“Azərbaycanda ən vacib ifadə: “Qonağım ol

 

Brüsseldə ölkəmizin turizm imkanlarına dair forum keçirilib

 

Brüsseldə Avropa Mətbuat Klubunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanlarına dair forum keçirilib.

 

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin direktoru və Belçikanın sabiq xarici ticarət naziri Mark Vervilghen deyib: “Hətta səyahətlərin həyat tərzimizin bir hissəsi olduğu Benilüks ölkələrində də biz möhtəşəm Azərbaycan haqqında xəbərsizik. Bu ölkə çox mühüm coğrafi məkanda, çoxsaylı yolların kəsişməsində - AvropaAsiya, Şərq və Qərb arasında yerləşir”.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib ki, Azərbaycan Avropaya daha da yaxınlaşır. “Növbəti ildə biz Avropa İttifaqı ilə əməkdaşlıq haqqında yeni sazişin imzalanması istiqamətində çalışırıq. Bu, yeni turizm imkanları yaradacaq. Burada iştirak edənlərin hamısını öz ölkəmə dəvət edirəm”, - deyə o vurğulayıb.

“KPMG Azərbaycan” şirkətinin Hüquq xidmətləri departamentinin direktoru və Azərbaycan-ABŞ Ticarət Palatasının (AMCHAM) Turizm komitəsinin rəhbəri Fərid İsayev ölkəmizdə viza rejiminin asanlaşdırılmasının əhəmiyyətindən danışıb və qeyd edib ki, bu sıraya Avropa ölkələri və ABŞ-ın da daxil edilməsi, yeni aviareyslərin açılması daha çox turist axınına şərait yaradacaq.

Nomade Aventure” şirkətinin sahə meneceri, bu yaxınlarda “TV5 Monde” kanalında nümayiş etdiriləcək Azərbaycan bölgələrinin füsunkar gözəlliyi haqqında tammetrajlı filmin prodüseri İssa Smatti bildirib ki, filmin ərsəyə gəlməsi üçün o, Bakıdan 200 km aralıda yerləşən Xınalığa səfər edib. “Bu kəndin əhalisi çox qonaqpərvərdir. Onların mətbəxi də çox gözəldir”, - deyə İ.Smatti bildirib.

Leuven Universitetinin professoru, “Travel” jurnalının təsisçisi və baş redaktoru Robrext Villaertinin fikrincə, Azərbaycanın Belçikada hərtərəfli təbliğat platformasına ehtiyac vardır. Belçika spesifik bir bazardır və istehsalçı şirkətlər çox vaxt məhsulu sınamaq üçün onu mini Avropa kimi qəbul edirlər. Belçikalılar yeni məkanlarda təcrübə əldə etməyi sevirlər.

Gilan Hospitality Group” şirkətinin baş icraçı direktoru Elgün Məmmədov deyib ki, on il bundan əvvəl Azərbaycana yalnız işgüzar səfər məqsədilə gəlirdilər. Bir neçə il öncə turistlər əsasən MDB ölkələrindən, Türkiyə və Avropadan idi. Lakin bu il Körfəz ölkələrindən Azərbaycana böyük axın var.

ABŞ-da yaşayan azərbaycanlı jurnalist, “Azerbaijan - Culture Smart! Ənənələr və mədəniyyətə dair vacib bələdçi” kitabının müəllifi Nikki Kazımova deyib: “Gənc səyahətçilər daha çox rayonlarda evlərdə qalırlar. Belə ki, Qərb tur operatorlarının yerli tərəfdaşları olmalıdır və onlar bu kontekstdə milli adət-ənənələrə diqqət yetirməlidirlər. Azərbaycanda qonaqpərvərlik müqəddəsdir və ənənəvi evlərdə qonaqlar üçün ayrılmış otaqlar olur. Azərbaycanda vacib ifadələrdən biri də “qonağım ol” ifadəsidir. Turizm də ölkəyə yeni təsirlər gətirir və bu çox gözəl haldır. Mənim ölkəm haqqında, xüsusilə qadının roludin haqqında, bir çox yanlış təsəvvürlər aradan qaldırılmalıdır”.

 

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.9.