub bölgəsinin turizm imkanları

 

Sonra Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verərək, keçirilən monitorinqin nəticələrini açıqladı. Bildirdi ki, region müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmisair turizm növləri üçün geniş potensial var: “Lənkəran iqtisadi rayonu zəngin rekreasiya-kurort ehtiyatlarına malikdir. Bunların da əsasını soyuqisti mineral bulaqlar təşkil edir. Təkcə Astara rayonu ərazisində 20-yə qədər mineral bulaq var. Lənkəran iqtisadi rayonunda mineral sularla yanaşı, dəniz müalicəsi (talasoterapiya), günəş (helioterapiya) və qum vannalarının müalicəvi imkanlarından da istifadə oluna bilər. Müalicəvi suların bazasında Lənkəranda “İbadi-istisu”, Masallıda “İstisu”, “Yanardağ”, “Qamo” sanatoriyası, Lənkəranda “Palıdlı sahil”, Lerikdə “Meşəbəyi”, “Relax” istirahət kompleksləri fəaliyyət göstərir”.

Qeyd olundu ki, bölgə respublikamızın sıx meşə örtüyünə malik rayonlarından biridir. Müxtəlif quşların qışladığı Qızılağac qoruğu, relikt bitkilərin olduğu Hirkan qoruğuZuvand yasaqlığı burada yerləşir: “Cənub bölgəsi tarixi-mədəni abidələrlə də zəngindir, həmçinin özünəməxsus etnik, sənətkarlıq, folklor xüsusiyyətləri ilə tanınır. Bölgə üzrə “Cənubun dadı” (kulinariya) və “Cənub mirvarisi” adlı mədəni və ekoloji turizm marşrutları yaradılıb. Kənd turizminin potensialı çox böyükdür. Bu potensialdan maksimum səviyyədə yararlanmaq üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var”.

Sektor müdiri onu da bildirdi ki, Lənkəran şəhəri və Astara rayonu Xəzər dənizi sahilində yerləşdiyindən çimərlik və dəniz turizmi zonalaşmasının aparılması üçün münasib təbii şəraitə malikdir: “Burada orta illik küləyin sürəti Abşeron yarımadası ilə müqayisədə 3 dəfə azdır ki, bu da dənizin az dalğalı olmasına imkan verir. Eyni zamanda Abşeron yarımadası ilə müqayisədə dənizin Lənkəran şəhəri sahili daha az çirkləndiyindən, suyun təmizlik səviyyəsi yüksəkdir”.

 

Mövcud problemlərin həlli yolları

 

Mövcud problemlərdən danışan M.Qəhrəmanov bildirdi ki, bölgədə yerləşən bir çox obyektlər turistlərin cəlb edilməsi istiqamətində hər hansı marketinq fəaliyyəti aparmır: “Salyan-Masallı-Lənkəran-Lerik istiqaməti üzrə yol örtüyünün yararsız vəziyyətdə olması bölgədə turizmin inkişafına əsas mane törədən amillər sırasındadır. Lənkərandakı beynəlxalq hava limanından səmərəli istifadə etməklə Rusiya turistlərinin cənub bölgəsinə səfərlərinin təşkili üçün geniş imkanlar var. Amma turizm məhsulunun, insan və təşkilati resursların yetərsizliyi bölgənin turizm potensialından maksimum səviyyədə yararlanmağa çətinlik yaradır. Bölgədə müvafiq standartlara cavab verən aşağı kateqoriyalı yerləşdirmə məkanlarının yaradılması üçün investisiyanın cəlb edilməsinin təşviqi zəruridir. Xidmət səviyyəsinin yüksəldilməsi üçün təlimlər keçirilməli, eləcə də ixtisaslı kadr axınının qarşısının alınması təmin edilməlidir. Ümumi marketinq strategiyasına uyğun bölgənin spesifik brendi yaradılmalı və geniş təbliğ olunmalıdır. Bölgə üzrə marketinq tədqiqatları üçün faydalı olan məlumatların toplanmasına ehtiyac var”.

Vurğulandı ki, bölgəyə qonşu İrandan səfər etmək istəyən turistlərin sayında ciddi artım müşahidə olunur. Viza prosedurunun asanlaşdırılması, regionda yolların abadlaşdırılması bu artıma müsbət təsir edər. Bölgənin ən inkişaf etmiş mərkəzi kimi Lənkəranın girişində və şəhər daxilində əsas turistik sahələri (çimərlik, meşə, muzey, əyləncə mərkəzləri və s.) göstərəcək yol nişanları quraşdırılmalıdır.

Sonra Kənd Yaşıl Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov bu turizm növü ilə bağlı təqdimat etdi.

Müşavirədə ölkə başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər geniş müzakirə olundu, qarşıda duran konkret vəzifələr müəyyənləşdirildi. Bölgədə turizmin inkişaf istiqamətləri və mövcud problemlərə dair fikir mübadiləsi aparıldı, çıxış edən sahibkarların turizmlə bağlı təklifləri qeydə alındı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.8.