“İşgüzar səyahət”
Rusiya telekanalında Azərbaycanın
mədəni irsi və turizm
imkanları haqqında veriliş
“Rossiya-24” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb. 26 dəqiqəlik “İşgüzar səyahət” verilişində ölkəmizin inkişafı, turizm imkanları, zəngin tarixi-mədəni irsi, ölkəmizdə idman, mədəniyyət sahələrinə göstərilən qayğı, mətbəximiz barədə ətraflı məlumat verilib.
Aparıcı Andrey Şlyapnikov əvvəlcə “təzadlar
şəhəri” adlandırdığı Bakı haqqında
söz açır. Qeyd edir ki, son illərdə
Bakıya gedən turistlərin sayı xeyli artıb. Bu da təsadüfi deyil. İçərişəhər dünyanın dörd
bir yanından gələn turistlər üçün zəngin
təəssürat məkanıdır.
“Burada sanki
zaman donub”, - deyən aparıcı İçərişəhərdə bir çox filmlərin lentə alındığını xatırladır
və qeyd edir ki, bu
filmlərin arasında
milyonlarla insanın sevdiyi “Brilyant əl” filmi də var.
Verilişdə rusiyalı turistlərin müsahibələri də
yer alıb. Onlar paytaxtımızın
onlar üçün
çox maraqlı məkan olduğunu bildirirlər. Tamaşaçılara təndir çörəyinin
hazırlanmasının sirləri
də açılır,
bu çörəyin
çox dadlı və ətirli olduğu qeyd edilir. Sonra aparıcı Bakının
müasir infrastrukturundan
danışır, burada
təşkil edilən
beynəlxalq tədbirlərdən
bəhs edir, bir müddət əvvəl paytaxtımızda
Dünya Şahmat Olimpiadasının keçirildiyini
xatırladır, “Formula-1” yarışının,
ötən il ilk Avropa Oyunlarının yüksək səviyyədə
təşkil edildiyini
söyləyir. Qeyd edir ki, gələn
il ölkəmiz
4-cü İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcək.
2020-ci ildə təşkil
olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən
biri də Bakıdır.
Bakıdan sonra Qəbələyə
səfər edən telejurnalist rayonun turistlər üçün
çox cəlbedici olduğunu konkret məkanlardan söz edərək diqqətə
çatdırır, Qəbələdə
təşkil edilən
beynəlxalq humanitar və mədəni tədbirlər barədə
məlumat verir.
Sonra Şəkiyə
yollanan verilişin çəkiliş qrupu Şəkinin yalnız ipək, şirniyyatlar və dadlı təamlar ilə tanınmadığını, son illərdə bu rayonda maraqlı festivalların keçirildiyini
bildirir.
Şabran rayonundakı “Qalaaltı” müalicə-istirahət kompleksindən
danışarkən jurnalist
buraya Rusiyadan da çoxlu sayda turistin gəldiyini vurğulayır,
bu kompleksin ən müasir səviyyədə yaradıldığını
deyir.
Verilişdə “Şahdağ” Turizm Mərkəzinə də yer ayrılıb. İstər yayda,
istərsə də qışda buraya gələn turistlərin çox razı qaldıqları bildirilir.
Verilişdə vurğulanır ki, azərbaycanlılar öz
tarixlərini sevirlər
və ənənələrinə
sadiqdirlər. Min ildən
artıq yaşı olan çövkən oyununa ölkəmizdə olan maraq bunu
bir daha sübut edir. Jurnalist məşhur Qarabağ atları və bu atların Kraliça II Elizabetin yubileyi münasibətilə
keçirilən tədbirdə
iştirakını vurğulayır.
Veriliş bu
fikirlə yekunlaşır: “Möhtəşəm idman tədbirləri, festivallar,
qlobal forumlar, müasir kurortlarla
yanaşı, azərbaycanlıların qonaqpərvərliyi və
səmimiyyəti ölkəni turistlər, idman
azarkeşləri və biznesmenlər üçün
daha da cazibədar edir”.
Mədəniyyət.- 2016.- 26
oktyabr.- S.9.