Şəhriyarın 110 illiyinə həsr olunmuş ədəbi-musiqili məclis
Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində ustad şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib.
Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tədbiri açaraq belə ədəbi məclislərin təşkil edilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan və AYB Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz çıxış edərək Şəhriyar poeziyasının özəlliklərindən söz açıblar. Vurğulanıb ki, şairin əsərlərindəki millilik onu xalqa sevdirən başlıca cəhətdir.
Təbrizli aşıqlar Böyükbəy Ələkbəroğlu, Abbas Məhəmmədi, Həsən Babayi çıxışları, səsləndirdikləri saz havaları ilə Şəhriyar sözünün sehrini diqqətə çatdırıblar.
Ədəbiyyatşünas Əsəd Cahangir, şairlər Ofeliya Babayeva, Əşrəf Veysəlli, xalçaçı rəssam Fazil Abasquluzadə ayrılıq, həsrət nidalarının ideal poetik həllin tapmış Şəhriyar poeziyasının gözəlliyindən söz açıblar.
Xanəndələr Könül Əmiralıyeva, Günay
Mehdiyeva, Tural Salmanov və müşayiətçilər Elnur Əliyev, Məhərrəm Qəhrəmanov,
Zabil Cavadov şairin sözlərinə bəstələnmiş
musiqi nömrələri və muğam parçaları ifa
ediblər.
Mədəniyyət.- 2016.- 26
oktyabr.- S.13.