Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində

 

 

Oktyabrın 21-də Luvr muzeyinin Karusel salonunda təşkil olunan 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində 23 ölkədən 50 qalereya, 827 heykəltəraş və rəssamın 2700 əsəri nümayiş etdirilir. Sərgidə Azərbaycan rəssamları da iştirak edirlər.

Görkəmli fırça ustası, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış Əsmər Nərimanbəyova rənglər dünyasında böyüyüb və ailədəki yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Onun əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.

Əsmər Nərimanbəyovanın “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində təşkil edilən stendində onun əl işləri ilə bərabər Nərgiz Quliyeva, Elnarə Səfərova və Könül İsmayılovanın əsərləri də nümayiş olunur. Sərgilənən əsərlər mövzularının çalarlığına görə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Ə.Nərimanbəyova azərbaycanlı gənc rəssamların əsərlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, onların tanınması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri də nümayiş olunur. Onun əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib.

N.Nərimanbəyova “Adajio” diptixinə görə “2016-cı ilin FransadaAvropada ən yaxşı rəssamı” statusunu qazanıb.

Sərgidə “TURAN Art” qalereyası da iştirak edir. Qalereyanın yaradıcısı Turan Muxtarzadənin əsərləri müxtəlif ölkələrdə şəxsi kolleksiya qalereyalarda saxlanılır. O, bir çox fərdi beynəlxalq sərgilərin təşkilatçısı kuratorudur.

“Art Shopping” sərgisində qalereyanı Şəmirə Ağayeva, Turan Muxtarzadə, Pakizə Kılınc, Jalə Həsənova, Ellada İsmayıl, Fidan Zeynalova, Vicky Vaqner, Aida Ağayeva Ayişə Qurbanova 26 əsərlə təmsil edir.

Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov UNESCO-dakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov Azərbaycan rəssamlarının stendlərini ziyarət ediblər.

Sərgi oktyabrın 23-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.16.